23 Dekabr 2024, Bazar ertəsi

Sentyabrın 6-da Sədərək rayonunda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə istedadlı qadınların əl işlərindən ibarət sərgi-satış açılıb.
Sərginin açılış mərasimində Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov çıxış edərək bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında dövlət qadın siyasəti uğurla həyata keçirilir. Bu siyasətin tərkib hissəsi olaraq qadınlarımız dövlət quruculuğunda, ictimai-siyasi sahədə fəal iştirak edir, onların əməyi yüksək qiymətləndirilir. Sədərək rayonunun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində çalışan qadınlar da öz bilik və bacarıqları, işgüzarlıqları və ictimai-siyasi həyatdakı fəaliyyətləri ilə hər zaman seçilirlər. Qadınların əl işlərindən ibarət sərgilərin təşkil olunması da bu tədbirlərin davamı kimi mühüm əhəmiyyət daşıyır.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, 2015-ci ilin ok­tyabr ayında Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Muxtar respublika qadınları müstəqillik illərində” mövzusunda təşkil edilən sərgi-satışda iştirak edən Ali Məclisin Sədri belə sərgilərin hazır­lanmasını yüksək dəyərləndirərək deyib: “Milli dəyərlərin yaşadılması sahəsində həyata keçirilən tədbirlər bundan sonra da davam etdirilməlidir. Aid dövlət təşkilatları yaradılan şəraitdən istifadə edərək fəaliyyətlərini gücləndirməli, milli dəyərlərin əsas daşıyıcıları olan qadınlar bu işdə yaxından iştirak etməlidirlər. Hər bir kəndə, rayona xas olan milli dəyərlər muxtar respublikanın, muxtar respublikada toplanan milli dəyərlər isə ümumilikdə, Azərbaycan xalqının milli dəyərlər sisteminə daxildir. Ona görə də bu cür sərgilər Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın rayon mərkəzlərində də təşkil olunmalı, istedadlı qadınların fəaliyyətinə dəstək verilməlidir”.
Vurğulanıb ki, verilən tapşırığa uyğun olaraq cari ilin ötən dövründə muxtar respublikanın rayon mərkəzlərində bu səpkidə sərgilər keçirilib. Sədərək rayonunda yaşayan istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışın təşkil edilməsində məqsəd rayon üzrə qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi gənclərə aşılamaq, yüz illərdir, ailələrimizdə qorunub saxlanılan mənəvi irsimizi, zəngin dəyərə malik olan həyat tərzimizi ilmələrə, tablolara köçürmək və yaşatmaqdır. Ümumiyyətlə, indiyədək istedadlı qadınların rəsm və əl işlərindən ibarət təşkil olunan sərgi-satışlar xalq tətbiqi sənət növünün və əl işlərinin bənzərsiz nümunələri ilə seçilib. Bunun da səbəbi qadınlarımızın, o cümlədən Sədərək rayonundan olan qadınlarımızın öz əl işlərində milli dəyərlərə daha çox üstünlük verməsi, vətənpərvərlik cizgilərini daha çox qabartması olub. Çünki dünən bu günə çatmırsa, demək, bu gün də sabaha çatdırılmayacaqdır. Xalqımızın dünəninin bu günə, bu gününün sabaha çatdırılması, heç şübhəsiz, milli dəyərlərimizin yaşadılması ilə sıx bağlıdır.
İstedadlı qadınlardan Tahirə Qasımova çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Sədərək rayonunun qadınları adından minnətdarlıq edib.
Sərgi-satışda rayon üzrə 40 qadının 267 rəsm və əl işinin satışı təşkil olunub. Sulu və yağlı boya ilə işlənən tablolar, milli geyimlər, toxuculuq və bir-birindən maraqlı dekorativ-tətbiqi sənət nümunələri maraqla qarşılanıb. Tədbirdə istedadlı qadınlardan Vəfa Həsənova, Səkinə Abbasova, Ülviyyə Zeynal­ova və başqaları ilə həmsöhbət olduq. Onlar vurğuladılar ki, Naxçıvan qadınlarının firavan həyatına, ictimai mühitlə geniş əlaqələrinin yaradılmasına doğru yönəldilmiş belə addımlar onların gələcək yaradıcılığı üçün böyük stimuldur.

Hafizə ƏLİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR