Muxtar respublika məktəblilərinin yay tətili günlərində asudə vaxtlarının səmərəli təşkili məqsədilə həyata keçirilən tədbirlər davamlı xarakter alıb.
Naxçıvan şəhərində məktəbdənkənar tərbiyə müəssisələrinin iştirakı ilə “Yay tətili uşaqların gözü ilə” devizi altında musiqili konsert proqramı da yaddaqalan olub.
Tədbirdə vurğulanıb ki, muxtar respublikanın məktəbdənkənar tərbiyə müəssisələrinin fəaliyyət dairəsini genişləndirmək üçün belə müəssisələrə hərtərəfli qayğı göstərilir.
Sonra konsert proqramına start verilib.
Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin qarşısında keçirilən tədbir əhalinin, əsas da uşaqların böyük marağına səbəb olub.
Tədbirdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Gənc Heydərçilər” dəstəsi şeirlərlə, “Əlvan çiçəklər” mahnı və rəqs ansamblı isə rəngarəng musiqi və rəqs nömrələri ilə çıxış ediblər.
Estetik Tərbiyə Mərkəzinin vokal qrupunun ifa etdiyi “Azərbaycan” mahnısı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Mərkəzin “Fidanlar” qrupu gözoxşayan rəqsləri ilə seçilib.
Xəbərlər şöbəsi