Xəbər verdiyimiz kimi, oktyabr ayının 24-də görkəmli bəstəkar, Xalq artisti, Prezident təqaüdçüsü, Bakı Musiqi Akademiyasının professoru, “Şöhrət” ordenli, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Tofiq Bakıxanov Naxçıvana səfərə gəlib.
Oktyabrın 26-da bəstəkar Naxçıvan Musiqi Kollecinin müəllim və tələbə kollektivi ilə görüş keçirib.
Bəstəkar burada tədris olunan ixtisaslarla maraqlanıb, tələbələrin ifalarına qulaq asıb, onların ifaçılıq imkanları ilə tanış olub. İlk olaraq xanəndəlik sinfinə baş çəkən qonaq üçün burada bir neçə xalq mahnısı səsləndirilib. Tar sinfində isə Tofiq Bakıxanovun öz əsərləri olan “Görüş yerimiz” və “Xəzər balladası” baletindən “Neft fəvvarəsinin rəqsi” nömrələri ifa olunub. Kamança sinfində Qəmbər Hüseynlinin “Ay işığında” əsərinin ifasını dinləyən bəstəkar tələbələrə daha irihəcmli əsərlər, məsələn, konsertlər öyrətməyi müəllimlərə tövsiyə edib, özünün “Kamança və simfonik orkestr üçün konsert”ini kollecə hədiyyə edəcəyini bildirib.
Daha sonra kollecin 40-a yaxın tələbəsindən ibarət təşkil edilmiş Xalq Çalğı Alətləri Orkestrinin bir neçə ifasına qulaq asan bəstəkar orkestrdə bəzi alətlərin çatışmazlığını, lakin buna baxmayaraq, ifanın qənaətbəxş olduğunu bildirib, gələcəkdə ifa etmək istədikləri, lakin tapa bilmədikləri əsərlərin not nümunələrini onlara göndərəcəyinə söz verib.
Görkəmli bəstəkar Tofiq Bakıxanovun Naxçıvan Musiqi Kollecinin müəllim və tələbə heyəti ilə görüşünü kollecin direktoru Həsən Seyidov açıb.
Kollecin müəllimi Samirə Hüseynova çıxışında bildirib ki, yaradıcılığı maraqlı nüanslarla zəngin olan və əsərləri əbədiyaşarlıq qazanan bir çox sənətkarlar var. Tofiq Bakıxanov da onlardan biridir. O, Azərbaycan musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətləri olan Üzeyir Hacıbəyov tərəfindən əsası qoyulmuş milli bəstəkarlıq məktəbinin nümayəndəsidir. Görkəmli sənətkarın əsərləri milli musiqi mədəniyyəti xəzinəmizə dəyərli töhfə olmaqla yanaşı, gələcəkdə də Azərbaycanda musiqi mədəniyyətinin inkişafında mühüm rol oynayacaq təqdirəlayiq sənət nümunələridir. Vurğulanıb ki, istedadlı bəstəkar Tofiq Bakıxanovun əsərləri, ilk növbədə, özünəməxsus musiqi dili ilə diqqəti cəlb edir. Müxtəlif insan xarakterləri, onların dünyaya fərqli baxışları, fərdi düşüncə tərzləri Tofiq Bakıxanov tərəfindən o qədər emosional canlandırılır ki, dinləyici bu əsərlərə valeh olmaya bilmir.
Tədbirin sonunda çıxış edən Tofiq Bakıxanov kollecin müəllim və tələbə heyətinə tövsiyələrini verib və Naxçıvanın ilk professional bəstəkarı olan Məmməd Nəsirbəylinin yaradıcılığı haqqında bəzi məlumatları onlara çatdırıb.
Günün ikinci yarısında Tofiq Bakıxanov Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində olub. Məktəbin müəllim və şagirdləri konsert proqramı ilə çıxış edib. Konsertin rəsmi hissəsində aparıcı tərəfindən bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verilib. Məktəbin müəllim və şagirdlərinin ifasında yerli və xarici bəstəkarların əsərləri ilə yanaşı, Tofiq Bakıxanovun müəllifi olduğu “Elegiya”, “Görüş yerimiz” əsərləri də ifa olunub. Konsert məktəbin xor kollektivinin ifası ilə başa çatıb.
Görüşün sonunda bəstəkar bu məktəblə, eləcə də Naxçıvanla bağlı təəssüratlarını kollektivlə bölüşüb:
– Mən çox sevincliyəm ki, 10 ildən sonra növbəti dəfə burada, Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbindəyəm. Bəli, mən burada düz 10 il əvvəl olmuşam. O zamanla indini müqayisə etdikdə, bu 10 il ərzində məktəbin xeyli inkişaf etdiyini gördüm. Çox sevindirici haldır ki, Naxçıvanda belə musiqi tədris ocaqları, ixtisaslı pedaqoji kadrlar və ən əsası da musiqiyə həvəsli gənclər var.
Sonda kollektivlə xatirə şəkli çəkdirilib.
Fatma Babayeva