Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında ali təhsil müəssisəsinin Kitabxanaçılıq kafedrasının müdiri, dosent Nəzakət İsmayılovanın “Naxçıvan ədəbi mühiti: uşaq ədəbiyyatının inkişaf istiqamətləri və problemləri” kitabının təqdimat mərasimi olub.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov yeni nəşrin Naxçıvan ədəbi mühitinin Azərbaycan uşaq ədəbiyyatının təşəkkülündəki rolunu ortaya çıxarmaq, gənc ədəbi nəsli uşaqlarla bağlı yaradıcılığa istiqamətləndirmək kimi dəyərlərindən danışıb, müəllifə yaradıcılıq uğurları arzulayıb.
Tarix-filologiya fakültəsinin dekanı, dosent İman Cəfərli “Uşaq ədəbiyyatının tədqiqində yeni mərhələ” adlı məruzəsində məhsuldar elmi fəaliyyətlə məşğul olan Nəzakət İsmayılovanın 4 kitab, 100-dən artıq elmi məqalə müəllifi olduğunu, bir sıra beynəlxalq konfrans və simpoziumlarda iştirak etdiyini xatırladıb. Qeyd olunub ki, kitab Naxçıvan ədəbi mühitinin uşaq ədəbiyyatı sahəsində qazandığı nailiyyətləri, iyirmiyə yaxın şair və yazıçının yaradıcılığını öyrəndiyi üçün Naxçıvanşünaslığa layiqli töhfə hesab oluna bilər. Kitab uşaq poeziyasını müxtəlif tarixi mərhələlər və konkret müəlliflər üzrə təhlil etmək baxımından gələcək elmi tədqiqatlar üçün istinad mənbəyi rolunu oynayacaq.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəddin Eyvazov “Klassik və müasir uşaq ədəbiyyatı yaradıcılarının uğurlu tədqiqi” mövzusunda çıxış edib.
Sonda kitabın müəllifi, dosent Nəzakət İsmayılova tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, gələcək yaradıcılıq planlarından danışıb.
Mehriban SULTAN