Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olduğu günün – 18 sentyabrın “Milli Musiqi Günü” kimi qeyd olunması haqqında Fərman imzalamışdır. Artıq 21 ildir ki, sentyabrın 18-i ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd olunur.
Sentyabrın 17-də bu əlamətdar gün münasibətilə Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova tədbirdə çıxış edərək bildirmişdir ki, dahi bəstəkarımız Üzeyir Hacıbəyov Azərbaycanın mədəniyyət tarixinə professional musiqinin banisi, görkəmli ictimai xadim, jurnalist, fitri istedad sahibi kimi daxil olub. Ümummilli liderimiz Heydər Əliyev Üzeyir Hacıbəyov yaradıcılığını yüksək dəyərləndirərək deyirdi: “Xalqımızda milli dirçəliş, milli oyanış, milli özünüdərk hisslərinin formalaşmasında, inkişaf etməsində Üzeyir Hacıbəyovun əsərləri və onun bilavasitə fəaliyyəti böyük rol oynamışdır. Azərbaycanlılar – gənclər, vətəndaşlarımız məhz Üzeyir Hacıbəyovun əsərlərindən ruhlanaraq vətənimizi sevmişlər; onun musiqisini dinləyərək, onun əsərlərindən irəli gələn fikirlərin təsiri altına düşərək hiss etmişlər ki, Vətən, ölkə, millət hər bir insan üçün nə qədər əzizdir, doğmadır”.
Qədim tarixə malik olan Azərbaycan musiqi sənətinin inkişafı ümummilli liderimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə dinamik xarakter almışdır. Ulu öndər milli musiqimizin böyük simaları olan Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Arif Məlikov kimi dünya səviyyəli bəstəkarlarımızın yaradıcılıqlarını yüksək qiymətləndirmiş, Azərbaycan mədəniyyətinin inkişafına böyük qayğı göstərmiş, bu sahədə ixtisaslı musiqiçi kadrların hazırlanmasına xüsusi diqqət yetirmişdir.
Qeyd olunmuşdur ki, bu gün respublikamızda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən milli musiqi sənətimizə qayğı və diqqət uğurla davam etdirilir. Azərbaycan musiqisinin inkişafı sahəsində böyük işlər görülür və genişmiqyaslı layihələr həyata keçirilir, dünyanın müxtəlif ölkələrində Azərbaycan mədəniyyəti tanıdılır və təbliğ edilir.
Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikasında da milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Muxtar respublika mədəniyyəti özünün yeni inkişaf dövrünü yaşamaqdadır. Son illər Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə yeni musiqi məktəbləri tikilib istifadəyə verilmiş, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin maddi-texniki bazası gücləndirilmiş, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının, Aşıqlar Birliyinin fəaliyyəti təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 29 mart tarixli “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən, ötən il musiqi ocağının yubileyi muxtar respublikamızda geniş qeyd olunmuş, yerləşdiyi bina əsaslı şəkildə yenidən qurulmuşdur. Musiqinin inkişafına göstərilən qayğı Naxçıvan bəstəkarlarının yaradıcılıq imkanlarını da genişləndirmişdir. Onlar yaradılan şəraitdən istifadə edərək yeni əsərlər yazır, Azərbaycan musiqi sənətini dəyərli əsərlərlə zənginləşdirirlər.
Uşaqların istedadının üzə çıxarılmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 19 aprel tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Filarmoniyasının da mühüm rolu vardır. Filarmoniyada xalq çalğı alətləri, kamera orkestrləri, mahnı və rəqs ansamblı, xor kollektivi fəaliyyət göstərir.
Nazir demişdir ki, bu gün muxtar respublikada milli musiqimizin təbliği istiqamətində də mühüm tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamından sonra Naxçıvan Aşıqlar Birliyi yaradılmışdır.
Muxtar respublikada fəaliyyət göstərən musiqi kollektivlərinin əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir, səmərəli fəaliyyətlərinə görə musiqiçilərimiz Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, Prezident təqaüdü və mükafatlarına layiq görülürlər.
Əsl musiqinin məqsədi qəlbləri riqqətə gətirməkdir. Musiqi həm də insanları bir-birinə yaxınlaşdırmaq, doğmalaşdırmaq gücünə malikdir. Bu gün Azərbaycan musiqisi dünyanın qəbul etdiyi sənət nümunəsidir. Zaman dəyişir, zövqlər dəyişir, əsl musiqi isə əbədi yaşayır. Azərbaycan musiqisi bu gün böyük məhəbbətlə və ehtiramla sevilir, qorunur, yaşadılır və təbliğ edilir.
Sonra Milli Musiqi Gününə həsr olunmuş konsert olmuşdur.
Konsert proqramında Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin, Xalq Çalğı Alətləri Orkestrinin ifalarında dahi Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasından “Müqəddimə”, “Koroğlu” operasından “Uvertüra”, “Rəqs” musiqiləri səsləndirilmişdir. Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Elçin Nağıyevin, Hünər Əliyevin, gənc solist İlkin Abdullayevin ifalarında bəstəkarın “Sənsiz” romansı, “Qaragöz” mahnısı, “Arşın mal alan” operettasından “Əsgərin ariyası” oxunmuşdur. Milli Musiqi Gününə həsr olunmuş konsertdə xalq mahnıları da səsləndirilmişdir. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfüqar Mahmudov, solistlər Cəfər Tağıyev, Nərmin Hüseynova “Ay bəri bax”, “Azərbaycan maralı”, “Sevirəm səni” xalq mahnılarını və bəstəkar mahnılarını ifa etmişlər.
Konsertdə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Tural Bağırov, Aşıq Şirin Şirinzadə sazda “Ruhani”, “Şərili” aşıq havalarını ifa etmişlər.
Azərbaycan Respublikasının Əməkdar artisti Gülyanaq Fərzəliyevanın ifasında səslənən böyük bəstəkarımız Fikrət Əmirovun “Sevil” operasından “Sevilin ariyası”, Səid Rüstəmovun “Haralısan” mahnısı, gənc müğənni İlkin Abdullayevin səsləndirdiyi Süleyman Ələsgərovun “Vətənimdir” romansı alqışlarla qarşılanmışdır.
Konsert dahi bəstəkar Üzeyir Hacıbəyovun “Cəngi” musiqi əsəri ilə başa çatmışdır.
Qeyd edək ki, Milli Musiqi Günü münasibətilə muxtar respublikanın rayon mərkəzlərində, mədəniyyət və təhsil müəssisələrində də tədbirlər keçirilmiş, konsert proqramları təşkil edilmişdir.
Əli RZAYEV