Muxtar respublikada mədəni-kütləvi tədbirlərin keçirilməsi avqust ayında da diqqətdə saxlanılmış, kitabxanaların və muzeylərin fəaliyyətinə diqqət artırılmışdır. Ordubad rayonunda kitabxana işi ilə bağlı zona müşavirəsi keçirilmişdir.
Ötən ay kitabxanalarda, ümumilikdə, 41 tədbir və 19 sərgi keçirilmiş, kitabxanalara 42 adda 44 nüsxə çap məmulatı paylanılmış, yeni oxucu sayı 161 nəfər, oxucu gəlişi 4896 nəfər, kitab verilişi 23 min 576 ədəd olmuşdur. Ötən ay muxtar respublikadakı muzeyləri 4695 xarici ölkə vətəndaşı olmaqla, ümumilikdə, 24 min 172 tamaşaçı ziyarət etmişdir. Bu dövrdə muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi sahəsində də işlər görülmüş, muzey fondlarına 302 ədəd eksponat daxil edilmişdir. Muzey bələdçilərinin peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədilə Dövlət Bayrağı Muzeyində seminar-treninq keçirilmiş, “Əlincəqala” Tarix-Mədəniyyət və Bəhruz Kəngərli muzeylərinin bukletləri hazırlanaraq nəşr olunmuşdur. Bununla yanaşı, Şahbuz, Culfa, Şərur, Kəngərli Rayon Tarix-Diyarşünaslıq muzeylərində və Naxçıvan Dövlət Tarix Muzeyində 60-dan çox eksponatın üzərində olan yazılar, eləcə də Gəmiqaya Tarix Bədii Qoruğunun ərazisində 1290 qayaüstü təsvir öyrənilərək qısa təsvirləri hazırlanmışdır.
Əhalinin yay istirahətinin təşkili istiqamətində işlər davam etdirilmiş, Bəhruz Kəngərli adına Rəssamlar Parkında Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, Möminə xatın türbəsinin qarşısında Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin konsertləri olmuş, Kəngərli rayonunda “Xalq yaradıcılığı günü” keçirilmişdir. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Çörək” festivalında isə Naxçıvana məxsus çörək növlərinin hazırlanması və sərgi-satışı təşkil edilmişdir. “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə isə 42 adda 112 ədəd əl işi satılmışdır.
Muxtar respublikanın turizm potensialının öyrənilməsi və təbliği sahəsində işlər də davam etdirilmişdir. Naxçıvan Turizm İnformasiya Mərkəzi tərəfindən “Facebook” sosial şəbəkəsində 165 məlumat, “Youtube” videoportalında isə 57 videoçarx yerləşdirilmiş, mərkəzdə olan 97 xarici ölkə vətəndaşının müraciəti cavablandırılmışdır. Mərkəzin “Facebook” sosial şəbəkəsindəki səhifəsinə 10 min 154, “Youtube” videoportalındakı səhifəsinə 8475 baxış olmuşdur. Mərkəzin saytında turist qəbul edən 37 kənd evi haqqında məlumat da yerləşdirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti