23 Dekabr 2024, Bazar ertəsi

Sovet dövrü Naxçıvan ədəbi mühitinin istedadlı və məhsuldar simalarından sayılan Müzəf­fər Nəsirli çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə tanınmışdır. O, daha çox şair kimi sənət axtarışları aparıb ideya-bədii mükəmməlliyə malik dolğun əsərlər yazmaqla yanaşı, dramaturgiya, publisistika, ədəbi tənqid sahəsində də müvafiq xidmətlər göstərmişdir.
Müzəffər Qasım oğlu Nəsirli 1911-ci ilin sen­tyabrında Şahbuz rayonunun Sələsüz kəndində dünyaya göz açmış, Naxçıvan şəhərində ilk təhsil almış, sonra pedaqoji texnikumu bitirərək əmək fəaliyyətinə başlamış, həmçinin Bakıda pedaqoji institutun ədəbiyyat fakültəsində qiyabi yolla təhsilini davam etdirmişdir.
İkinci Dünya müharibəsinin iştirakçısı olan M.Nəsirli ordudan tərxis edildikdən sonra da uzun illər pedaqoji sahədə işləmiş, müəllimlik etmişdir. Onun fəaliyyətinin mühüm bir mərhələsi də Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan bölməsinə rəhbərlik etdiyi illərdir. Müzəffər Nəsirli səmərəli fəaliyyətinə görə müxtəlif fəxri fərmanlarla və bir sıra medallarla təltif olunmuşdur. Tanınmış ədib 1980-ci ildə dünyasını dəyişmişdir.

Yeniyetməlik vaxtlarından bədii yaradıcılığa başlayıb müxtəlif qəzet və jurnallarda “Sələsüzlü”, “Müzəffər Asim” imzaları ilə şeirlər dərc etdirən müəllif az sonra Müzəffər Nəsirli imzasıyla tanınmışdır. O, qələmə aldığı bir çox əsərlə oxucuların rəğbətini qazanmışdır. “Həyat haqqında mahnı”, “İşıq”, “And”, “Qafqaz yollarında”, “Mənim respublikam”, “Araz sahilində”, “Laləli dağlar”, “Yanar üfüqlər”, “İki ürək”, “Qaynar bulaq” kimi kitablarında toplanmış əsərləri sənətkarın ilham və istedadının geniş üfüqlərindən soraq verir.
Müzəffər Nəsirlinin qələmindən bir çox dəyərli şeirlər çıxmışdır. Onun müxtəlif vaxtlarda yazdığı “Mənim muxtar respublikam”, “Gözəldir”, “Qış səhəri”, “Vətən torpağı”, “Sularda qoşa şəkil”, “Məhəbbət”, “Çağır məni”, “Atalar və oğullar”, “Berlindən dönərkən”, “Göyərçin”, “Əgər” və sair nümunələr özünün ideya-bədii mükəmməlliyi ilə səciyyələnir. Ümumiyyətlə, şairin şeirləri mövzuca rəngarəngdir. O, məhəbbət mövzusunda yüksək emosionallığa malik təsirli şeirlər yazdığı kimi, Vətənimizin təbii gözəlliklərini vəsf edən dolğun bədii nümunələr də yaratmışdır. Doğma Naxçıvanımızın dünəni və bu günü barədə poetik düşüncələr də onun söz dünyasında özünəməxsus yer tutur. “Mənim Naxçıvanım” şeirində əsas yeri tutan doğma yurdun tərənnümü, onunla qürur duymaq ovqatı digər belə nümunələr üçün də xarakterikdir:
Olubdur qoca Şərqin
Əzəl gündən zinəti,
Möminənin türbəsi,
Əcəminin sənəti.
Zər cildli kitabsan,
Qoynun sirlə doludur.
Sənin şanlı tarixin
Zəfərlərlə doludur!
Tanınmış ədibin yaradıcılığında Naxçıvan mövzusunu müxtəlif yönlərdən əks etdirən şeirlər çoxdur. Onun “Bahar nəfəsli diyar” şeirinə akademik Bəkir Nəbiyevin verdiyi qiymət ədibin bu mövzulu əsərlərinin əsas məziyyətlərini özündə əks etdirir: “Müzəffər Nəsirli Naxçıvana həsr olunmuş “Bahar nəfəsli diyar” şeirində doğma yurdun tarixinə, təbiətinə, ədəbi-mədəni ənənələrinə dair qiymətli faktları mənalandırmışdır. Bu müxtəsər şeirdə memar Əcəmi, şairə Heyran xanım, görkəmli ədiblər Mirzə Cəlil, Hüseyn Cavid, Əlincə qalası, Şərur düzü muxtar respublikanın bugünkü büsatı ilə üzvi əlaqədə tərənnüm edilmiş, bu torpağın, doğrudan da, “nəqşi-cahan” olduğu poetik cəhətdən əsaslandırılmışdır”.
Müzəffər Nəsirli uşaqlar üçün onların yaş və qavrama səviyyəsinə uyğunluğu, axıcılığı, ahəngdarlığı ilə diqqəti çəkən bir sıra maraqlı şeirlər də yazmışdır.
Şairin şeirlərinin çoxunda müşahidə olunan məzmun və forma vəhdəti, mövzuya uyğun bədii vasitələrin seçilməsi, duyum və deyim tərzinin özünəməxsusluğu da müsbət məziyyət kimi təqdirəlayiqdir. Çoxəsrlik şifahi və yazılı ədəbiyyatımızın zəngin yaradıcılıq ənənələrindən ardıcıl surətdə öyrənən və bu təməl üzərində dəyərli əsərlər yazan Müzəffər Nəsirli dünya söz sənətinin ədəbi təcrübəsinə də yeri gələndə üz tutmuşdur. Onun Avropa mənşəli sonet janrında bir sıra diqqətəlayiq nümunələr yazması bu baxımdan səciyyəvidir. Yüksək mənəvi dəyərlərin, nəcib hisslərin, ülvi duyğuların poetik tərzdə tərənnümü bu sonetlərdə əsas yeri tutur. Şair sonetlərinin birində düşüncələrini belə ümumiləşdirmişdir:
Çalış, ürəyinə düşməsin ləkə,
Gərək ol vətənə, gərək ol elə,
Həyat yollarında möhkəm addım at.
Nəciblik, təmizlik gözəl xislətdir,
O, nə zər-zibadır, nə də şöhrətdir,
Düşün bu hikməti, yaşayıb-yarat!
Müzəffər Nəsirli bir sıra poemalar da yazmışdır. Onun bu janrda qələmə aldığı əsərlərin çoxunun müharibə mövzusunda olması təsadüfi deyil. O, iştirakçısı olduğu hərb illərinin yaddaşda yaşayan müşahidə və xatirələrini bədii sənət dili ilə canlandırmışdır. Şairin “Qafqaz oğulları” poemasında Azərbaycan və gürcü xalqları arasındakı tarixi dostluğun 1941-1945-ci illər müharibəsinin odlu-alovlu sınaqlarından keçməsi poetik tərzdə təcəssüm etdirilmişdir. Müəllif azərbaycanlı Kamillə gürcü Dadiqonun döyüş meydanlarında həyatlarının son anlarınadək bir-birinə sədaqətini təsirli detallarla ifadə edə bilmişdir. “Əkbər haqqında ballada” poeması isə cəsur döyüşçü, həmyerlimiz Əkbər Ağayevin rəşadətli döyüş yoluna həsr edilmişdir. Müəllifin “Sapundağ haqqında ballada” poeması bədii təsvirlərin dəqiqliyi, konkretliyi ilə daha çox maraq doğurur. Belə ki, Krımda 1944-cü ildə iştirak etdiyi müxtəlif döyüşlərin hər birinin təsvirindən əvvəl müəllif onların baş verdiyi günləri də göstərmiş, sonra əsas mətləbə keçmişdir. Bədiiliklə sənədliliyin üzvi vəhdəti bu poemada ön planda dayanır. Şairin “Atam haqqında ballada” poeması özünün psixoloji dərinliyi və sosial mündəricəsi ilə səciyyələnir. Burada hərb meydanlarında ağır yaralanan, şikəst olan bir döyüşçünün müharibədən sonra əlillər evində saxlanması, evinə qayıtmaq istəməməsi, dərin sarsıntılar keçirməsi təsirli şəkildə təcəssüm etdirilmişdir. Bu lirik-epik poemada müəllif insana qayğını, övlad məhəbbətinin gücünü, Azərbaycan qadınlarının vəfasını ön plana çəkmişdir. “Partizan Əfruz” poeması da maraqlı bədii nümunədir. Şairin “Bacılar”, “Arpaçay dastanı” kimi poemaları özünün müasirlik ovqatı, sosial-mənəvi tematikanın poetik təcəssümü, qurub-yaradan əmək adamlarının tərənnümü baxımından diqqəti çəkir.
Müzəffər Nəsirli dramaturgiya sahəsində də yaradıcılıq axtarışları aparmış, bir sıra maraqlı pyeslər yazmışdır. Müxtəlif vaxtlarda qələmə aldığı “Azadlıq günəşi”, “Qanlı qanunlar”, “İntiqam”, “Dürdanə” pyesləri bu qəbildəndir. Onun XIX əsrdə yaşayıb-yaratmış həmyerlimiz şairə Qönçəbəyimin ömür yoluna, nisgilli taleyinə həsr etdiyi pyes daha çox diqqəti çəkir.
Müzəffər Nəsirli dövri mətbuatda bir çox ədəbi-tənqidi məqalələr də dərc etdirmişdir. O, Azərbaycan və dünya ədəbiyyatının M.F.Axundzadə, C.Məmmədquluzadə, M.Ə.Sabir, E.Sultanov, L.N.Tolstoy, V.V.Mayakovski, P.Tıçina, O.Balzak, H.İbsen, H.Heyne­ kimi məşhur klassikləri haqqında elmi-kütləvi məqalələr yazmış, eyni zamanda öz müasiri olan bəzi ədiblərin (M.Müşfiq, S.Rüstəm, M.İbrahimov və sair) yaradıcılığına aid resenziyalarla mətbuatda çıxış etmişdir. M.Nəsirlinin xüsusən Naxçıvan ədəbi mühitinə aid elmi-ədəbi dəyərləndirmələri böyük maraq doğurur. O, sovet dövrü Naxçıvan ədəbi mühitinin inkişaf xüsusiyyətləri, ayrı-ayrı tanınmış simalarının yaradıcılıq axtarışları haqqında diqqətəlayiq məqalələr yazaraq müxtəlif mətbuat orqanlarında dərc etdirmişdir. M.Nəsirlinin arxivində saxlanılan “Sovet hakimiyyəti illərində Naxçıvanda ədəbi həyat” adlı irihəcmli əsəri, əslində, sistemli bir tədqiqat da sayıla bilər. 1973-1974-cü illərdə yazıl­mış, 150 makina səhifəsindən artıq həcmə malik bu əsərdə muxtar respublikada ədəbi mühitin yarım­əsrlik inkişaf yolu barədə maraqlı faktlar, informasiyalar və təhlillər vardır. Bütün bu deyilənlərə M.Nəsirlinin müxtəlif mətbuat orqanlarında dərc olunmuş publisistik məqalələrini də əlavə etmək olar.
Ümumiyyətlə, çoxşaxəli və məhsuldar yaradıcı­lığa malik Müzəffər Nəsirli Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən biridir.

Hüseyn HƏŞİMLİ
filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR