23 Dekabr 2024, Bazar ertəsi

 Sənət bəzən hansısa bir sənətkara təkcə şan-şöhrət gətirmir. Onun yaşam tərzinə çevrilir, həyat amalına dönür. Bu istəklə yaşayan sənətkarlar öz sevimli sənəti ilə yalnız nəfəs almır, onu həm də qiymətli bir xəzinə kimi öz övladlarına təhvil verirlər. Bununla da həm öz adlarını, həm də sənətin sirlərini yaşadırlar. Naxçıvan teatrında da belə sənətkar ailələri öz sənət ənənəsini yetirmələri olan övladlarına miras olaraq buraxmış və adlarını teatr tarixinin qızıl səhifələrinə yazmışlar. Belə sənətkar ailələrindən biri də Mövləvilərdir. 

Hardasa yüz ilə yaxındır ki, Naxçıvan teatrının afişalarında, pro­qramlarında Mövləvi soyadına rast gəlirik. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının bu görkəmli nəsillə bağlanan tarixi 1920-ci illərdən başlayır. Ailənin ilk sənətkarı Əbdülsəməd Rzalı 1900-cü ildə Təbrizdə anadan olub. Təbrizdəki “Rüşdiyyə” məktəbində təhsil alan gənc Əbdülsəməd burda ilk dəfə Nəriman Nəriman­ovun “Nadir şah” əsərindəki yeganə qadın obrazı olan Gülcahanı oynayıb. 1921-ci ildə baş verən siyasi proseslərin fonunda Naxçıvana köçməyə məcbur olub. İstedadlı gənc elə həmin ildən Naxçıvan teatrında aktyor və rejissor kimi fəaliyyətə başlayıb. Sonradan onu teatrsevərlər Səməd Mövləvi kimi tanıyıblar. Böyük sənətkarın davamçısı olan oğlu Tofiq Mövləvi bu ad dəyişdirməsini atasına qarşı olan təqiblərlə əlaqələndirir: “Həmin illərdə İrandan gələn adamları təqib edir və onlardan şübhələnirdilər. Atam da məcbur qalıb özünə Mövləvi – yəni 13-cü əsrin məşhur türk övliyası Cəlaləddin Ruminin davamçılarının özlərinə götürdüyü ləqəbi soy­ad kimi qəbul edir. Adından isə “Əbdül” sözünü çıxır. Beləliklə, Əbdülsəməd Rzalı Səməd Mövləvi olur. Amma mən öz oğluma atamın adını elə-belə də vermişəm – Əbdülsəməd”.

Səməd Mövləvi Naxçıvan teatrında bir-birindən maraqlı rollar oynayıb. Onun obrazlar qalereyasında N.Nərimanovun “Nadir şah” dramında Nadir şah, C.Məmmədquluzadənin “Ölülər” tragikomediyasında Şeyx Nəsrulla, M.F.Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasında Məstəli şah, “Hacı Qara” komediyasında Heydər bəy, Şeksprin “Otello” əsərində Otello, H.Cavidin “Şeyx Sənan” əsərində Şeyx Sənan və başqa onlarla rollar var. Bundan başqa, Səməd Mövləvi C.Cabbarlının “Oqtay Eloğlu”, “Sevil”, “Aydın”, V.Şkvarkın “Özgə uşağı”, Ü.Hacıbəyovun “Ər və arvad”, “Leyli və Məcnun”, A.Ostrovskinin “Günahsız müqəssirlər” və digər müəlliflərin 10-dan artıq əsərinə rejissor kimi də quruluş verib. O, Böyük Vətən müharibəsi illərində digər sənətkarlarla birlikdə teatrda maraqlı tamaşalar hazır­lamaqla vətənpərvərlik hisslərinin artırılması məqsədilə hərbi hissələrdə çıxışlar edirdi. Maraqlı bir fakta diqqət yetirək: 1942-ci ildə teatrın nəzdində yaradılmış üç bədii təşviqat briqadasına Səməd Mövləvi, Mirhəsən Mirişli və Füruzə Əlixanova rəhbərlik edirdilər. Bu vətənpərvər fəaliyyət nəticəsində 1943-cü ildə Azərbaycanın bir sıra teatr xadimləri ilə birlikdə Səməd Mövləvi də Azərbaycan SSR-in Əməkdar artisti fəxri adına layiq görülüb. 1960-cı ildə isə Xalq artisti fəxri adını alıb. Bu mərasimdə isə dediyi bir ifadə Naxçıvan teatrının gələcək sənət yolunda istiqamətini təyin edib: “Rus teatrı və Avropa dramaturgiyası tükənməz yaradıcılıq məktəbidir. Biz bu məktəbdən səylə öyrənməliyik”. Bu fikir həm də hələ gənc yaşlarında Tiflis və İrəvan Azərbaycan teatrında işləyən Səməd Mövləvinin dünyagörüşü və əsl sənətkar kimi potensialından, dünya dramaturgiyasına olan marağından xəbər verir. Xalq artisti 1962-ci ildə vəfat edib. Əslində, bir sənətkar üçün bu yaş yaradıcılığın tam mükəmməlləşdiyi bir dövrdür. Amma o, artıq özündən sonra səhnədə onun işini davam etdirən bir xələfini – oğlu Tofiq Mövləvini yetişdirə bilmişdi. 1954-cü ildə ilk dəfə səhnəyə çıxanda Tofiq Mövləvinin 16 yaşı vardı. Tofiq müəllim deyir ki, mən uşaqlıqdan tez-tez atamla teatra gəlirdim. Onun oynadığı rollara, rejissorluq etdiyi tamaşalara maraqla baxırdım. Atam o qədər həvəslə və maraqla işləyirdi ki, mən də özümü ona oxşatmağa çalışırdım. Nəticədə isə özümü bir gün səhnədə gördüm.
Maraqlı burasıdır ki, Tofiq Mövləvi də Naxçıvan teatrının səhnəsində təkcə aktyor kimi çıxış etmirdi. O həm də xalq teatrında “Gənclik” studiyası yaratmışdı. Bu studiyada isə o vaxt Naxçıvan şəhərində fəaliyyət göstərən müəssisələrin həvəskar gənclərini cəlb etməklə bir-birindən maraqlı tamaşalar hazırlayırdı. Muxtar respublikanın kənd­lərində, rayon mərkəzlərində təmənnasız oynanılan tamaşalar heç də peşəkar teatrdakından geri qalmırdı. Hətta bu tamaşalar o zaman paytaxt Bakıda da oynanılıb. İndi muxtar respulikamızda teatr sahəsində yaxşı tanınan Xalq artistləri Şirzad Abutalıbov, Kamran Quliyev, Yasəmən Ramazanova da ilk səhnə addımlarını məhz Tofiq Mövləvinin studiyasında atıb. Bu siyahını indi sənətlə məşğul olan peşəkarları və olmayan həvəskar insanları sadalamaqla nə qədər uzatmaq olar. Bu studiya, bir növ, böyük teatr üçün əsl aktyor bazası idi. Səhnəni atasından keçən irsi peşəkarlıqla, intuisiya ilə hiss edən, bu sənətin içində, mühitində böyüyən Tofiq müəllim aktyor kimi də səhnədə öz sözünü deyib. “Qız atası”, “Şeyx Sənan”, “Ana”, “O olmasın, bu olsun”, “Atabəylər” və başqa əsərlərdə bir-birindən maraqlı rollar oynayıb. Hətta “Mənim nəğməkar bibim” tamaşasındakı Müküş rolu ilə ölkə səviyyəsində teatr tənqidçilərinin diqqətini çəkərək onları xoş sözlər deməyə məcbur edib. 1974-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2008-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2005-ci ildən Prezident təqaüdçüsüdür.
Səhnəyə bağlanan iki tale, iki ömür. Əgər müqayisə aparsaq, hər iki sənətkar – istər ata Mövləvi, istərsə də oğul Mövləvi sənətkarlıq baxımından bir-birindən çox az fərqlənir. Bu fərq yalnız zaman və mühit fərqidir. Əgər Səməd Mövləvi kiçik səhnəsi, balaca tamaşaçı salonu olan teatrda sənət sərgiləyirdisə, Tofiq Mövləvinin qismətinə 1964-cü ildə istifadəyə verilən, 2012-ci ildə yenidən qurulan müasir binaya malik Naxçıvan Dövlət Musiqili Dram Teatrı düşüb. Amma fərqi yoxdur, sənət sənətdir. O, onu sevən hər kəsi yaşadır, tanıdır və adını tarixin səhifəsinə yazır. Bu sevgi əgər bir nəslin ənənəsinə çevrilirsə, deməli, bu səhifə daim vərəqlənən əbədi yaddaşa çevrilir.

Səməd CANBAXŞIYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR