Oktyabrın 24-də görkəmli bəstəkar, Xalq artisti, Prezident təqaüdçüsü, Bakı Musiqi Akademiyasının professoru, “Şöhrət” ordenli, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Tofiq Bakıxanov Naxçıvana səfərə gəlib. Bəstəkar həmin gün Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.
Oktyabrın 25-də Tofiq Bakıxanovun Naxçıvan Dövlət Universitetində musiqi ixtisasında təhsil alan tələbələrlə görüşü keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonağı salamlayaraq Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsinin zəngin yaradıcılığından, sənətinə göstərilən yüksək dövlət qayğısından danışıb.
Sonra İncəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında bəstəkarın əsərləri səsləndirilib. İfalardan və səmimi qəbuldan razılığını bildirən bəstəkar gənc musiqiçilərə yaradıcılıq uğurları arzulayıb.
Həmin gün Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatında keçirilən görüşdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilov çıxış edərək Tofiq Bakıxanovun həyat və yaradıcılığına nəzər salıb, onun Azərbaycan bəstəkarlıq məktəbində böyük xidmətləri olduğunu qeyd edib. Bildirilib ki, 1930-cu ildə Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açmış Tofiq Bakıxanov mükəmməl musiqi təhsili alıb, Azərbaycan və dünya klassik musiqi ənənələrini mənimsəyib. Hələ gənclik illərində skripka ifaçısı kimi də tanınan böyük sənətkar bir çox səhnə əsərlərinə musiqi yazıb, baletlər, simfonik əsərlər, simfonik muğamlar, çoxlu sayda kamera-instrumental və kamera-vokal əsərləri, mahnılar, romanslar bəstələyib.
Yaşar Xəlilov qeyd edib ki, Tofiq Bakıxanovun ictimai musiqi xadimi kimi fəaliyyəti də çox önəmlidir. O, 1958-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının, həmçinin bu təşkilatın İdarə Heyətinin üzvüdür. Musiqi sahəsindəki əməyinə görə Tofiq Bakıxanov dövlətimizin yüksək mükafatlarına layiq görülüb.
Görüşdə Tofiq Bakıxanov çıxış edərək Naxçıvanda musiqinin inkişafına göstərilən böyük qayğıdan danışıb. Vurğulayıb ki, son illərdə o, yaradıcılığının bir hissəsini bu yurda həsr edib.
“Gələcəkdə yaradıcılığımı yenə də bu istiqamətdə davam etdirəcək, muxtar respublikanın dilbər guşələrindən biri olan Batabata həsr olunmuş mahnı bəstələyəcəyəm”, – deyən Tofiq Bakıxanov bildirib ki, Naxçıvanın inkişafı onu buna sövq edir. Bu gün Naxçıvan hər bir yaradıcı sənət adamı üçün əsl ilham mənbəyidir.
Tofiq Bakıxanov naxçıvanlı bəstəkarlara və gənc musiqiçilərə yaradıcılıq tövsiyələrini verib.
Hafizə Əliyeva