23 Dekabr 2024, Bazar ertəsi

Bir-birindən gözəl, incə naxışlarla, ornamentlərlə bəzədilmiş milli geyimlər, üzərində tarixi abidələrimizin əksi olan xalılar, xurcunlar, heybələr, al-əlvan rənglərin bəzədiyi tablolar, maketlər, cürbəcür daşlardan, muncuqlardan yığılmış bilərziklər, boyunbağılar, içində iplərdən toxunma gül-çiçək olan güldanlar və daha nələr, nələr...

Son 10 gündə Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayına gedənlər qadın əlinin, qadın təxəyyülünün, qadın zərifliyinin və istedadının sehrinə düşüblər. Çünki ötən ayın 28-dən əzəmətli Heydər Əliyev Sarayının foyesi sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış üçün ayrılmışdı.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq, Bilik Fondunun Himayəçilik Şurasının, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi sərgi-satışa böyük maraq göstərilib. Buraya üz tutan muxtar respublika sakinləri və qonaqlar hədiyyəlik əşyalar alıb, sərgidə nümayiş etdirilən digər nümunələrlə maraqlanıblar. Telli Dadaşovanın, İradə Abbasovanın, Sona Əliyevanın, Sonay Hacızadənin, Pakizə Məmmədlinin, Məhbubə Əliyevanın və başqalarının sərgidə nümayiş etdirilən əl işləri incə qadın zövqündən və sənətə həvəsdən xəbər verirdi.

Sərgi başa çatmamışdan bir neçə gün əvvəl Heydər Əliyev Sarayına gedərək burada əl işlərini nümayiş etdirən qadınlarla, sərgiyə gələnlərlə söhbətləşdik. Sərginin bir guşəsində qarşılaşdığımız, ilk dəfə sərgiyə gipsdən hədiyyəlik əşyalar çıxaran Büllurə Quliyeva evdar qadındır. Deyir ki, bu sərgidə gördüklərim və şahidi olduğum hadisələr məni bu işlə daha ciddi məşğul olmağa məcbur etdi. Bundan sonra çalışacağam ki, gələcəkdə təşkil ediləcək belə tədbirlərə daha maraqlı əl işləri ilə çıxım. Bunun üçün çox çalışmaq lazım olsa da, bu sərgi məni həvəsləndirdi. Əminəm ki, gələcəkdə mənə uğur gətirəcək əl işləri hazırlaya biləcəyəm.
Dekorativ-tətbiqi sənət nümunələri üçün ayrılmış guşənin qarşısında da qələbəlikdir. Buraya toplaşanlar Samiyə Əliyevanın, Səfurə Əlisoyun, Aynur Oruc­ovanın, Fəridə Əliyevanın, Məhbubə Qurbanovanın, Fəxriyyə Allahverdiyevanın, Gülşən Şıxəliyevanın, Səmirə Vəlizadənin, Şəlalə Hüseynovanın, Fatma Kazımzadənin, Şamama Əliyevanın və başqalarının əl işlərinə baxır, işlərin yaradıcılıq keyfiyyətləri haqda söhbət edirlər. Həqiqətən də bu işlər haqqında söhbət açmağa dəyər.
Bakı şəhərində yaşayan və bir neçə günlüyə muxtar respublikaya qonaq gələn Aləm Əkbərov da qadınların əl işlərinin alıcıları arasındadır. Sərgidə nümayiş etdirilən xalçalardan birini aldığını görüb ona yaxınlaşırıq və həmsöhbət oluruq. Deyir ki, bu sərgi məni çox heyran etdi və mən üzərində Naxçıvana aid ornamentlər və təsvirlər olan xalçanı aldım. Çox böyük zövqlə işlənən bu xalça evimizin bəzəyi olacaq. Burada sərgilənən tablolar Naxçıvanda rəssamlıq sənətinin nə qədər inkişaf etdiyindən xəbər verir. Düzü, seçim qarşısında qalmışam. Tabloların hamısı bir-birindən maraqlı, rəngarəngdir. Hansı tablonu seçəcəyimə qərar verə bilmirəm. Ancaq bir şey dəqiqdir ki, bu tablolardan biri mənim iş otağımın divarında öz yerini alacaq.
Sərgiyə dekorativ-tətbiqi sənət nümunələri, bədii tikmələr, xalça məmulatları çıxaran Züriyyə Musayeva sağlamlıq imkanları məhdud istedadlı qadınlarımızdan biridir. Sərgidə onun əl işləri çoxluq təşkil edirdi. Ondan bu qədər işin hazırlanmasına necə vaxt ayırdığını soruşanda səmimiyyətlə gülümsəyir. Deyir ki, bütün sahələrdə olduğu kimi, burada da əsas sözü təcrübə deyir. Əvvəllər o, sərgilərə bir və ya maksimum iki əl işi çıxarırdısa, indi bu işlərin sayını 20-yə çatdırıb. Məhsulların satış səviyyəsi də razılıq doğurur, təşkilatçı qurumların nümayəndələri satışın yaxşı təşkil olunması üçün əllərindən gələni edirlər. Belə sərgi-satışlar onun və onun kimi əl işləri hazırlayanların çox karına gəlir, bir növ, maddi baxımdan kömək edir.
Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Təsviri incəsənət müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Gülnaz Mahmudova bu sərgiyə rəsm əsəri, vitraj texnikası ilə, rəngli şüşələrlə hazırlanmış tablo ilə qatılıb. Deyir ki, bu işlərin hazırlanmasında müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyevanın böyük köməyi olub. Sərgiyə gələnlərin onun işlərinə böyük maraq göstərməsinə çox sevinir.
Sərgidə nümayiş etdirilən hər bir əl işinə diqqətlə baxanda açıq-aydın görünürdü ki, ilmələrdə, naxışlarda, ornamentlərdə bu torpağın hər qarışının, xalqımızın mədəniyyətinin, incəsənətinin, tarixinin, etnoqrafiyasının izləri var. Dünyanın hər hansı yerində bu sənət nümunələri nümayiş etdirilsə, Naxçıvanı tanıyanlar bu işlərin harada hazırlandığını dəqiq biləcəklər. Muxtar respublikada yaşayan 227 istedadlı qadının 934 rəsm və əl işinin nümayiş etdirildiyi sərgi-satışa əhalinin böyük maraq göstərməsi onu deməyə əsas verir ki, əl əməyinin, göz nurunun, sonsuz səbir və dəqiqliyin məhsulu olan əl işlərinə tamaşa etmək, onların necə ərsəyə gəlməsi ilə maraqlanmaq hər kəsin ürəyincədir. Bir sözlə, onlara tamaşa etməyə, yaxınlarına hədiyyə verməyə dəyərdi. Qeyd edək ki, 10 gün davam edən, dünən başa çatan sərgiyə 2 min 800 nəfərdən çox tamaşaçı gəlib. Sərgidə 74 qadının 4641 manat dəyərində 266 rəsm və əl işi satılıb.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR