Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin tələbə və müəllimləri Bəhruz Kəngərli Muzeyində olublar.
Muzeyin baş fond mühafizi Nazəndə Məcidli buradakı eksponatlar haqqında ətraflı məlumat verib.
Bildirilib ki, Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamına əsasən yaradılıb. 2002-ci il iyun ayının 18-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə muzeyin açılışı olub. Muzeyin fondunda, ümumilikdə, minə yaxın eksponat mühafizə olunur. Bunlardan 366-sı ekspozisiyada sərgilənir. Muzeydə görkəmli rəssamın 341 rəsm əsəri var. Əsərlərdən 58-i orijinaldır.
Muzeyin ayrı-ayrı zallarında rəssamın ailəsinə və özünə məxsus şəxsi və məişət əşyaları, rəssamlıq ləvazimatları, əsər və eskizlərinin fotosurətləri, büstü, heykəli və digər dəyərli eksponatlar sərgilənir.
Məlumat verilib ki, indiki muzey binası XX əsrin əvvəllərində pedaqoji texnikum kimi fəaliyyət göstərib və ulu öndər Heydər Əliyev 1936-1939-cu illərdə burada təhsil alıb. Bu səbəbdən burada dahi şəxsiyyətin həyatının müxtəlif anlarını, təhsil illərini əks etdirən rəsm və fotoların, eləcə də müxtəlif sənədlərin qorunub saxlanıldığı otaq yaradılıb.
Tələbələr muzeydən yüksək təəssüratlarla ayrılıblar.
Nərmin Cabbarova