Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Bilik Gününə həsr olunmuş “İrs” adlı uşaqların rəsm sərgisi keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, xüsusi istedad tələb edən bir sənət kimi rəssamlığa balacaların da maraq göstərmələri çox sevindirici haldır. Onların istedadlarının üzə çıxarılması, düzgün formalaşdırılması üçün muxtar respublikada hərtərəfli şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin vəzifələrindən biri də onlara gələcək sənət yollarında irəliləmək üçün kömək etməkdir.
Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbər-direktoru, Azərbaycan Respublikasının Xalq artisti Yasəmən Ramazanova və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Namiq Novruzov çıxış edərək vurğulayıblar ki, muxtar respublikada bütün sahələrdə istedadlı gənclər yetişir. Bu gün rəssamlıq sənətinə maraq göstərən uşaqların da gələcəkdə yaxşı sənət adamı kimi formalaşmasında belə tədbirlərin böyük rolu var. Çıxış edənlər balaca rəsm həvəskarlarına uğurlar arzulayıblar.
Uşaq rəsm sərgisində fəallığına görə fərqlənən balaca rəssamlara diplomlar təqdim edildikdən sonra sərgiyə baxış keçirilib. Burada Aysel Əmrahovanın, Aysu Zeynalovanın, Şəhrizad Quliyevanın, Nərgiz Hacıyevanın, Sevinc Quliyevanın, İsmayıl Bilalovun, Bağdagül Hüseynovanın və başqa balaca rəsm həvəskarlarının rəsmləri nümayiş olunur.
Rəsmlərdə uşaq dünyasının böyüklərin dünyasından fərqləndiyi açıq-aşkar hiss edilirdi. Sərgi salonunda təbiət mənzərələrindən tutmuş cizgi filmlərinin qəhrəmanları da daxil olmaqla rəsmlər yerləşdirilib. Uşaqların rəngli dünyası sərgiyə baxmağa gələnlərin diqqətini cəlb edir, onlar hər bir rəsmə xüsusi nəzər yetirirdilər.
Qeyd edək ki, 47 istedadlı uşağın hərəsinin 3-4 rəsmi nümayiş olunan bu sərginin ən böyük iştirakçısının 14 yaşı var.
Fatma Babayeva