Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin anadan olmasının 134 ili tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Hüseyn Cavidin 125 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, hər il oktyabrın 24-ü Naxçıvan Muxtar Respublikasında “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd edilir.
Azərbaycan ədəbiyyatının böyük romantiki Hüseyn Cavid xalqımızın mütəfəkkir sənətkarlarından olmaqla mürəkkəb və çətin yaradıcılıq yolu keçmiş görkəmli simalardan biridir. Böyük sənətkarın həqiqət, ədalət, səadət, məhəbbət, mərhəmət axtaran romantik qəhrəmanları iztirablı və əzablı bir yolun yolçuları kimi daim axtarışdadır. Hüseyn Cavid də sənətkar kimi bəşəriyyətin mənəvi fikir və qəlb dünyası ilə bağlı olan məsələlərlə əlaqədar yaradıcılığının başlanğıcından sonuna qədər daim axtarışda olmuşdur. Sənətkarı real aləmlə ideal aləm arasında olan uçurumlar, bu uçurumları aradan qaldırmaq, xəyal içində səadət arayan bəşəriyyəti nicat yoluna çıxarmaq kimi ümumbəşəri məsələlər ömrü boyu düşündürmüşdür. Bu mənada, Hüseyn Cavid fikir və düşüncələr aləminin həyatiliyi, heyrətamizliyi, zərifliyi, əlvanlığı, qəlblərə hakim kəsilməsi ilə ədəbiyyat tariximizə əbədi daxil olmuşdur. Onun əsərlərində canlanan həyat səhnələri və həqiqətləri, obraz və xarakterlərinin rəngarəngliyi, dolğunluğu və kamilliyi insanı vəcdə gətirir. Məhz buna görə də zaman keçdikcə, illər ötdükcə bu sənət təsir qüvvəsini itirmir, təzə-tər sənət dünyası ilə insanı düşündürür, həyata bağlayır.
Hüseyn Cavid sənəti, görüşləri və yaradıcılıq taleyi baxımından ədəbiyyat tariximizdə özündən əvvəlkilərə və sonrakılara bənzəməyən bir sənətkardır. Sənətkar kimi çox əzəmətli və məğrur, mütəfəkkir şair-dramaturq kimi çox zərif və incəqəlbli, fitri istedad sahibi olan Hüseyn Cavidin yaratdığı obrazlar bənzərsiz və təkrarolunmaz insan xarakterlərinin canlı qalereyasıdır. Şair-dramaturqun “Qız məktəbində”, “Şərq qadını”, “Novruz bayramı”, “Vərəmli qız”, “Dəniz pərisi”, “Get”, “Qonşu çiçəyi”, “Mən istərim ki”, “Görmədim”, “Hərb allahı qarşısında”, “Bir xatirə”, “Qürubə qarşı” kimi şeirləri, “Azər” poeması və “Uçurum”, “Ana”, “Maral”, “Şeyx Sənan”, “Afət”, “Topal Teymur”, “İblis”, “Knyaz”, “Xəyyam”, “Səyavuş”, “Şeyda”, “Peyğəmbər” və başqa monumental əsərləri Azərbaycan romantik ədəbiyyatının qızıl fonduna daxil olmuşdur. Bu əsərlərdə insanın həyatda apardığı mübarizə, dünya haqqında mükəmməl, insanlıq haqqında kamil təsəvvür yaradılmışdır. Hüseyn Cavid sənəti fikir və duyğular, obraz və xarakterlər, zaman və məkan məhdudiyyəti ilə sərhədlənmir, onun yaradıcılığı sonsuzluq və müxtəliflik mücəssəməsidir. Hüseyn Cavid insanları heç zaman milli və dini mənsubiyyətinə görə ayırmır, əksinə, onları yaxınlaşdıracaq ən incə telləri axtarır, onları birləşdirəcək yolları arayır, bütün bəşəriyyəti səadətə aparacaq yollar haqqında düşünür. Böyük sənətkarın əsərləri həm də multikultural dəyərlərin daşıyıcısı kimi bu gün bizə bütün bəşəriyyəti düşündürən suallara cavab aramaqda kömək edir, yol göstərir.
Müdriklərin fikrinə görə, yaratmaq ölümü öldürmək deməkdir. Cavid ölümə qalib gəlmiş bütün zamanların filosof sənətkarıdır. Onun sənəti ədəbiyyat tariximizdə yeni bir mərhələdir. Ədibin tərcümeyi-halı adi həyat yolu deyildir: böyük sənətkarın həyatının Naxçıvan və Təbriz dövrləri, İstanbulda keçirdiyi təhsil illəri, ədəbiyyata gəlməsi, dramaturq kimi tanınması, ideya və sənət axtarışları, sovet dövrünün məşəqqətli illəri, əsərlərinin tənqid və mübahisə obyektinə çevrilməsi, pyeslərinin teatr səhnələrindən yığışdırılması, 1937-ci ilin dəhşətli repressiyası, xəstəlikdən əzab çəkməsi, 711 gün gecə-gündüz sorğu-suala tutulması, bir sıra əsərlərinin itib-batması, sürgün illəri, 1937-1956-cı illərdə onu xalqa unutdurmaq cəhdləri, şəxsiyyətinə və yaradıcılığına şübhə və ehtiyatla yanaşılması, ümummilli liderimiz Heydər Əliyev tərəfindən ədibə əsl bəraətin verilməsi, onun əsərlərinin yenidən çap olunması və Cavid irsinə göstərilən yüksək dövlət qayğısı... Qüdrətli sənətkarın həyat yolunu qısaca belə ifadə etmək olar. Böyük mütəfəkkirin keçdiyi həyat yoluna nəzər salarkən bir daha əmin olursan ki, sənətkarın qəlbi həmişə xalqının qəlbi ilə çırpınmış, xalqın dərdini və iztirablarını çəkmişdir. Cavid həmişə, sözün həqiqi mənasında, müstəqil və azad düşünmüşdür. Sərbəst düşüncə, sərbəst yaratmaq, zamanın problemlərini sərbəst və azad araşdırmaq sənətkarın əsas yaradıcılıq prinsiplərindən biridir.
Hüseyn Cavid şəxsiyyətinə və yaradıcılığına verilən yüksək qiymət haqqında düşünərkən böyük sənətkarın mərhum qızı Turan xanımın dediyi bu fikir yada düşür: “Atama əsl bəraəti 1981-ci il iyul ayında “Hüseyn Cavidin 100 illiyi haqqında” qərardan sonra hesab edirəm. Bu, ədalətin zəfər çalması idi. Bunun üçün mən, birinci növbədə, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə minnətdaram”. Ümummilli liderimizin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən bu qərar böyük şair və dramaturqa dövlət səviyyəsində verilən yüksək qiymətin parlaq nümunəsi olmaqla sənətkara münasibətin köklü şəkildə dəyişməsinin istinad nöqtəsi kimi mədəniyyət və ədəbiyyat tariximizdə böyük hadisə idi.
Məhz bu qərardan sonra ümummilli liderimiz Heydər Əliyev çox böyük cəsarət tələb edən bir addım atdı. 1982-ci ildə Cavidin cənazəsi Uzaq Sibirdən Naxçıvana gətirilərək böyük xalq sevgisi ilə dəfn edildi və məzarının üzərində əzəmətli məqbərənin tikilməsi qərara alındı. Bu fakt keçmiş Sovetlər Birliyi məkanında repressiya olunmuş şəxsə dövlət səviyyəsində göstərilmiş münasibətin yeganə cəsarətli nümunəsidir.
Ötən əsrin 70-ci illərindən başlayaraq Cavidin əsərləri nəşr olunmağa başlanmış, rus dilində 2 cildliyi işıq üzü görmüşdü. Azərbaycanın şəhər və rayonlarında yubiley tədbirləri təşkil olunmuş, əsərləri respublikamızın teatrlarında səhnəyə qoyulmuş, adına küçələr, məktəblər, kitabxanalar verilmişdir. 1992-ci il oktyabrın 23-də Naxçıvanda Hüseyn Cavidin 110 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. O vaxt Naxçıvanda Ali Məclisin Sədri işləyən ümummilli liderimiz yubiley tədbirində Hüseyn Cavid haqqında dərin məzmunlu çıxış etmiş, böyük sənətkarın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir sıra məsələlərə toxunmuşdur.
Görkəmli dövlət xadimi Heydər Əliyevi Cavid şəxsiyyətinə, irsinə, ailəsinə diqqət və qayğı həmişə düşündürürdü. 1995-ci il iyunun 10-da ulu öndərimiz Heydər Əliyevin yanında keçirilmiş müşavirədə görkəmli şair-dramaturq Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılması ilə bağlı məsələlər geniş müzakirə olunmuş, ulu öndərin ən böyük arzularından biri 1996-cı il oktyabrın 29-da həyata keçmişdir. Həmin gün Naxçıvanda böyük sənətkarın məqbərəsinin təntənəli açılış mərasimi olmuşdur. Bu təntənəli mərasimdə geniş nitq söyləyən ümummilli liderimiz sənətkara yüksək qiymət verərək deyirdi: “Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün, gələcək nəsillər üçün dərslik kitabıdır”.
Azərbaycanda Hüseyn Cavidin yubileylərinin keçirilməsi, əsl poeziya bayramlarına çevrilməsi sənət və sənətkara ulu öndərin verdiyi qiymətin nəticəsidir. Bu yubileylərin keçirilməsi artıq ənənəyə çevrilmişdir. “Cavid ömrü boyu” salnaməsinin hazırlanması, əsərlərinin kütləvi tirajla nəşr olunması, bədii və sənədli filmlərin çəkilməsi, televiziya tamaşalarının hazırlanması, pyeslərinin ölkəmizin müxtəlif teatrlarında səhnəyə qoyulması da Hüseyn Cavid irsinə qayğının bir hissəsidir. Son illər Hüseyn Cavid haqqında çoxsaylı tədqiqat əsərlərinin, monoqrafiyaların yazılması böyük sənətkarın yaradıcılığına marağın göstəricisidir. Müstəqillik illərində Hüseyn Cavid yaradıcılığına maraq daha da artmışdır. Son illər böyük sənətkarın əsərləri 12-dən çox dilə tərcümə olunaraq çap edilmişdir.
Zaman keçdikcə Hüseyn Cavid irsinə maraq daha da artır. Ulu öndərimizin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci ildə imzaladığı “Hüseyn Cavidin 125 illik yubileyi haqqında” Sərəncam, eləcə də “Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 16 fevral tarixli Sərəncamı Hüseyn Cavid yaradıcılığına göstərilən növbəti dövlət qayğısıdır. Sərəncamda deyilir: “Hüseyn Cavid dərin fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Sənətkarın dünya romantizmi ənənələri zəminində bəşəriyyətin mənəvi həyatı ilə bağlı axtarışlarının ifadəsi olan lirik əsərləri, mənzum faciə və tarixi dramları qiymətli söz inciləri kimi xalqımızın zəngin fikir xəzinəsində layiqli yer tutur”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 20 fevral tarixli Sərəncamı ilə “Hüseyn Cavidin 130 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planına əsasən, Hüseyn Cavidin 130 illik yubileyi ilə əlaqədar simpozium keçirilmiş, Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Şeyx Sənan” əsəri səhnəyə qoyulmuş, “Naxçıvan” jurnalının bir nömrəsi ədibin yubileyinə həsr olunmuş, silsilə tədbirlər keçirilmişdir. AMEA Naxçıvan Bölməsində, ali təhsil ocaqlarında, mədəniyyət müəssisələrində elmi konfranslar təşkil olunmuş, kütləvi informasiya vasitələrində böyük ədibin həyat və yaradıcılığı işıqlandırılmışdır.
Hüseyn Cavid yaradıcılığı boyu nə yazmışdırsa, öz vicdanının səsi ilə yazmışdır. “Əsiri olduğum bir şey varsa, o da həqiqət və yenə həqiqətdir”, – deyən dahi sənətkar bütün yaradıcılığı boyu öz doğma xalqını azad və xoşbəxt görmək, ana Vətənə xidmət etmək kimi ali məqsəd, ülvi hisslər tərənnüm etmişdir. Söz sənəti insanı, bəşəriyyəti yüksəlişə, ucalığa səsləyən həqiqətlərin aynasıdır. Hüseyn Cavid bu şərəfli vəzifəni ilk şeirindən son sözünə, son nəfəsinə qədər seçmiş bir sənətkardır. Böyük sənətkar gözəllik, ədalət və əxlaq haqqında həqiqətləri birləşdirərək özünün sənət dünyasını yaratmışdır. Hüseyn Cavid sənəti hər bir insanın dünyasını daxilən mükəmməlləşdirən və zənginləşdirən söz gülüstanıdır. İnsan qəlbini saflaşdıran, insan fikrini ucaldan, könül dünyasını yüksəldən sənət isə həmişə əbədiyaşardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Hüseyn Cavid nə yazmışsa, Azərbaycan üçün, Azərbaycan oxucusu üçün, Azərbaycan xalqı üçün yazmışdır. Millilik, vətənçilik, Azərbaycançılıq onun yaradıcılığının ruhunda və qanındadır. Cavidin şeir dili təmiz Azərbaycan-türk dilidir. Hüseyn Cavid əsərlərinin mövzusunun və qəhrəmanının hansı dövrü və ya hansı mühiti təmsil etməsindən asılı olmayaraq, bu əsərlərdə irəli sürülən ideyalar, birinci növbədə, azərbaycanlı oxucunun özünü dərk etməsinə, vətən tarixini, onun milli dəyərlərini öyrənməsinə, mədəni irsə sahib çıxmasına yönəlmişdir”.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti