23 Dekabr 2024, Bazar ertəsi

Noyabrın 15-də Ordubad şəhərindəki mədəniyyət evində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Konfransı giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov açıb. O bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 21 oktyabr 2016-cı il tarixdə “Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, “Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilib. Bu gün keçirilən konfrans da həmin planda nəzərdə tutulmuş tədbirlərin davamıdır. Bu sərəncam mədəniyyət və incəsənətimizə diqqət və qayğının ifadəsidir. Buna görə rayon ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlığımızı bildiririk.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri uşaqların, yeniyetmələrin, gənclərin təhsilinə, tərbiyəsinə, geniş dünyagörüşə malik olmalarına, əsl vətəndaş kimi yetişmələrinə xüsusi qayğı göstərir. “Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam musiqi məktəbinin kollektivində böyük ruh yüksəkliyi yaradıb.
Konfransda Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova “Muxtar respublikanın uşaq musiqi məktəblərinə göstərilən dövlət qayğısı” mövzusunda çıxış edib.
Qeyd olunub ki, əsrin əvvəllərində görkəmli musiqişünas Zülfüqar Hacı­bəyovun Naxçıvanda yaşaması, sonralar isə Üzeyir Hacıbəyovun 1937-ci ildə Naxçıvandan SSRİ Ali Sovetinə deputat seçilməsi qədim diyarımızda musiqiyə marağın artmasında mühüm rol oynayıb. 1937-ci ildə dahi bəstəkarımız Üzeyir Hacıbəyovun təşəbbüsü ilə Naxçıvanda ilk uşaq musiqi məktəbi açılıb. Bu uşaq musiqi məktəbinə Ordubad rayonundan da 10 şagird cəlb edilib.
Vurğulanıb ki, hazırda muxtar respublikamızda 27 uşaq musiqi məktəbi fəaliyyət göstərir. Son illər ərzində 23 uşaq musiqi məktəbi üçün yeni binalar tikilərək və ya yenidən qurularaq istifadəyə verilib, həmçinin yeni uşaq musiqi məktəblərinin yaradılması işi davam etdirilib. Musiqi məktəblərində təhsilin yüksək səviyyədə aparılması üçün hərtərəfli imkanlar mövcuddur. Bunu Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin timsalında da aydın görmək mümkündür. Bu təhsil ocağı 1965-ci ildən filial kimi yaradılıb. Bir il sonra fəaliyyətini müstəqil musiqi məktəbi kimi davam etdirməyə başlayıb. Yarandığı dövrdə məktəbdə 3 ixtisas (tar, fortepiano, klarnet) açılmışdısa, bu gün məktəb 9 ixtisas (əlavə olaraq kamança, qarmon, vokal, nağara, skripka və sair) üzrə fəaliyyət göstərir. 60 şagirdlə fəaliyyətə başlayan məktəbdə hazırda 300-dən çox şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 70 müəllim məşğul olur.
“Muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində çalışan müəllim və peşəkar musiqiçilərimizin əməyi daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, səmərəli fəaliyyətlərinə görə onlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, Prezident təqaüdünə və mükafatlara layiq görülürlər”, – deyən nazir çıxışını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin yeni binasının açılış mərasimində dediyi sözlərlə bitirib: “Dövlətin qarşısında duran vəzifə musiqi məktəblərini inşa edib müəllim və şagirdlərin istifadəsinə verməkdən ibarətdirsə, məktəbin müəllimlərinin qarşısında duran vəzifə isə burada musiqi təhsili alan gənclərimizə lazımi səviyyədə musiqi təhsilinin öyrədilməsi, Azərbaycan milli musiqisinin təbliğ olunması, qorunması və gələcək nəsillərə ötürülməsidir”.
Konfransda Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, məktəbin məzunu Yaşar Xəlilov “Naxçıvan musiqi mədəniyyətində Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin yeri” mövzusunda çıxış edərək bildirib ki, musiqi məktəbinin fəaliyyətə başlamasının ikinci ilində mən də bu məktəbin tar sinfində təhsil almağa başladım. O illərdə müxtəlif ixtisaslar və nəzəri fənlər üzrə pedaqoji kadrlara böyük ehtiyac duyulurdu. Məktəbin ovaxtkı direktoru Həmid Qəniyev ixtisaslı kadrları məktəbdə işləməyə cəlb edir və onlar üçün lazımi şərait yaradırdı. Artıq burada fortepiano ixtisası və nəzəri fənlər üzrə dərslər yüksək keyfiyyətlə tədris olunurdu.
Vurğulanıb ki, illər keçdikcə Ordubad Şəhər Uşaq Musiqi Məktəbi inkişaf edib, yeni-yeni nailiyyətlər qazanılıb. Müsabiqələrdə əldə olunan parlaq uğurlar bunu əyani surətdə təsdiqləyir.
Konfransda məktəbin direktoru Azər Məmmədov “Ordubad Şəhər Uşaq Musiqi Məktəbi dünən və bu gün” mövzusunda çıxışında bildirib ki, 50 yaşlı bu təhsil ocağı hərtərəfli dövlət qayğısı ilə əhatə olunub, gənc nəslin estetik təlim-tərbiyəsi işinin tələb edilən səviyyədə aparılması üçün bütün imkanlar yaradılıb. 1965-ci ildən bu günə qədər Ordubad Şəhər Uşaq Musiqi Məktəbini 1593 məzun bitirib. Onlardan 256 nəfəri musiqi sahəsi üzrə təhsilini davam etdirib.
Azər Məmmədov konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, məktəbin həyatında ən əlamətdar hadisələrdən biri 3 noyabr 2009-cu ildə Ordubad Şəhər Uşaq Musiqi Məktəbi üçün yeni, müasir standartlara cavab verən dördmərtəbəli binanın istifadəyə verilməsi olub. Ali Məclis Sədrinin məktəbə göstərdiyi bu böyük diqqət və qayğıdan sonra təhsil ocağında yaradıcılıq işləri daha geniş şəkildə inkişaf yoluna qədəm qoyub.
Konfransın bədii hissəsində Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin xalq çalğı alətləri orkestrinin, skripkaçalanlar və estrada ansambl­larının, xor kollektivinin və məktəbin şagirdlərinin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR