23 Dekabr 2024, Bazar ertəsi

Sentyabrın 23-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Naxçıvan –­ bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının albom-kataloqunun təqdimatı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının sədr müavini Əli Həsənov albom-kataloqun təqdimatı münasibətilə iştirakçıları və muxtar respublika rəssamlarını təbrik edərək demişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində bütün sahələrdə olduğu kimi, rəssamlığın və təsviri sənətin inkişafı sahəsində də ardıcıl tədbirlər görülür. Ötən müddət ərzində Bəhruz Kəngərli Muzeyi, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonu yaradılmış, 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi üçün yeni bina istifadəyə verilmişdir. 2011-ci ildə Rəssamlar Birliyinin 40 illik yubileyi keçirilmiş, rəssamların çalışdığı köhnə emalatxanalar daha geniş və hər cür şəraiti olan emalatxanalarla əvəz olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Rəssamlar Parkının yaradılması haqqında” 14 noyabr 2015-ci il tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı istifadəyə verilmiş və burada görkəmli rəssamın abidəsi ucaldılmışdır.
Muxtar respublikada gənc rəssam kadrlarının hazırlanmasının da diqqətdə saxlanıldığını, bu məqsədlə Naxçıvan Dövlət Universitetində Təsviri incəsənət və rəsmxətt, Naxçıvan Müəllimlər İnstitutunda Təsviri incəsənət müəllimliyi ixtisaslarının, məktəbdənkənar təhsil müəssisələrində isə rəsm dərnəklərinin açıldığını vurğulayan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri bildirmişdir ki, Naxçıvanda gənclərin rəssamlıq sənətinə yiyələnmələri üçün bütün imkanlar yaradılmışdır. Muxtar respublikada yaşayıb-yaradan rəssamların yaradıcılığının stimullaşdırılması üçün tədbirlər görülmüş, Azərbaycan boyakarlıq sənətinin klassik və müasir nümayəndələrinin albom-kataloqları hazır­lanıb nəşr etdirilmişdir.
İncəsənətin, o cümlədən təsviri sənətin inkişafının nəticəsidir ki, artıq muxtar respublika beynəlxalq tədbirlərə ev sahibliyi edir. Belə tədbirlərdən biri də “Naxçıvan – bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına əsasən 2016-cı il mayın 26-da üçüncü beynəlxalq rəsm festivalı keçirilmişdir. Festival çərçivəsində Bəhruz Kəngərli adına Rəssamlar Parkının açılması, eləcə də festivalın “Əlincəqala” tarixi abidəsində keçirilməsi tədbirin əhəmiyyətini artırmış, iştirakçıların dəyərli əsərlər yaratmasına səbəb olmuşdur. Bu əsərlərdən ibarət olan “Naxçıvan–bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının albom-kataloqu Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə nəşr olunmuşdur. Nəfis tərtibatda hazırlanan kataloqda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Rəssamlar Parkının yaradılması haqqında” Sərəncamı, parkın açılışı zamanı etdiyi dərin məzmunlu çıxışı, tədbirdən çəkilmiş fotoşəkillər, eləcə də festivalda iştirak edən 52 rəssam haqqında qısa bioqrafik məlumatlar yer almış, festivalda çəkilmiş rəsm əsərləri verilmişdir.
Əli Həsənov “Naxçıvan–bəşəriyyətin beşiyi” festivalının keçirilməsini və bu dəyərli albom-kataloqun nəşrini himayəsinə aldığına, eləcə də muxtar respublikamızda rəssamlıq sənətinin inkişafına göstərdiyi diqqətə görə təqdimat mərasiminin iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirmiş, “Naxçıvan–bəşə­riyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının kataloqunun nəşri münasibətilə bir daha muxtar respublika rəssamlarını təbrik etmiş, yaradıcılıq uğurları arzulamışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyeva Naxçıvanda rəssamlıq sənətinin inkişafına göstərilən qayğıdan danışmış və minnətdarlıqlarını bildirmişlər.
Sonra festivalın iştirakçısı olmuş rəssamlara və tədbir iştirakçılarına “Naxçıvan–bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının albom-kataloqu təqdim olunmuşdur.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR