M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Zaur Vedilinin “Şahzadə Bəndalı” pyesi əsasında hazırlanmış eyniadlı tamaşaya ictimai baxış olub.
Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Xalq artisti Yasəmən Ramazanova, quruluşçu rəssamı Murad Babayev, bəstəkarı Əli Məmmədovdur. Dönməz iradə, saf əqidə uğrunda çətinliklərə mətanətlə sinə gərmək, arzuya çatmaq üçün zəhmətə qatlaşmaq kimi tərbiyəvi keyfiyyətlərin aşılandığı səhnə əsərində tamaşaçılar Şahzadə Bəndalı (Arzu Səfərov), padşah (İlham Babayev), məmləkət padşahı (İlqar Babayev), əjdaha (Süleyman Süleymanov), div (İlham Babayev), ağ ayı (İlqar Babayev), çolaq qarışqa (Vəsmə Quliyeva), qarı nənə (Ulduz Süleymanova), başqa məmləkət padşahı (İbad Nəbiyev) və Gülgəz xanım (Əfqanə Ələsgərova) obrazları ilə tanış olacaqlar.
Tamaşadan sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev, nazirliyin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin direktoru Səyyar Məmmədov çıxış edərək tamaşa haqqında fikir və rəylərini bildiriblər. Vurğulanıb ki, xalq nağılları motivləri əsasında səhnələşdirilmiş “Şahzadə Bəndalı” tamaşası nağıllarımızda təbliğ olunan tərbiyəvi ideyaların təbliği baxımından təqdirəlayiqdir.
Sonda əsərin müəllifi Zaur Vedili çıxış edərək uşaqlar üçün yazdığı pyesin tamaşaya qoyulmasına görə minnətdarlığını bildirib.
Xəbərlər şöbəsi