23 Dekabr 2024, Bazar ertəsi

Qədim oğuz yurdu Naxçıvanın bugünkü sosial-iqtisadi, elmi-mədəni inkişafı burada keçirilən beynəlxalq elmi simpozium və konfranslarla, eləcə də beynəlxalq və yerli əhəmiyyətli mədəni tədbirlərlə müşayiət olunmaqdadır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamından sonra xalq yaradıcılığının müxtəlif sahələrini əhatə edən, adət-ənənələrimizin təbliğinə yönəlmiş tədbirlərin əhatəsi daha da genişlənib. Təkcə bu ilin may-avqust aylarında Naxçıvanda 4 festival keçirilib. “Yaradıcı əllər”, “Göycə”, “İstedadlı uşaqlar” və “Naxçıvan çörəkləri” adlı festivallar ictimaiyyət tərəfindən maraqla qarşılanmaqla muxtar respublikaya olan diqqət və marağı artırıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyindən aldığımız məlumata görə, bu tədbirlərin davamı olaraq sentyabrın 30-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Plov” və “Yallı” festivalları keçiriləcəkdir. Festivallarda milli mətbəximizin incisi plov nümayiş etdiriləcək, qədim yallılarımız ifa olunacaqdır. “Ən dadlı plov” müsabiqəsinin qalibləri və “Ən yaxşı yallı” kollektivləri mükafatlandırılacaqlar.

“Plov” və “Yallı” festivalları muxtar respublikanın mədəni həyatında əlamətdar hadisə olmaqla, regionun bölgələrinə xas müxtəlif çeşidli plov növlərinin və onların hazırlanması qaydalarının nümayişi, xalqımızın ən qədim folklor nümunələrindən olan, birlik və mübarizlik rəmzi sayılan yallılarımızın təbliği baxımından olduqca əhəmiyyətli tədbirdir.
Plov Şərq xalqlarının süfrə mədəniyyətinə aid olan yeməkdir. Mənbələrin məlumatlarına görə, ölkəmizdə plovun 200-dən çox növü var. Festivalda nümayiş olunacaq müxtəlif plov növləri peşəkar və həvəskar aşpazlar tərəfindən hazırlanacaqdır.
Milli mətbəximizin incisi plov sayıldığı kimi, xalqımızın zəngin folklorunu yaşadan da yallılarımız hesab olunur. Yaşı min illərlə ölçülən yallı haqqında təsvirlərə və məlumatlara Qobustan və Gəmiqaya qayaüstü rəsmlərində, “Kitabi-Dədə Qorqud” dastanlarında və ədəbiyyatımızda Nizaminin “Xosrov və Şirin” poemasında rast gəlinir.
Bu gün muxtar respublikamızda 40-dan çox yallı oynanılır. Yallını xoreoqrafik məzmununa görə 2 növə – süjetli və rəqs yallılarına ayırırlar. Süjetli yallılar teatrlaşmış xalq oyunları olduğu üçün oyun yallısı adlanır. Rəqs yallılarında isə qəhrəmanlıq motivləri, xalqımızın əhval-ruhiyyəsi, çeviklik, cəsarət əks olunur. Bu gün muxtar respublikamızda milli-mənəvi dəyərlərin, xalq yaradıcılığının təbliği, qorunması və yaşadılması istiqamətində mühüm işlər həyata keçirilir. Yallıların nota alınması, yeni folklor kollektivlərinin yaradılması, araşdırma və tədqiqatların aparılması ənənələrin yaşadıldığını bir daha təsdiq edir. “Plov” və “Yallı” festivallarının keçirilməsinin nəzərdə tutulması bu baxımdan əhəmiyyətlidir.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR