Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə görüşdən sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında görkəmli bəstəkar Tofiq Bakıxanovun yaradıcılıq gecəsi keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək deyib ki, Azərbaycan tarixində elə nəsillər var ki, onlar xalqımıza böyük simalar – hərbçilər, siyasətçilər, elm və sənət adamları, ədəbiyyatçılar, musiqiçilər, aktyorlar, rəssamlar bəxş ediblər. Şahtaxtinskilər, Kəngərlilər, Bakıxanovlar, Hacıbəyovlar, Şuşinskilər, Təhmasiblər, Şıxlinskilər, Topçubaşovlar, Qarayevlər və başqa onlarla nəsillərin nümayəndələri mədəniyyətimizin, elmimizin, təhsilimizin, hərb sənətimizin, səhiyyəmizin tərəqqisində müstəsna rol oynayan dünya şöhrətli insanlar olublar. Bu görkəmli nəsillər içərisində Bakıxanovlar nəslinin də şərəfli yeri vardır. Bu gün tədbirimizdə iştirak edən “Şöhrət” ordenli, Azərbaycan Respublikasının Xalq artisti, professor Tofiq Bakıxanov da Abbasqulu ağa Bakıxanov nəslinin layiqli davamçısıdır.
Qeyd olunub ki, Tofiq Bakıxanov qədim diyarımızda dəfələrlə olub. Görkəmli bəstəkarın 75 və 80 illik yubileyləri onun iştirakı ilə Naxçıvanda qeyd olunub. Ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Tofiq Bakıxanova “Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adının verilməsi sənətkarın musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir. Görkəmli bəstəkarımız Tofiq Bakıxanov 1930-cu ildə Bakıda ustad tarzən, gözəl muğam bilicisi, Xalq artisti, Əməkdar müəllim Əhmədxan Bakıxanovun ailəsində dünyaya gəlib. Qeyd olunub ki, məhz Üzeyir Hacıbəyovun musiqi məktəbində Tofiq Bakıxanov skripka təhsili alıb. Tofiq müəllim kiçik yaşlarında bu musiqi alətində ifa etdiyi əsərlərlə böyük bəstəkarımızın diqqətini cəlb edib və onun rəğbətini qazanıb. Xalq musiqisinə, muğamlarımıza, eyni zamanda Avropa musiqi alətlərinə bələd olması, Qərb musiqisini mənimsəməsi gələcək sənətkarın formalaşmasında mühüm rol oynayıb. Ötən əsrin qırxıncı illərinin sonunda Tofiq Bakıxanov Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Bu illərdə konservatoriyanın rektoru olan Qara Qarayevin sinfində təhsil alması da onun dünyagörüşünün formalaşmasına əhəmiyyətli təsir göstərib.
Opera janrı istisna olmaqla, bütün musiqi janrlarında əsərlər yazan Tofiq Bakıxanovun istedad və peşəkarlıq, zəhmət və iradə, yorulmaq bilmədən çalışmasının əsas yaradıcılıq meyarı olduğunu vurğulayan Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri bildirib ki, görkəmli bəstəkarın “Altı qızın biri pəri”, “Məmmədəli kurorta gedir”, “Qız görüşə tələsir” musiqili komediyaları, “Xəzər balladası”, “Şərq poeması”, “Xeyir və Şər” baletləri, çoxsaylı simfonik əsərləri, simfonik muğamları, mahnıları, violonçel, tar, fortepiano üçün bəstələdiyi konsertlər, mahnı və romansları, kamera-instrumental əsərləri, kamera-vokal əsərləri, kino musiqisi zəhmət və istedadın vəhdətini göstərən və sevilən sənət nümunələridir.
Vurğulanıb ki, Tofiq Bakıxanov 100-dən çox mahnının müəllifidir. Bəstəkarın “Sevən könül”, “Görüş yerimiz”, “Qurban olduğum”, “Günah özündədir”, “Könlüm səni arzular”, “Azərbaycan gölləri”, “Yaylaqların mahnısı” və digər onlarla nəğmələri bu gün sevilə-sevilə dinlənilir. Onun ulu babası görkəmli şair, alim və hərbçi Abbasqulu ağa Bakıxanovun 20-dən çox şeirinə yazdığı mahnı və romanslar bu gün də sevilərək ifa olunur. Görkəmli sənətkarın əsərləri Fransa, Rusiya, İran, Türkiyə, Şimali Kipr, Lüksemburq, Rumıniya, Bolqarıstan, Şotlandiya, ABŞ və başqa ölkələrdə səslənib, ona böyük şöhrət qazandırıb. Buna görədir ki, bəstəkar bir sıra dövlətlərin mükafatlarına layiq görülüb, musiqi ocaqlarının fəxri doktoru seçilibdir.
Tofiq Bakıxanova yaradıcılıq uğurları arzulayan Natəvan Qədimova çıxışını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin görkəmli sənətkarımız haqqında dediyi fikirlərlə bitirib: “Tofiq Bakıxanov xalqımızın tarixi keçmişində, elm və mədəniyyətində öz yeri olan böyük bir nəslin ənənələrini ləyaqətlə davam etdirərək Azərbaycan musiqi mədəniyyətinə gözəl töhfələr vermişdir”.
Tofiq Bakıxanov haqqında qısametrajlı film göstərildikdən sonra bəstəkarın əsərlərindən ibarət konsert olub.
Konsertdə bəstəkarın müxtəlif janrlı əsərləri Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri tərəfindən ifa olunub. “Naxçıvan” simfoniyettası səsləndirilib. Daha sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Azər Cəfərlinin ifasında “Naxçıvanım”, Şəhriyar Cəbiyevin ifasında “Bəslər”, Nərmin Cəfərovanın ifasında “Səbr elə”, Qəribə Həsənovanın ifasında “Səninlə bağlıdır bəxtiyarlığım” mahnıları səsləndirilib. Nadir Məmmədov isə Tofiq Bakıxanovun naxçıvanlılar tərəfindən çox sevilən tar və fortepiano üçün “Görüş yerimiz” adlı əsərini səsləndirib. Orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdın Babayevin ifa etdiyi bəstəkarın tar və orkestr üçün 1 nömrəli konserti ilə konsertə yekun vurulub.
Tədbirin sonunda Tofiq Bakıxanov çıxış edərək təşkil edilən konsertə görə minnətdarlığını bildirib. Qeyd edib ki, bu gün ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı sayəsində ölkəmizdə, o cümlədən muxtar respublikamızda mədəniyyət, incəsənət böyük inkişaf yolu keçib. Sevindirici haldır ki, bu gün Naxçıvan Muxtar Respublikasında mədəniyyət və incəsənət böyük qayğı və diqqətlə əhatə olunub. Muxtar respublikada görkəmli mədəniyyət xadimlərinin yubileyləri böyük təntənə ilə qeyd olunur, musiqi tədris ocaqları uğurla fəaliyyət göstərir, yaradıcı insanların fəaliyyəti üçün hər cür şərait yaradılır.
“Şərq qapısı”