23 Dekabr 2024, Bazar ertəsi

Teatr elə bir aləmdir ki, səhnə həyatının emosiyasını bir dəfə dadanlar uzun müddət ondan ayrıla bilmirlər. Bu adamların əksəriyyəti özünü bu aləmə həsr edir, onunla yaşayır, həyatın bədii inikası olan səhnəni sevərək onu müqəddəs sayır. Azərbaycan mədəniyyətində özünəməxsus yeri olan Naxçıvan Dövlət Musiqili Dram Teatrında da bu cür sənətkarlar, aktyorlar həmişə olub və gələcəkdə də olacaqdır.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ömrünün 33 ilini səhnə həyatına həsr edən Azərbaycan Respublikasının Əməkdar artisti Əli Əliyev bu günlərdə 60 yaşını sevimli kollektivi ilə birlikdə qeyd etdi. 1956-cı il sen­tyabrın 20-də Culfa rayonunun Xanəgah kəndində anadan olan Əli Əliyev 1983-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyoru fakültəsini bitirib. Həmin illərdə bu universitetdə oxumaq ürəyində sənət sevgisi olan hər bir gəncin arzusu idi. Çünki Azərbaycanda kino və teatrın inkişafı ötən əsrin 70-80-ci illərində özünün ən yüksək zirvəsinə çatmışdı. O zaman Azərbaycana rəhbərlik edən ümummilli liderimiz Heydər Əliyev bu sahə ilə şəxsən maraqlanır, mədəniyyətimizi keçmiş SSRİ-də və dünyada uğurla təbliğ edirdi. Sənət adamları yaxşı bilir ki, o vaxtlar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu ixtisasına daxil olmaq və oranı bitirmək çox çətin idi. Ölkə səviyyəsində istedadı olan və aktyor olmaq istəyən bütün gənclərin hədəfi bu ixtisas idi. Bu ixtisasa qəbul da çox məhdud sayda aparılırdı.

Əli Əliyev də bu azsaylı, istedadlı gənclərdən biri kimi Dram və kino aktyorluğu ixtisasına yiyələnəndən sonra doğma Naxçıvan teatrına gəlib. 1983-cü ildən sonra bu teatra gələn tamaşaçılar yeni bir istedadın ifasında müxtəlif rollara maraqla tamaşa edirdilər. İlk rolu Cavid Poeziya Teatrında Hüseyn Cavidin “Ana” faciəsində İzzət olub. Sonra isə elə həmin teatrda hazırlanan “Mənim tanrım gözəllikdir, sevgidir” adlı kompozisiyada eyni vaxtda Şeyx Sənan, Kor Ərəb, Yusif kimi müxtəlif obrazları canlandırıb.
Aydın qaltanlı səsə, səlis nitqə malik olan Əli Əliyev ona inanan rejissorların etimadını doğrulda bilib. Nəticədə isə çox sevdiyi və vurğunu olduğu səhnədə bir-birindən maraqlı tərzdə oynanılan rolların estafeti başlayıb. Turan Oflazoğlunun “Dəli İbrahim”ində Dəli İbrahim, Cəlil Məmmədquluzadənin “Anamın kitabı”nda Rüstəm bəy, Sofoklın “Elektra”sında Egist, Səməd Vurğun­un “Fərhad və Şirin” dramında Xosrov, Həmid Arzulunun “Əlincə qalası”nda Topal Teymur, Həsənəli Eyvazlının “Araz sahilində doğan günəş” əsərində Nəriman Nərimanov Əli Əliyevin sənət qalereyasında yaratdığı obrazların kiçik bir hissəsidir. İndiyədək 60-dan artıq müxtəlif səpkili rollar oynayan peşəkar aktyor həmişə bu obrazlara öz emosiyası və münasibətini də qatmaqla təsiredici, inandırıcı rollara imza atıb. Əli Əliyev daha çox xarakterik və tarixi şəxsiyyətlərin rollarını canlandırmağa üstünlük verir. Buna onun geniş mütaliəsi, dünyagörüşü, savadı, həm də zahiri görkəmi imkan yaradır. Naxçıvan tamaşaçısı aktyorun ifasında bir neçə tamaşada Nəriman Nəriman­ovu (“Araz sahilində doğan günəş”, “Nadanlıq və ya qəfil telefon zəngi”, “Ultimatum”), Mirzə Cəlili (“Sizi deyib gəlmişəm”, “Mirzə Cəlil taleyi”), Mixail Qorbaçovu (“Qurtuluş dastanı”), Kərim xan Zəndi (“Ağa Məhəmməd Şah Qacar”) görüb. Tarixi şəxsiyyətlərin həyatdakı obrazlarına olduğu kimi bənzəyən rollar isə tamaşaçının yaddaşında uzun müddət silinməz izlər buraxır. Hətta bəzən ona “Nəriman Nərimanov” da deyə müraciət edirlər.
Amma özünün həmişə yada saldığı obraz 1985-ci ildə teatrda səhnələşdirilən A.Dudarevin “Astana” tamaşasında oynadığı Andrey Buslaydır. Bir zamanlar sərxoşluğa qarşı aparılan mübarizənin zəminində yazılan bu əsərdə Əli Əliyevə əyyaş bir rus obrazını canlandırmaq tapşırılır. Maraqlıdır ki, heç vaxt spirtli içki içməyən aktyor elə bir obraz yaradır ki, o zaman, sözün əsl mənasında, səs-küyə səbəb olur. “Bu tamaşadan sonra hətta yüksək vəzifəli şəxslər mənə sifariş göndərirdilər ki, sizinlə bir süfrədə oturmaq istəyirik. Bir dəfə rayonların birində konyak zavodunun direktoru bu tamaşaya baxandan sonra bizə ziyafət verdi. Biləndə ki mən, ümumiyyətlə, spirtli içki içmirəm, təəccübünü gizlədə bilmədi”. Əli müəllim o günləri belə xatırlayır. Bu tamaşa eyni vaxtda Akademik Milli Teatrın aktyorlarının ifasında Azərbaycan Dövlət Televiziyası ilə nümayiş olunub. Andrey Buslayı Xalq artisti Yaşar Nuriyev oynayırdı. Amma teatrşünaslar Əli Əliyevin yaratdığı obrazın daha dolğun və inandırıcı olduğunu təsdiq ediblər.
Çəkilən bu zəhmətlər öz bəhrəsini verib. Əli Əliyev 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, 2008-ci ildə isə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2006-cı ildə Prezident mükafatçısı olub.
Bu günlər 60 yaşını qeyd edən Əli Əliyevin səhnəyə sevgisi, sənətə olan marağı illər ərzində daha da artıb. İndi yaşına uyğun obrazları ifa etməklə yanaşı, onunla tərəf-müqabili olan gənclərə peşəkar məsləhətlər verməyi də unutmur. “Bizi öyrədiblər, biz də bu təcrübəni özümüzdən sonrakılara verməliyik. Əsas odur ki Naxçıvan teatrının klassik sənət ənənəsi gələcək nəsillərə olduğu kimi ötürülsün” – bu, onun sənət amalıdır.

Səməd CANBAXŞIYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR