23 Dekabr 2024, Bazar ertəsi

Xalq yaradıcılığı nümunələri milli-mənəvi dəyərlər sistemində xüsusi əhəmiyyət kəsb edir, gənc nəslin mənəvi tərbiyəsində mühüm rol oynayır.
Bu nümunələr min illər boyu cilalana-cilalana dövrümüzə qədər gəlib çatıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamı muxtar respublikada belə dəyərlərin qorunmasına, təbliği və gələcək nəsillərə ötürülməsinə böyük dövlət qayğısının parlaq ifadəsidir. Sərəncama əsasən, müxtəlif tədbirlərin keçirilməsi davamlı xarakter alıb. Belə tədbirlər unudulmaqda olan folklor nümunələrimizin, milli adət-ənənələrimizin yenidən xalqımıza qaytarılmasında mühüm rol oynayır. Muxtar respublikamızın bütün bölgələrində xalq yaradıcılığının müxtəlif sahələrinə yeni həyat verilir. Xalq sənətinin və yaradıcılığının ağacişləmə, xalçaçılıq, papaqçılıq, dülgərlik, dəmirçilik, toxuculuq, zərgərlik, misgərlik sahələri ilə yanaşı, qədim rəqslərimiz, xalq oyunlarımız və mərasim tamaşalarımız yaşadılır.
Oktyabr ayı ərzində də belə tədbirlər davam etdirilib. Belə ki, Şahbuz rayonunun Aşağı Qışlaq kənd mədəniyyət evinin, Sədərək Rayon Mədəniyyət Evinin və Culfa rayon Kırna kənd mədəniyyət evinin kollektivləri “Xalq yaradıcılığı günü” keçiriblər. “Xalq yaradıcılığı günü”ndə mədəniyyət evlərinin folklor kollektivlərinin, yallı qruplarının, uşaq musiqi məktəbləri şagirdlərinin ifasında qədim diyarımızın dünya yaşıdı söz xəzinəsi, ənənə boxçası, milli rəqs və oyunlarımız tamaşaçılara təqdim edilib. 20-dən çox kollektivin iştirak etdiyi bu tədbirləri 500-dən çox sakin seyr edib.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR