23 Dekabr 2024, Bazar ertəsi

Arıçılıq iqtisadi cəhətdən gəlirli, qida və müalicəvi əhəmiyyət baxımından ən xeyirli təsərrüfat sahəsidir. Belə ki, arıçılıq təsərrüfatının yaradılmasına lazım olan xərc az, qoyulmuş xərcin qaytarılma müddəti qısa, iş şəraiti ekoloji-sağlamlıq cəhətdən əlverişlidir. Elm sübut edib ki, tərkibi sadə şəkərlər, qlükoza və fruktozadan ibarət olan bal insan orqanizmi tərəfindən 100 faiz mənimsənilir.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, oktyabrın 15-16-da Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları – bal” festivalı keçiriləcək. Bu tədbirə muxtar respublikanın müxtəlif bölgələrindən 212 arıçı bal, arı südü, güləm, bəramum və digər məhsullar çıxaracaq. Festivalda münsiflər heyəti tərəfindən arıçılıq məhsullarının keyfiyyəti yox­lanılacaq və ilk üç yerə layiq görü­lən arıçılara qiymətli hədiyyələr veriləcək.

Məlumat üçün bildirək ki, muxtar respublikamızda təsərrüfatın çox mühüm və gəlirli sahəsi olan arıçılığın inkişafına böyük diqqət yetirilir. Bunun nəticəsidir ki, arıçılığa maraq daha da artıb. Arıçılığın inkişafı ilə əlaqədar dövlət maliyyə dəstəyinin həcmi xeyli artırılıb, balın emalı və qablaşdırılması ilə məşğul olan yeni istehsal sahələri istifadəyə verilib. Təkcə ötən il muxtar respublikada 70 min 396 baş arı ailəsi mövcud olub, 1396 ton bal istehsal edilib. Bu da 1995-ci ildəki müvafiq göstəricini 14,5 dəfə üstələyir.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi indi muxtar respublikada keçirilən müxtəlif festivalların, mədəni tədbirlərin dəyişməz ünvanına çevrilib. Təkcə bu ilin may-avqust aylarında Naxçıvanda 4 festival keçirilib. “Yaradıcı əllər”, “Göycə”, “İstedadlı uşaqlar” və “Naxçıvan çörəkləri” adlı festivallar ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Sentyabrın 30-da burada “Plov” və “Yallı” festivalları keçirilib. “Arıçılıq məhsulları – bal” festivalı “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil edilən növbəti mədəni-kütləvi tədbir olacaq.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR