Noyabrın 14-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Bəstəkarlar Təşkilatı Heydər Əliyev Sarayında “Naxçıvan bəstəkarlarının uşaq mahnıları” kitabının təqdimat mərasimi keçirib.
Bu münasibətlə keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova açaraq bildirib ki, mahnı janrı Azərbaycan xalqının musiqi yaradıcılığında ən qədim və sevilən janrlardan biridir. Məişət mahnılarının önəmli hissəsini təşkil edən musiqi janrlarından biri də uşaq mahnılarıdır və bu janr Azərbaycan musiqisində özünəməxsus yerə malikdir. Azərbaycan musiqi tarixində uşaq musiqisinin əsasını görkəmli bəstəkar Asəf Zeynallı “Uşaq süitası” əsəri ilə qoyub. Daha sonralar Soltan Hacıbəyovun ilk uşaq operası olan “İsgəndər və Çoban”, Əşrəf Abbasovun ilk uşaq baleti “Qaraca qız”la uşaq musiqisi janrı daha da zənginləşdirilib. Lakin sırf mahnı janrına bir çox bəstəkarlar, o cümlədən Səid Rüstəmov, Fikrət Əmirov, Cahangir Cahangirov, Oqtay Zülfüqarov, Ramiz Mirişli və digər bəstəkarlar da müraciət ediblər ki, onların da yaratdıqları uşaq mahnıları dillər əzbəri olub. Bu günlərdə 100 illik yubileyini qeyd etdiyimiz görkəmli bəstəkar Qəmbər Hüseynlinin şair Tofiq Mütəllibovun sözlərinə yazdığı “Cücələrim” mahnısı dünyanın bir çox ölkələrində indi də səslənməkdədir.
Vurğulanıb ki, bu günlərdə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində Naxçıvanda yaşayıb fəaliyyət göstərən bir qrup naxçıvanlı bəstəkarın əsərlərindən ibarət “Naxçıvan bəstəkarlarının uşaq mahnıları” adlı musiqi kitabı işıq üzü görüb. Kitabda Naxçıvan Muxtar Respublikasında yaşayıb-yaradan bir sıra bəstəkarın, o cümlədən Bəstəkarlar Təşkilatının sədri, muxtar respublikanın Əməkdar incəsənət xadimi Yaşar Xəlilovun, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimləri Şəmsəddin Qasımovun, Kamal Əhmədovun, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Vidadi Heydərovun, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədovanın və Naxçıvan Dövlət Universitetinin Fortepiano kafedrasının müəllimi Fəridə Ağayevanın uşaqlar üçün bəstələdikləri mahnılar yer alıb.
Buradakı mahnılar, əsas etibarilə, uşaq dilinə yatımlılıqları ilə seçilir. Bəstəkar musiqisi ilə milliliyin uğurlu sintezi kimi təqdim olunan kitabdakı mahnılar naxçıvanlı şairlərin sözlərinə bəstələnmiş mahnılardır. Kitabın məziyyətlərindən sayılacaq digər bir məqam isə buradakı mahnıların sözlərinin əksəriyyətinin mahnıları kitabda yer alan bəstəkarlara aid olmasıdır. Kitabda sözlərinə mahnı bəstələnmiş şeirlər Vətənimizin, eləcə də ölkəmizin ayrılmaz parçası olan Naxçıvanımızın tərənnümünə və bəşəri ideyaların təbliğinə həsr olunmuş yaradıcılıq nümunələridir. Həmin mahnılar uşaqlarda Vətənə, doğma el-obaya, ümumən, bəşəriyyətə sevgi, məhəbbət hissləri aşılamaqdadır. Kitabda həmçinin xalqımızın illər uzunu yaddaşlarda yaşatdığı milli ideologiyamızı tərənnüm edən, sözün əsl mənasında, insan qəlbini riqqətə gətirən istər şeir, istərsə də mahnı formasında lirik parçalar diqqəti xüsusilə cəlb edir. Ölməz söz sənətkarlarımızdan Hüseyn Cavidin, Abbas Səhhətin, Abdulla Şaiqin, Səməd Vurğunun, böyük alim Yusif Məmmədəliyevin, həmçinin Xanəli Kərimlinin, Zaur Vedilinin, Əbülfəz Ülvinin və başqalarının uşaqlar üçün qələmə aldıqları şeirlərinə bəstələnmiş mahnılar uşaq ruhunu oxşamaqla gələcəyimiz olan fidanlarımızın milli vətənpərvərlik, eləcə də bəşəri dəyərlərə hörmət və sədaqət ruhunda tərbiyə olunmasına öz töhfəsini verəcəkdir.
Bildirilib ki, kitabın təqdirəlayiq cəhətlərindən biri də burada olan mahnıların zəngin musiqi dilinə, müxtəlif alətlərin səslənmə rəngarəngliyinə və zənginliyinə malik olmalarıdır. Bu mənada, inanırıq ki, kitabdakı mahnılar hər bir dinləyicinin, xüsusilə uşaqların qəlbini fəth edəcək, onların musiqi zövqünün formalaşmasında mühüm rol oynayacaqdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri Yaşar Xəlilov və Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı, Bəstəkarlar Təşkilatının üzvü Günay Məmmədova çıxış ediblər.
Çıxış edənlər mədəniyyətimizə göstərilən diqqət və qayğıya, həmçinin elmi və mədəni dəyəri olan nəşrlərin çap olunmasına göstərilən dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova yekun vurub.
Səbuhi Həsənov