Bəlkə də, dünyanın ən gözəl xoşbəxtliyidir torpaqla qucaqlaşan yağış damlalarının nəğməsini dinləmək. Tanrının Nəqşi-cahan adlı rəsm əsərinə payız adlı qızılı fırçası ilə həkk etdiyi nəqşlərin sehrində özünü unutmaq. Bir başqadır bu yerlərin payızı.
Bir azdan bütün qızmar yay boyunca bircə an belə olsun dincini almayıb çölün-düzün ortasında ətrafa kölgə salan narbənd ağacları payızın yağışında yuyunub yazadək yuxuya dalacaq. Ağrıdağdan enən küləklərin səsi Şərur düzündəki narbənd ağaclarına şirin bir layla olacaq. Sis, duman Batabatdan enərək torpağı salamlayacaq. Fəsillərin nazlı qızı payız Payız meşəsində qızıl donunu əyninə geyəcək.
Bəli, Nəqşi-Azərbaycana, Nəqşi-cahana, dünyanın bəzəyinə çevrilmiş Naxçıvana fəsillərin nazlı qızı obrazında gələcək payız. Öncə Əcəmi seyrəngahına gedərək öpəcək böyük ana Möminə xatının əlini. Qızıl ipəklərlə ilmələnmiş don verəcək 40 incəbelli qıza – Möminə xatın ətrafındakı ağaclara. Tanrıdan yenə daşqın olacağını soruşmaq üçün müdrik baxışlarla Araza boylanan Nuhun məqbərəsini də ziyarət edəcək payız.
Və bir rəssam axtarıram ki, yağışlar torpağın yanağından öpəndə, insanlar yağışda islanmaq qorxusu ilə hərəsi bir tərəfə tələsəndə payızın palitrasında rənglərin ahəngini tapmaq arzusu ilə alışıb yana bu yağışın altında. Və bir payız tablosu yaratmaq istərkən özü Tanrının “Qızılı Nəqşi-cahan” adlı tablosuna həkk oluna.
Və bir şair... Qalxıb Naxçıvanqaladan gözünü dikə Araza və yaza ki, Araz bölünmüş bir yurd üçün ağlayan kövrək payızın göz yaşlarıdır. Və bu misraları Haçadağ üzərində çaxan şimşək həkk edə göy üzünə...
Və bir musiqiçi... Qalxıb Gəmiqayaya daşlar üzərində rəqs ifa edən yağış damlalarının səsini Arpaçayın yallı ahəngi ilə sintez edib köçürə nota.
Bir də bir insan. Sadə bir insan. Bu qədər gözəlliyi seyr edərək, sadəcə, bir cümlədə ifadə edə hər şeyi: Naxçıvan, mən sənin payızını sevirəm.
Elnur KƏLBİZADƏ