Naxçıvan qədimlərdən bəri tarix və mədəniyyətin vəhdətinə şahidlik edib. Bunun əsas səbəbi odur ki, bu diyar ilkin yaşayış məskəni kimi ulu əcdadlarımızın daimi yaşadığı, fəaliyyət göstərdiyi, beləliklə, yaşayış məskəni kimi formalaşan bir ərazi olub. Yəni tarix məhz əcdadlarımızın əli ilə yazılıb bu torpaqda. Digər tərəfdən dünyanın hansı ərazisi olursa-olsun, əgər həmin yer bəşəriyyətin ilk insanları üçün yaşayış məskəni kimi qəbul olunubsa, demək ki, qədim mədəniyyətin də izlərini bu cür ərazilərdə axtarmaq lazımdır.
Əgər tarix olmayıbsa, mədəniyyətin formalaşmasından, mədəniyyət olmayıbsa, tarixin əhəmiyyətindən danışmaq mümkünsüzdür. Buna görə də tarix və mədəniyyət bir-biri ilə sıx əlaqəlidir. Qürurverici haldır ki, bu gün Naxçıvanın keçmişindən bəhs edərkən tarixçilər bu diyarı ilkin yaşayış məskəni olmaqla yanaşı, həm də 5000 illik şəhər mədəniyyətinin formalaşdırıldığı və inkişaf etdirildiyi ərazi olaraq dəyərləndirirlər. Bu dəyərləndirməyə əsas verən amillər isə tarixin bütün dövrlərində burada yaradılmış zəngin mədəniyyət və memarlıq abidələridir. Belə abidələrdən biri də bu gün Naxçıvanın özünəməxsus ənənələrinin və dəyərlərinin təbliğində əhəmiyyətli rol oynayan Naxçıvanqaladır. Aparılan tədqiqatlar göstərir ki, Naxçıvanqala təkcə qalatipli memarlıq abidəsi olmayıb, eyni zamanda bu tarixi ərazidə formalaşmış ilkin şəhər mədəniyyətinin bir elementidir.
Nахçıvаn şəhəri ərazisindəki Naxçıvanqala ХVII əsrin оrtаlаrınаdək müdаfiə istеhkаmı kimi mövcud оlub. Naxçıvan şəhərinin 1827-ci ilə aid planında Naxçıvanqalanın sxematik təsvirinə əsasən, qala iki hissədən – kiçik qala (Narınqala) və böyük qaladan ibarətdir. Narınqalanın cənub-qərbində 300 nəfərin qoruna biləcəyi yeraltı sığınacaq-mağara var. Onun havalandırılması və işıqlandırılması üçün yuxarıdan oyuq açılıb. Mağaradan qalanın şərqinə tərəf gedən gizli yol, çox güman ki, qaladan, təxminən, 2 kilometr aralı məsafədə axan Naxçıvançaya çıxır. Narınqalanın altından keçən kəhrizin iki quyusu qalanın içərisində yerləşir. Bu kəhrizlər qalanın həm dinc vaxtlarda, həm də mühasirə zamanı su ilə təmin olunması üçün şərait yaradıb. Arxeoloq-alim Vəli Baxşəliyevin yazdığına görə, şəhərin böyük qala hissəsində küp qəbirlərin tapılması burada Antik dövrdə də həyatın olduğunu göstərir. Qalanın müasir dövrədək saxlanmış divarları orta əsrlərə aiddir. Qala divarları daş qarışıq möhrədən inşa edilib, yarımdairəvi bürclərlə möhkəmləndirilib. 1983-1991-ci illərdə qalanın ərazisində aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, xüsusilə saxsı qab fraqmentləri, daş gürzlər aşkar olunub. Tarixçilər belə daş gürzlərdən Tunc dövründə eramızdan əvvəl III-II minilliklərdə duz mədənlərində istifadə olunduğunu bildirirlər. Qalanı sonralar Naxçıvanda olmuş fransız səyyahlar Şarden və Frehanq da əsərlərində xatırladırlar. Qeyd edək ki, tarixi abidələrə göstərilən dövlət qayğısından Naxçıvanqalaya da xeyli pay düşüb. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanıb, tarixi ərazidə yenidənqurma işləri aparılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə 2013-cü ildə burada “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması barədə qərar qəbul edilib. Kompleksin ətrafında və daxilində geniş abadlıq-quruculuq işləri aparılıb, işıqlandırma sistemi quraşdırılıb və yaşıllıq zolaqları salınıb. Kompleksdə yaradılmış muzey isə tarixi eksponatları ilə diqqətçəkicidir. Belə ki, burada eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyimlər, XIX əsrə aid milli geyimlər nümayiş olunur. 2014-cü il aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi bu gün muxtar respublikanın mədəni həyatında əhəmiyyətli rola malikdir.
Qeyd edək ki, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi Şərqin qədim mədəniyyət və ticarət mərkəzlərindən biri olan Naxçıvan şəhərində yaradılmış iki muzey kompleksindən biridir. Kompleksin şəhər əhalisinin və qonaqların istifadəsinə verilməsindən sonra hər il bu tarixi-memarlıq abidəsi ilə tanış olmağa xeyli insan gəlir. Muxtar respublikamıza gələn hər kəs Naxçıvanqalanın möhtəşəmliyinə heyran qalır, keçmişin xatirələrini özündə yaşadan bu abidəni qədim diyarın zəngin mədəni irsə bağlılığı ilə əlaqələndirir. Əgər “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə xatın və Açıq Səma Altında Muzey Kompleksinə üz tutanlar burada orta əsr Şərq memarlığının incisi sayılan Möminə xatın türbəsi, Naxçıvan xanlarına məxsus Xan sarayı ilə tanış olurlarsa, Naxçıvanqalaya gələnlər Naxçıvanın daha qədim dövrlərini əks etdirən mədəniyyəti ilə təmasda olur, dünyanın ən unikal ünvanlarından biri – bəşəriyyətin “ikinci atası” sayılan Nuh Peyğəmbərin qəbirüstü abidəsini görmək imkanı əldə edirlər. Son dövrlərdə isə bu muzey kompleksinə turistləri daha çox cəlb etmək üçün əhəmiyyətli addımlar atılıb, burada ictimai iaşə bölmələri yaradılıb, əl işləri mağazaları fəaliyyətə başlayıb. Ən əhəmiyyətlisi isə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi indi muxtar respublikada keçirilən müxtəlif festivalların, mədəni tədbirlərin dəyişməz ünvanına çevrilib. Məsələn, cari il mayın 5-də burada ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Yaradıcı əllər” festivalı keçirilib. Festivalda muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbə və müəllimləri, ümumtəhsil məktəblərinin şagirdləri, sahibkarlar, müxtəlif idarə və təşkilatların, ictimaiyyətin nümayəndələri iştirak ediblər, həmçinin tədbirdə istedadlı şəxslər, sənətkarlar, muxtar respublikada fəaliyyət göstərən iaşə obyektləri tərəfindən hazırlanıb nümayiş etdirilən əl işlərinin – dekorativ-tətbiqi sənət, tikmə, toxuma nümunələrinin, rəsm əsərlərinin, xalçaların, milli yeməklərin, şirniyyatların, şərbətlərin sərgi-satışı təşkil edilib, müxtəlif nominasiyalar üzrə müsabiqə keçirilib.
Mayın 27-də isə bu ilin ən mühüm mədəni tədbirlərindən biri hesab edilən Göycə festivalı Naxçıvanqalanı yenidən diqqət mərkəzinə gətirib. Muxtar respublikada ilk dəfə təşkil olunan bu tədbirdə göycə yetişdirənlər arasında müsabiqə təşkil edilib, qaliblərə hədiyyələr təqdim olunub.
Avqustun 1-də “Yay tətili uşaqların gözü ilə” devizi altında keçirilən festival isə məktəblilərlə yanaşı, valideynlərin də yaddaşında silinməz izlər buraxıb. Əsasən, məktəbdənkənar tərbiyə müəssisələri üzvlərinin iştirak etdiyi festivalda şagirdlərin əl işləri nümayiş etdirilib, qalib məktəblilər müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.
Avqustun 30-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Çörək festivalı keçirilib. Naxçıvanın qədim əkinçilik mədəniyyətinin əsasında formalaşan, zəngin mətbəximizin əsas nemətlərindən biri hesab olunan milli çörək növlərimizin təbliği keçirilən tədbirin əhəmiyyətini daha da artırıb. Naxçıvanın, ümumilikdə isə Azərbaycanın milli çörək növlərinin son illərdə mənfur ermənilər tərəfindən özününküləşdirilərək təbliğ olunması belə festivalların daha geniş məkanlarda keçirilməsi zərurətini ortaya qoyur.
Bu cür festival və tədbirlərin keçirilməsi Naxçıvanın özünəməxsus adət-ənənələrinin, dəyərlərinin yaşadılması və təbliği üçün yeni imkanlar açır. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin getdikcə daha çox müxtəlif mədəni tədbirlərin keçirildiyi mərkəz kimi tanınması həm də mütəmadi olaraq bu ünvana yolu düşənlərin sayının artmasına imkan verir. Beləliklə, bir zamanlar Naxçıvanı yadelli hücumlarından qoruyan Naxçıvanqala bu gün Naxçıvanın müasir mədəniyyətinin qoruyucusuna çevrilib.
Səbuhi Həsənov