Milli Musiqi Günü münasibətilə Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı ilə birgə tədbir keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müəllim və tələbələri yeni dərs ilinin başlanması və Milli Musiqi Günü münasibətilə təbrik edib, bu günün tarixindən, Azərbaycan klassik musiqi janrının inkişafında böyük xidmətləri olan dahi bəstəkar Üzeyir Hacıbəyovun yaradıcılığından, milli mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açıb.
Qeyd olunub ki, Üzeyir Hacıbəyov elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoyub və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına xidmət edib. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanıb, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub.
Sonra İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının məsul katibi Günay Məmmədovanın bəstəkarın həyat və yaradıcılığı haqqında çıxışı dinlənilib.
Tədbirin bədii hissəsində müəllif əsərləri ilə yanaşı, bəstəkara ithaf olunmuş musiqi nömrələri də ifa olunub. Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nərminə Qədimovanın və baş müəllim Xalubər Namazovanın müşayiəti ilə “Cəngi”, “Arşın mal alan” operettasından Əsgərin ariyası, Telli ilə Vəlinin dueti, Gülçöhrənin ariyası, “Çırpınırdı Qara dəniz”, “Qaragöz” kimi əsərlər, həmçinin Kamal Əhmədovun bəstələrindən “Aşıqsayağı”, Yaşar Xəlilovun ifasında isə “İblis” operasından parçalar səsləndirilib.
Nərmin CABBAROVA