Naxçıvan Muxtar Respublikası XI-XVII əsrlərə aid bir sıra mühüm mədəni dəyərlər aspektindən Azərbaycan Respublikasının tarixi xüsusiyyətlərini və arxeoloji abidələrini özündə ehtiva edir.
Naxçıvandakı XI-XVII əsrlərə aid zəngin mədəni abidələr Qafqaz regionunda baş vermiş siyasi, iqtisadi və mədəni proseslərə şahid olub və bütövlükdə Azərbaycanın orta əsr tarixini özündə cəmləşdirir. Xarabaşəhər, Xıncab qəbiristanlığı, Astabad nekropolu, Aza körpüsü, Gənzə qəbiristanlığı və Xaraba karvansaray abidələri ərazidə olan mühüm mədəni abidələrdən bəziləridir.
XII əsrə aid yaşayış ərazisi olan Xarabaşəhər XVII əsrə qədər mühüm ticarət mərkəzi olmuşdur. Xarabaşəhər Naxçıvan şəhərinin Qaraçuq kəndinin yaxınlığında yerləşir və 40 hektar ərazini əhatə edir. 1960-cı ilin əvvəllərində bu tarixi yaşayış məskənində azərbaycanlı və beynəlxalq arxeoloqlar tərəfindən qazıntı işləri aparılmış və oradan divar qalıqları, metal kənd təsərrüfatı məmulatları (nal, bıçaq və digər kənd təsərrüfatı alətləri) aşkar edilmişdir. Bunlardan başqa, ərazidən dəmirçixana, məişət və təsərrüfat əşyaları, Elxani sikkələri, bəzək əşyaları, şirli və şirsiz gil qablar, rəngli şüşə, dəri, ağac, sümük və parça məmulatı qalıqları və sair tapılmışdır. Ərazidən aşkar olunmuş gil qablar İran və Yaxın Şərq ərazisində aşkar olunmuş orta əsr keramikası ilə yaxınlıq təşkil edir və eyni dövrə aiddir.
Digər tarixi ərazi isə son orta əsr mədəni ərazisi olan Xıncab qəbiristanlığıdır. Bu abidə Kəngərli rayonunun Xıncab kəndindəki təpənin üzərində yerləşir. Ərazidəki qəbirlərin yerüstü əlamətləri itsə də, onların bir çoxunun başdaşı saxlanılmışdır. Əsrlərlə tarixi olan başdaşılarının üzərində turistlər ərəb əlifbası ilə yazıya rast gələ bilərlər. Bəzi qəbirlərin üzərində dördkünc formalı daş yığınlarına rast gəlinir. 2006-cı ildə aparılan araşdırmalar zamanı qəbiristanlıqda xalq arasında sancı daşı adı ilə tanınan sənduqətipli nadir qəbirüstü abidə aşkar olunmuşdur. Abidənin üzərində ərəb əlifbası ilə kitabə və təsvirlər vardır. Hazırda qəbiristanlığın ərazisində orta əsrlərə aid şirli və şirsiz saxsı qabların parçalarına rast gəlmək olar. Qəbir tiplərinə və sinə daşlarına əsasən Xıncab qəbiristanlığını XVI-XVIII əsrlərə aid etmək olar. Qəbiristanlığın bir qismindən XX əsrdə də istifadə olunmuşdur.
XII- XVII əsrlərə aid olan digər qəbiristanlıq isə Naxçıvan şəhərindəki Astabad nekropoludur. Nekropolda müsəlman adəti üzrə dəfn edilmiş insan skeletləri aşkar olunmuşdur. Bəzi qəbirlərin üzərində sənduqə və daş qoç formasında abidə aşkar olunmuşdur. Başdaşılarının əksəriyyəti düşmüş və dağılmışdır, bəzilərinin üzərində ərəb qrafikası ilə kitabə günümüzədək gəlib çıxmışdır. Araz su qovşağının tikintisi ilə bağlı olaraq bu tarixi ərazi su altında qalmışdır.
Aza körpüsü Ordubad rayonunun Aza kəndində, Gilançayın üzərində olan memarlıq abidəsidir. Aza kəndi ilə Darkəndi birləşdirən bu körpünün eni 3,5 metr, uzunluğu isə 46 paqonometrdir. Beş aşırımlıdır, qırmızımtıl rəngli yonulmuş yerli dağ daşından inşa edilmişdir. Körpü inşa edilərkən yerləşdiyi ərazi nəzərə alınmış və tağların dördündə dalğakəsən qoyulmuşdur. Hindistanı və Çini Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən mühüm ticarət-karvan yolu üstündə yerləşən Aza körpüsü Böyük İpək Yolu ilə Şərqdən Qərbə və əksinə hərəkət edən ticarət karvanlarının işini asanlaşdırmaq üçün Səfəvi hökmdarı Şah Abbasın dövründə inşa edilmişdir. Qeyd etmək lazımdır ki, buradan keçən bütün ticarət karvanları Naxçıvanın yerli məhsulları olan quru meyvələr, sənətkarlıq məmulatları və ipək geyimləri Avropa bazarlarında təbliğ edərək Qərbi Avropaya ixrac edirdi. Ordubad rayonu ipək geyim və paltarların istehsalına görə dünyanın ən mühüm regionu olmuşdur.
Tarix Azərbaycanın bu regionuna qarşı rəhmsiz olmuşdur. Tarixi hadisələr və təbii fəlakətlər nəticəsində Aza körpüsü dağıdılmış və bir neçə dəfə yenidən təmir olunmuşdur. 1977-ci ildə güclü sel suları körpünün bir hissəsini yuyub dağıtdıqdan sonra körpü əsaslı təmir olunmuşdur. Yerli əhalinin Naxçıvan və Ordubadın digər kəndlərindən Aza kəndinə malların daşınması üçün bu körpüdən istifadə etməsini görmək insana dərin təsir bağışlayır. Körpü XVII əsrə aiddir.
Ordubad rayonunun Gənzə kəndinin mərkəzində arxeoloji ərazi olan Gənzə qəbiristanlığı yerləşir. Arxeoloji ərazidə qəbirlərin əksəriyyətinin yerüstü əlamətləri itmiş və başdaşıları torpağın altında qalmışdır. Qəbiristanlıq qərb və şərq istiqamətlərinə yönəlmiş müsəlman qəbirlərindən ibarətdir. Qəbirlərin bəzisinin ətrafında dördkünc formalı daş düzümləri, bəzilərinin üzərində isə kiçik oval təpəciklər qalmışdır. Qəbirlərin bir neçəsinin başdaşıları yonulmuş, Ordubad rayonu üçün xarakterik olan yaşılımtıl rəngli daşlardan hazırlanmışdır. Turistlər orada dördkünc formalı tağşəkilli sonluqla tamamlanan daş xatirə lövhələri müşahidə edə bilərlər. Həmin başdaşıların üzərində XVI-XVII əsrlərə aid ərəb əlifbası ilə yazılmış kitabələr vardır. Yerli əhalinin deyiminə görə, qəbiristanlığın yerləşdiyi torpaq sahəsi Hacı Hüseynquluya məxsus olmuş və o, bu torpaq sahəsini kənd qəbiristanlığı üçün bağışlamışdır. Qazıntılar zamanı qəbiristanlığın ərazisindən orta əsrlərə aid şirli və şirsiz keramika məmulatları aşkar olunmuşdur. Alimlərin araşdırmaları təsdiq edir ki, qəbiristanlıqda XV əsrdən sonra dəfn mərasimləri keçirilməyə başlanmışdır.
Kəngərli rayonunun Xok kəndi yaxınlığında 2 hektar ərazini əhatə edən Xaraba karvansaray məşhur arxeoloji abidədir. Karvansarayın ərazisində xeyli sayda kərpic qalıqlarına rast gəlinməsi vaxtilə buradakı tikintilərin inşasında bişmiş kərpicdən geniş istifadə olunduğunu göstərir. Hazırda tikililərin yerində dördkünc formalı çalalar və kərpic təpəcikləri qalmışdır. Tikinti qalıqlarına əsasən karvansaray binalarının bir-birinə birləşik yerləşdirilmiş dördkünc formalı tikililərdən ibarət olduğunu demək olar. Yerüstü materiallar başlıca olaraq çəhrayı rəngli şirsiz və şirli keramika parçalarından ibarətdir. Aşkar olunmuş keramika məmulatları başlıca olaraq son orta əsrlər üçün səciyyəvidir. Xaraba karvansaraydan aşkar olunmuş arxeoloji materiallara əsasən demək olar ki, XIV- XVIII əsrlərdə ərazi güclü ticarət marşrutu olmuşdur.
Naxçıvanın bütün mədəni və arxeoloji abidələri qədim mədəni irsin qorunması və möhkəmlənməsində mühüm rol oynayaraq hazırkı Azərbaycan cəmiyyətinin vəziyyətinə müsbət mənada güclü təsir etməkdə davam edir.
Peter Tase
29.10.2016
Amerika Birləşmiş Ştatlarının “Eurasia
review” və “Foreign Policy News”qəzetləri