23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında Paleolit dövrü Ali Məclisin Sədri Vasif Talıbovun rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tərəfindən geniş tədqiq edilmişdir.
Ordubad və Sədərək rayonlarında aparılmış qazıntılar zamanı aşkar olunmuş arxeoloji xəzinələr və qiymətli qədim alətlər təsdiq edir ki, Paleolit dövrü Naxçıvanda, təxminən, 1 milyon il əvvəl mövcud olmuşdur. Ordubad rayonunun Tivi kəndinin cənub-şərqində olan İlikliqaya nekropolunda aparılmış qazın­tılar zamanı oradan daş alətlər və yerli daşlardan hazırlanmış kəsici əşyalar, həmçinin Erkən Tunc və Dəmir dövrlərinə aid maddi-mədəniyyət nümunələri tapılmışdır. Aşkar olunmuş materiallar başlıca olaraq gil məmulatlarından ibarətdir. Kuzə, fincan, vaza tipli qabların parçalarından ibarət olan keramika nümunələri boz rəngdə olub, yaxşı bişirilmişdir. Bu keramika nümunələri 2-ci minilliyə, Son Tunc dövrünə aiddir. Bir neçə Paleolit daş alətləri ilə yanaşı, keramika nümunələri də İlikliqaya ərazisində aşkar olunmuşdur. İlikliqaya çox qədim yaşayış məskənidir və təpənin üzərində yerləşir. Mövcud olmuş tikililərin qalıqlarına əsaslanaraq demək olar ki, binalar yonulmamış qaya parçalarından inşa olunub və orada mədəni təbəqənin qalınlığı 1 metrə çatır. Keramika məmulatları isə çəhrayı və boz rəngdə bişirilmişdir.

Digər arxeoloji ərazi Sədərək rayonunun Sədərək kəndi yaxınlığında yerləşən və 5 hektar ərazini əhatə edən Tunc dövrünə aid “Kültəpə” yaşayış məskənidir. Erkən Tunc dövründəki yüksək əhəmiyyəti və mədəni təbəqənin Son Paleolit dövrünə aid olması bu yaşayış yerini Naxçıvan Muxtar Respublikasının mühüm hissəsinə çevirmişdir. Ordubad kimi, “Kültəpə” yaşayış məskəni də ucu miz və digər daş əmək alətlərinin məskənidir. Mədəni təbəqəsi isə kül qarışıq gil laylardan, çaxmaqdaşı və obsidian (dəvəgözü) qırıntılarından ibarətdir. Həmçinin qazıntılar zamanı bu ərazidən kül yığınaqları, ocaq qalıqları, müxtəlif formalı daşlar, çiy kərpic və digər tikinti materialları aşkar olunmuşdur.
Əlavə olaraq “Kültəpə” yaşayış məskənindən çoxlu sayda keramika məmulatları – xüsusilə boz və qırmızı rəngdə bişirilmiş gil qab nümunələri və üzəri qırmızı anqobla örtülərək qara rənglə naxışlanmış boyalı qablar tapılmışdır. Yerli alimlərin fikrincə, bu yaşayış məskəni yerli mədəniyyətin 5-ci minilliyə aid olmasını, həmçinin Naxçıvanın Paleolit dövrü ilə bağlılığına dair məlumatları təsdiq edir.
Naxçıvan ərazisində qədim insan yaşayışı və istehsal təkamülü çox qədimdir. Ordubad və Sədərək ərazilərində olan bir neçə arxeoloji ərazidə aşkar olunmuş zəngin nümunələr Azərbaycanın bu regionun­da Paleolit cəmiyyətinin mövcud olmasını təsdiq edir. Naxçıvan Muxtar Respublikasının rəhbərliyi yerli və beynəlxalq alimləri həvəsləndirərək onlara Qara zağa və Qazma mağaralarında tədqiqat aparmaq üçün şərait yaratmışdır. Bu tədqiqatlar nəticəsində ərazidən elmi əhəmiyyət kəsb edən məlumatlar əldə olunmuşdur.
Qazma mağarasında aparılmış tədqiqatlar nəticəsində arxeoloqlar 3 metr dərinliyində 6 mədəni təbəqə aşkar etmişlər. 4, 5 və 6-cı mədəni təbəqələrdə heyvan sümüklərinin qalıqları, həmçinin ocaq yeri və Mustye mədəniyyətinə aid daş alətlər tapılmışdır. 6-cı təbəqədə tapılmış yastı daşlardan hazırlanmış iki ocaq daha ətraflı elmi məlumatlar verir. Mədəni təbəqədən aşkar olunmuş alətlərin 97 faizi obsidiandan, 21 faizi çaxmaqdaşından, digər 5 alətin isə daş şistdən hazırlandığı təsdiq olunmuşdur. Obsidian və çaxmaqdaşından hazırlanmış alətlərlə birgə, mağarada daşdan hazırlanmış bir neçə biz və qaşovlar aşkarlanmışdır ki, həmin alətlər mağaranın daxilində gərgin insan fəaliyyəti və daş sənətkarlığının mövcud olmasını təsdiq edir.
4-cü mədəni təbəqədən daş alətlərlə yanaşı, heyvan sümüklərindən hazırlanmış biz, bıçaq, kəsici və oyucu alətlər də aşkar olunmuşdur. Qazma mağarasında hazırlanmış alətləri Cənubi Qafqaz və Kiçik Asiyada olan digər Mustye yaşayış məskənlərindən tapılmış alətlərlə müqayisə etsək, onlar arasındakı oxşarlığı görə bilərik. Qazma mağa­rasından əldə edilmiş məlumatlara görə, ovçuluq sakinlərin əsas məşğuliyyəti olmuş, heyvanlar üçün yem tədarükü isə insanların mağara fəaliyyətində ikinci yerdə dayanmışdır.
Naxçıvan Muxtar Respublikasında Neolit dövrü barədə çox az məlumat mövcuddur. Həqiqətən, burada çox az sayda Neolit dövrünü əhatə edən yaşayış ərazisi vardır. 2006-2007-ci illərdə professor Vəli Baxşəliyev tərəfindən aparılmış tədqiqat nəticəsində Neolit dövrünə aid az sayda məlumatlar əldə edilmişdir.
Əslində, 1950-ci ildə I Kültəpədə aparılmış qazıntılara qədər Naxçıvanda Neolit dövrünü əhatə edən kifayət qədər ərazi aşkar olunmamışdı. Bundan başqa, boyalı saxsı qablara əsaslanaraq I Kültəpə erkən sənət təbəqələrinin Neolit xüsusiyyətləri öz-özlüyündə müzakirə mövzusudur. 1-ci təbəqədən aşkar olunmuş boyalı saxsı qabların Son Neolit, yaxud Erkən Eneolit dövrünə aid olmasından asılı olaraq əldə edilmiş məlumatlara istinad edərək qeyd etmək lazımdır ki, Naxçıvanın Neolit dövrü çox zəif olub. Dulusçuluqdan öncəki Neolit yaşayış məskənlərinin olmaması gözlə görünəndir. I Kültəpənin birincı qatı keramika təbəqəsinə malikdir və 7-ci minilliyə aiddir.
Bundan əlavə, I Kültəpənin birinci təbəqəsi ilə Yaxın Şərqdə yerləşən Neolit ərazilər arasında oxşarlıqlar vardır. Məsələn, I Kültəpədə kvadrat formalı evlər aşkar olunmuşdur. Bu forma Ermənistandakı Neolit dövrünə aid Artaşen dairəvi arxitekturası ilə ziddiyyət təşkil edir. I Kültəpə mədəni təbəqəsində ev döşəmələri qarışıq quru bitki materialları və torpaq ilə suvanıb. Bəzi evlərdə hətta qamış həsirlərinin izləri vardır. Kültəpənin 1-ci “A” təbəqəsində olan boyalı saxsı qablar Yaxın Şərq mədəniyyətini əks etdirir. Lakin mövcud olan dəlillər boyalı saxsı qabların Amuq boyalı qablar istehsalına yaxın olmasını, incə boyalı qabların isə Hələf və Hələfdən öncəki dulusçuluqdan fərqləndiyini göstərir.
Mövcud olan digər dəlillər təsdiq edir ki, kənd təsərrüfatı, heyvandarlıq və ovçuluq iqtisadiyyat və istehsalda mühüm rol oynamışdır. Qəbirlərin tikinti qatlarının arasında aşkar olunması bu dövrdə yaşayış binalarının döşəməsində dəfnetmə adətinin mövcud olduğunu təsdiq edir. Qəbirlərdə bir, yaxud iki nəfər alət və ornamentlərlə birgə dəfn olunub. Skeletlərin bəzisində qırmızı boya izləri var. Bu mədəniyyət bütün dünyada, xüsusilə Paleolit dövründə geniş yayılmışdır. Həmçinin oxşar dəfnetmə təcrübəsi Dəclə hövzəsində də aşkarlanmışdır. Aparılmış elmi tədqiqatlara əsasən, bu mədəniyyət Neolit dövrünə aiddir.
Qeyd edilməlidir ki, 9850 il əvvələ aid olan Dəmirköy arxeoloji ərazisində aparılmış tədqiqatlar nəticəsində qara və qırmızı zolaqlarla boyanmış uşaq sümükləri aşkarlanmışdır. Bu təcrübə ya dəfn qabağı adətlərdən olan bədənin rənglənməsi mərasimini (cəsədin çürüməsindən sonra rənglənmiş dərinin rənginin sümüklərə çökməsi), ya da ki, dəfn sonrası yas mərasimlərinin mövcud olmasından irəli gəlir. I Kültəpə yaşayış məskənində oraq, bıçaq və buynuzdan hazırlanmış bıçaqların aşkar olunması Naxçıvanda inkişaf etmiş kənd təsərrüfatı təcrübəsini təsdiq edir. Bundan əlavə, Naxçıvanda toxuculuq, dulusçuluq, daşdan və sümükdən alətlər hazırlanması kimi yerli fəaliyyətlər də inkişaf etmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisində aparılmış arxeoloji tədqiqatlar Azərbaycanın bu regionunu beynəlxalq əhəmiyyətli əraziyə çevirərək Paleolit və Neolit dövründən bəri bəşəriyyətin iqtisadi, istehsal və təkamül inkişafına dair tarixinə böyük töhfələr vermişdir.

Peter Tase
07.09.2016
Amerika Birləşmiş Ştatlarının
“Foreign Policy News” qəzeti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR