23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızın zəngin tarixi və bu tarixin şahidləri olan çoxsaylı tarixi, dini, mədəni abidələrin mövcudluğu Naxçıvanda mədəni tanışlıq tu­rizminin inkişafına təkan verən amillərdəndir. Muxtar respublikadakı ayrı-ayrı tarixi abidələr barədə məlumat verən kiçikhəcmli kitabçaların və broşürlərin nəşrinin xüsusi əhəmiyyəti vardır. Belə məlumat kitabçaları və broşürlər insanların bu abidələrlə bağlı qısa, lakin əsaslı məlumat almasına, eyni zamanda tariximizin kütləvi təbliğinə xidmət edə bilər. Danılmaz bir faktdır ki, informasiyanın bu qədər bolluğu şəraitində insanlar hər hansı ərazi və abidələrlə bağlı irihəcmli tədqiqat əsərlərinə nisbətən kiçikhəcmli kitablara və kitabçalara daha çox üstünlük verirlər.

Bu mənada, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərlinin bu günlərdə çapdan çıxmış “Əshabi-Kəhf Ziyarətgahı” Dini Mədəni Abidə Kompleksi” adlı kitabı xüsusi əhəmiyyətə malikdir. AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çapdan çıxan 72 səhifəlik kitabda Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən, Azərbaycanın müxtəlif bölgələrinin, hətta qonşu Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasının əhalisi, buraya müxtəlif ölkələrdən gələn qonaqlar tərəfindən ziyarət edilən, adı “Qurani-Kərim”də xatırlanan Əshabi-Kəhf ziyarətgahından bəhs edilir. Kitabda orta əsr qaynaqlarına, tarixi və etnoqrafik faktlara, tədqiqatçıların fikirlərinə əsaslanaraq “Qurani-Kərim”in “əl-Kəhf” surəsində haqqında bəhs olunan Əshabi-Kəhfin Naxçıvan şəhərinin şərq tərəfində yerləşən müqəddəs yer – Əshabi-Kəhf olması fikri vurğulanır.

Kitabın ön sözündə müəllif muxtar respublika rəhbərinin yüksək diqqət və qayğısı ilə bölgədə tarixi abidələrin pasportlaşdırılması, qorunması, bərpası istiqamətində görülən işlərdən söz açır. Əshabi-Kəhf haqqında ümumi məlumat hissəsində dünyanın müxtəlif yerlərində (Balkan yarımadasında, İordaniyada, Skandinaviyada, İspaniyada, Əlcəzairdə, Misirdə, Suriyada, Əfqanıstanda, Türkiyədə, Doğu Türküstanda) Əshabi-Kəhf adlı müqəddəs yerlərin mövcud olduğuna toxunulmuş, İslam qaynaqlarında Əshabi-Kəhflə bağlı məlumatlara yer verilmişdir. Müəllifin bu addımı həm də elmi obyektivlik prinsiplərinə əsaslanmaqla daha inandırıcı xarakter daşıyır. Daha sonra kitabda oxuculara Naxçıvanda Əshabi-Kəhf haqqında yayılmış rəvayət təqdim edilir. Əshabi-Kəhfin, yəni mağara sahiblərinin kimliyi ilə bağlı hissə də həm elmi tədqiqatçılar, həm ilahiyyatçılar, həm də turistlər üçün xeyli maraqlı məlumatlarla zəngindir.
Əshabi-Kəhfin ziyarətçiləri üçün maraqlı olacaq digər bir hissə “Əshabi-Kəhfdə ziyarət edilən məqamlar”dır. Qeyd edilir ki, burada ən mühüm ziyarət obyekti ziyarətgahın məscidinə gedən yoldan, təxminən, 2 metr yüksəklikdə yerləşən, irihəcmli bütöv sal daşın şərqə baxan üzündə yaranmış oyuq-mağara – “Yeddi kimsənə”dir. Əshabi-Kəhfdə ziyarət edilən digər müqəddəs yerlər sırasında Həzrəti Əli və onun atı Düldülün adı ilə bağlı olan məqam, ziyarətgahdakı məscid, məscidin yaxınlığındakı qara daş, məscidin şimal tərəfində, təxminən, 10 metr yüksəklikdə yerləşən “Damcıxana”, məsciddən şərq tərəfdə, təxminən, 15 metr yüksəklikdə yerləşən “Cənnət bağı”dır.
Kitab müəllifinin muxtar respublikanın, demək olar ki, bütün ərazisində və ətraf bölgələrdə yerləşən epiqrafik abidələrin öyrənilməsi istiqamətində fəaliyyəti nəticəsində indiyə qədər çoxsaylı faktoloji materialların üzə çıxarıldığı məlumdur. “Əshabi-Kəhfin epiqrafik abidələri” adlanan bölmədə ziyarətgah ərazisindəki məsciddə müsəlman epiqrafikasına aid üç kitabə üzərindəki mətnlər təqdim və təhlil edilmişdir.
Kitabda “Əshabi-Kəhf – Naxçıvan bağlılığına dair faktlar” adlanan bölmədə təqdim olunan dini və tarixi sübutlar “Qurani-Kərim”də haqqında bəhs olunan “Əshabi-Kəhf” mağarasının məhz Naxçıvandakı Əshabi-Kəhf olduğuna heç bir şübhə yeri qoymur. Müəllif Əbdürrəşid əl-Bakuvi, Əbubəkr ibn Xosrov əl-Ustad, Həmdullah Qəzvini, Əllamə Təbatəbai, Konstantin Smirnov və digər müəlliflərin fikirlərini təhlil etməklə, Əshabi-Kəhflə bağlı aparılan son tədqiqatlar zamanı üzə çıxan faktları qarşılaşdırmaqla bu nəticəyə gəlir. Fəxrəddin Səfərli Naxçıvan ərazisində bu gün də qalmaqda olan və “Əshabi-Kəhf” hadisəsi ilə səsləşən Dağ Yunus torpağı, Dağ Yunus çarxı, Dağ Yunus dağı, Nəhəcir-Nahacilus bağlılığı haqqında maraqlı məlumatlar vermişdir.
Təbii ki, Əshabi-Kəhfin indi ziyarətçilər və muxtar respublikamıza gələn qonaqlar üçün ən çox maraq doğuran məkanlardan biri olmasında burada aparılmış abadlıq-bərpa işləri xüsusi əhəmiyyət daşımışdır. Müəllif müstəqillik dövründə Əshabi-Kəhfdə bərpa işlərinin aparılmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etmiş, məhz ulu öndərimizin tapşırığı və himayəsi ilə 1998-ci ildə burada bərpa və abadlıq işlərinin görüldüyünü vurğulamışdır. Ümummilli liderimiz Heydər Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı ilə 2006-cı ildə “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində genişmiqyaslı bərpa-abadlıq işləri aparılmışdır.
Kitabın nəticə hissəsində müəllifin gəldiyi nəticəni indiyə qədər bu abidə ilə bağlı aparılmış tədqiqatlara möhür hesab etmək olar. Gəlinən nəticə belədir: “Əshabi-Kəhf ” hadisəsi Azərbaycan əhalisinin İslamaqədərki dövrdə təktanrıçılıq dinində olduğunu təsdiq edən ən sanballı qaynaqdır.
Kitabda abidəyə aid fotoşəkillərin təqdim olunması onu geniş oxucu kütləsi üçün daha da maraqlı edir. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr edilən kitabın elmi redaktoru akademik İsmayıl Hacıyev, elmi məsləhətçisi AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadədir.

 Elnur Kəlbizadə

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR