Dünən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda rəssam Kirman Abdinin “İsinsin azacıq bu daş duyğular” adlı fərdi sərgisi açılıb. Muxtar respublika Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən qrafik sərgi Xalq şairi Məmməd Arazın poeziyasına həsr olunmuşdu. Fərdi yaradıcılıq sərgisi sənət adamları və geniş ictimaiyyət tərəfindən maraq və rəğbətlə qarşılanıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva sərgiyə təqdim olunan əsərlərin əhəmiyyətindən söz açıb, muxtar respublikada rəssamlıq sənətinə, eləcə də Məmməd Araz irsinə göstərilən dövlət qayğısından danışıb.
Ülviyyə Həmzəyeva deyib ki, rəssamın sərgidə nümayiş olunan 60-dək sənət əsəri görkəmli şairin yaradıcılığını əhatə edir. Məmməd Araz şəxsiyyətinə, poeziyasına və fəlsəfəsinə Azərbaycan təsviri sənət aləmində çox az rəssamlar müraciət edib. Doğrudan da, Məmməd Araz poeziyasının və yaradıcı təxəyyülünün bədii görüntüsünü və bədii estetik obrazını yaratmaq, ilk növbədə, rəssamdan xüsusi məsuliyyət tələb edir. Rəssamın Məmməd Araz poeziyasının Vətən haraylı çağırışlarını özündə əks etdirən bədii sərgisinin təşkil olunması təqdirəlayiq haldır. Məmməd Araz bədii duyumu və Məmməd Araz dünyagörüşü heç bir çərçivəyə, məhdud məkan sərhədinə sığa bilməz. Ona görə də rəssamın mücərrəd biçimli bədii axtarışları və Məmməd Araz poeziyası ilə çuğlaşan əksliklər burulğanı sonda rəssam tərəfindən şairin poetik fikirləri ilə tam üst-üstə düşən, bədii estetikliyi ilə diqqəti cəlb edən görüntülərə çevrilib. Sərgidəki tablolarda rahatlıqla Məmməd Araz poeziyasının nəhayətsizliyinin və rəssam fantaziyasının çalarlarının vəhdətini görmək və sezmək mümkündür. Əgər Məmməd Araz poeziyası, Məmməd Araz duyumu hansısa şərhi-bəyansız, izahsız qəbul edilirsə, bunu rəssam Kirman Abdinin şairin yaradıcılığına həsr edilmiş tablolarına da şamil etmək olar.
Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar çıxış edərək Məmməd Araz yaradıcılığının zənginliyindən danışıb. Vurğulayıb ki, onun yaradıcılığı Azərbaycan ədəbiyyatının inkişafında mühüm mərhələ təşkil edir və gəncliyin mədəni-mənəvi dəyərlərə ehtiram ruhunda formalaşması baxımından müstəsna əhəmiyyətə malikdir.
Böyük sənətkarın zəngin ədəbi fəaliyyətinin Azərbaycan poeziyasına bir-birindən dəyərli sənət inciləri bəxş etdiyini bildirən Asim Yadigar rəssamın öz əsərlərində Məmməd Araz yaradıcılığını mükəmməl şəkildə canlandırmasını yüksək qiymətləndirib.
Rəssam Kirman Abdin sərginin təşkil edilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib, sərgiyə böyük maraq göstərilməsindən məmnunluğunu ifadə edib. O deyib ki, mənim üçün Məmməd Araz yaradıcılığı hər zaman maraqlı olub. Onun yaradıcılığına üç aspektdən yanaşmağa – həyata gülən, həyatda qəm çəkən və həyatda düşünən Məmməd Arazı göstərməyə çalışmışam. Qrafik üslubda Məmməd Araz poeziyasına müraciət etmək, mənə elə gəlir ki, bir müəllif olaraq məndən məsuliyyət tələb edirdi. Sevinirəm ki, zəhmətim öz bəhrəsini verib və bu əsərlər Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda nümayiş olunur.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə ədibin “Zamandan məkana”, “Dünya sənin, dünya mənim”, “Şəhriyar gəlmədi”, “Düşüncələr”, “Bir ürək sındırdım, bir qız ürəyi”, “Xətainin qılıncını suvardım”, “Biz qapı açmışıq öz eşqimizə” və sair poetik misralarına həsr olunmuş qrafik sənət əsərləri yer alıb.
Məlumat üçün bildirək ki, Kirman Abdin 1959-cu ildə Şahbuz rayonunun Külüs kəndində anadan olub. 1982-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu, 1988-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1984-cü ildən ölkəmizdə və xaricdə təşkil olunan beynəlxalq sərgilərin iştirakçısı və mükafatçısıdır. Karikatura müsabiqələrində qalib gəlib və xüsusi mükafatlara layiq görülüb. Azərbaycan Rəssamlar İttifaqının, Jurnalistlər Birliyinin və eləcə də 2006-cı ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvüdür.
Fikrimin çəkisi çəkimdən ağır, dartmaq da çətindir, atmaq da çətin, – deyən Məmməd Araza ithaf edilən bu sərgi oktyabr ayının 16-dək sənətsevərlərin ixtiyarında olacaq.
Qeyd edək ki, bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür.
Səbuhi Hüseynov