23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 4 iyul 2016-cı il tarixdə “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” Sərəncam imzalamışdır. Sərəncamla Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə Qarabağlar Türbə Kompleksində bərpa işlərinin elmi və tarixi əsaslarla aparılmasının təmin edilməsi, AMEA Naxçıvan Bölməsinə “Qarabağlar Türbə Kompleksi” tədqiqat qrupunun yaradılması tapşırılmışdır. Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar AMEA Naxçıvan Bölməsində uyğun mütəxəssislərin daxil olduğu “Qarabağlar Türbə Kompleksi” tədqiqat qrupu yaradılmışdır.

Orta əsr Azərbaycan memarlığı Naxçıvan məktəbinin ən möhtəşəm nümunələrindən biri də Naxçıvan şəhərindən, təxminən, 40 kilometr şimal-qərb tərəfdə yerləşən, bölgənin qədim yaşayış məskənlərindən olan Qarabağlar kəndindəki türbə kompleksidir. Qoşa minarəli baştağ və türbədən ibarət olan bu kompleks zəmanəmizədək qismən dağılmış şəkildə gəlib çatmışdır. Ərazisində aşkar edilən maddi-mədəniyyət nümunələri və orta əsr yazılı mənbələrinin məlumatları göstərir ki, Qarabağlar Azərbaycanın qədim şəhərlərindən olmuş, orta əsrlər zamanı çiçəklənmə dövrü keçirmiş, yüksək inkişaf səviyyəsində olmuşdur. XVII əsr türk səyyahı Övliya Çələbi “Səyahətnamə”sində bu şəhər haqqında maraqlı məlumatlar təqdim edir. Səyyah yazır ki, Qarabağlar bünövrəsi ilk dəfə Mənuçöhr tərəfindən qoyulmuş şəhərdir. İndi Naxçıvan ərazisində ayrıca sultanlıqdır. III Mehmet dövründə (1595-1603) Osmanlıların əlində ikən əcəmilərə keçmişdir. Nursuz Teymur (Əmir Teymur) da bu Qarabağlarda qışlayıb saysız əsgər ilə beş ay qalmışdır. Çox abad və sonu görünməyən münbit torpağı olan bir düzənliyə malikdir. Neçə dəfə Süleyman xan (Osmanlı sultanı I Süleyman Qanuni – 1520-1566 – F.S.) və sair sərkərdələr burada qışlamışdır. ... Allaha həmd olsun ki, bu şəhərin su və havasının gözəlliyindən təbiətimiz xoşlandı.

Övliya Çələbinin yol qeydlərinə əsasən demək olar ki, XVII yüzilliyin ortalarında Qarabağlar Naxçıvan bölgəsinin, bütövlükdə Azərbaycanın inkişaf etmiş mədəniyyət mərkəzlərindən biri olmuşdur. Bəhs olunan dövrdə şəhərdə 40-a qədər minarənin, 10 minə qədər bağlı-bağçalı evin, qırx minarəli məscid olmaqla, 70 mehrabın, çoxlu karvansara, hamam və çarşının olması və onların sayının getdikcə artması şəhərin orta əsrlər dövründəki ehtişamından xəbər verir. Ancaq çox təəssüflər olsun ki, belə möhtəşəm bir şəhər sonralar baş verən dağıdıcı müharibələr zamanı döyüş meydanına çevrilməsi, təbii qüvvələrin təsiri və digər səbəblərdən xeyli tənəzzül etmiş, təsərrüfat böyük zərər çəkmiş, mədəni nailiyyətlər məhv edilmiş, tarix-mədəniyyət abidələri, demək olar ki, sıradan çıxaraq məhv olmuş, indiyə qədər yalnız qoşa minarəli baştağ və türbə gəlib çatmışdır.
Səyyahın şəhərdə gördüklərinə əsasən qələmə aldığı məlumatlardan belə bir nəticə hasil olur ki, Qarabağlar şəhərində meyvəçilik yüksək inkişaf səviyyəsində olmuşdur. Yəzdənqulu adlı bağbanın öz bağından onlara 26 növ armud göstərməsi, “Mələçə”, “Abbasi”, “Ordubadi” deyilən armudların yeyənin ağzında nabat gülabı qətrəsi əmələ gətirməsi, lələ oxşar narların olması haqqında məlumatlar çox maraq doğurur.
“Səyahətnamə”də Qarabağlar şəhəri əhalisinin milli mətbəxi haqqında verilən məlumatlar da çox diqqətəlayiqdir. Orada qeyd edilir ki, Rəvan (İrəvan) düyüsü, plovu, hərisəsi (həlimaşı) ləzzətli olur. Aşpazları son dərəcə təmiz və hamısı müsəlmandır.
Övliya Çələbinin haqqında bəhs etdiyi abidələrdən kənddə bu günədək ancaq bir türbə və qoşa minarəli baştağ qalmışdır. Zamanın sınaqlarına, təbii qüvvələrin təsirinə mətanətlə dözsə də, on iki yarımsilindrin bir-birinə birləşdirilməsi yolu ilə yaradılan türbə və qoşa minarələr müəyyən dağıntıya məruz qalmış, yuxarı hissələri tamamilə uçmuş, abidələr haqqında ən dəqiq məlumatları özündə əks etdirən kitabələrin çox hissəsi ovulub tökülmüşdür. Kompleksə daxil olan abidələrin kitabələri haqqında bəhs edərkən “Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyəti”nin elmi katibi Mirbağır Mirheydərzadə 1927-ci ildə yazırdı: “Kənd əhalisinin dediklərinə görə, minarənin yazılarının çox hissəsi çar soldatları tərəfindən sökülüb xarab edilmişdir. Olsun ki, tarixinə aid yazılar da o vaxt sökülmüşdür”.
Kompleksə daxil olan qoşa minarəli baştağın üzərində çox hissəsi dağılmış kitabə qalmışdır. Ə.Ələsgərzadə kitabəni belə oxumuşdur: “Bu binanın [tikilməsini] ... cahan Qudi xatın əmr etdi”.
Fəzlullah Rəşidəddinin (XIII-XIV əsrlər) yazdığına görə, Hülakülər (Elxanilər) dövlətinin banisi Hülakü xanın arvadlarından birinin adı Qutuy xatın olmuşdur. Sarayda böyük nüfuza malik olan Qutuy xatın ağlı və bacarığı sayəsində oğlu Sultan Əhmədin iki il iki ay on üç gün davam edən hakimiyyəti dövründə (1282-1284-cü illər) dövlətin idarə olunmasında iştirak etmişdir. Fikrimizcə, kitabədə adıçəkilən Qudi xatın mənbələrdə Quti və ya Qutuy xatın şəklində xatırlanan qadınla eyni adamdır.
Kitabədə tarix qalmamışdır. Ancaq minarələri tədqiq edən memarlar onların XII əsrdə inşa edilməsi fikrindədirlər. Hətta bu minarələrin görkəmli memar Əcəmi Naxçıvani tərəfindən inşa edilməsini ehtimal edənlər də vardır. Akademik Ə.Salamzadə və sənətşünaslıq doktoru K.Məmmədzadənin fikrincə, bu minarələri birləşdirən baştağ sonralar, XIV əsrdə tikilmişdir. Bu fikri baştağın üzərindəki kitabədə Hülakü xanın arvadı Qudi xatının adının qeyd edilməsi də təsdiq edir. Qudi xatının adının üzərində qeyd edilməsinə əsasən aydın olur ki, qoşa minarələri birləşdirən baştağ həmin qadının yaşının qocalıq dövrünə təsadüf edən XIV əsrin I yarısında inşa olunmuşdur.
Qarabağlar memarlıq kompleksinin əsasını təşkil edən türbə Azərbaycan memarlıq abidələri içərisində öz gözəlliyi ilə seçilir və özünəməxsusluğu ilə fərqlənir. On iki yarımsilindrin birləşdirilməsindən əmələ gətirilən, diametri 10 metrə yaxın, hazırkı vəziyyətdə hündürlüyü 16 metr olan Qarabağlar türbəsinin digər oxşar xatirə tikililərindən əsas fərqləndirici cəhətlərindən biri də onun 4 ədəd baştağının olmasıdır. Coğrafi baxımdan cəhətlərə – şimala, cənuba, şərqə və qərbə istiqamətlənmiş bu baştağların hansı məqsədlə yaradılması elmdə hələlik tam aydınlaşdırılmamışdır. Bu haqda tədqiqatçıların müxtəlif fikirləri vardır. İ.Şeblikinin fikrincə, bu girişlər coğrafi cəhətləri göstərmək məqsədilə yaradılmışdır. 1926-cı ildə türbəni tədqiq edən İsa Əzimbəyov isə bu baştağlar – girişlər haqqında yazır: “Müsəlmanlar inanırlar ki, insan dörd ünsürdən yaradılmışdır: 1. Su, 2. Atəş, 3. Torpaq, 4. Külək. Bunun şərəfinə isə türbədə dörd baş giriş yaradılmışdır”. Alim elə oradaca fikrinə davam edərək göstərir ki, bəzi tədqiqatçılar bu dörd girişi Məhəmməd Peyğəmbərdən sonra xilafətə başçılıq etmiş ilk dörd xəlifənin (Əbubəkr, Ömər, Osman, Əli) şərəfinə hazırlanması fikrindədirlər. Akademik Ə.Salamzadə və sənətşünaslıq doktoru K.Məmmədzadə bu baştağların cəhətlərə istiqamətlənməsi fikrindədirlər. Bizcə, türbənin inşası zamanı memarın gövdədə dörd baştağ qoyması məsələsində memarlardan İ.Şeblikin, Ə.Salamzadə və K.Məmmədzadənin fikirləri daha inandırıcıdır.
Qarabağlar memarlıq kompleksinin əsasını təşkil edən türbənin də üzərində inşa edildiyi zaman çoxlu kitabələr yazılmışdır. Ancaq bu kitabələr zaman keçdikcə təbii qüvvələrin təsirindən güclü şəkildə aşınmaya məruz qalmış, çox hissəsi məhv olmuşdur. Türbənin səthi bütünlüklə həndəsi ornamenti xatırladan kufi və nəsx xətli kitabələr ilə bəzədilmişdir. Türbənin gövdəsindəki kitabələrin yazılmasında firuzəyi kaşılı və qırmızı rəngli kərpiclərdən istifadə edilmişdir. Kərpiclər 1322-ci ildə inşa edilmiş Bərdə türbəsində olduğu kimi şaquli və üfüqi istiqamətdə hörülmüş və ərəb dilində kitabələr əmələ gətirilmişdir. Abidənin gövdəsində yaradılan irihəcmli rombların içərisində kufi xəttilə yazılmış və dəfələrlə təkrarlanan kitabələrin mətni belədir: “Allahdan başqa Allah yoxdur. Məhəmməd – Allahın ona salavatı olsun – Allahın elçisidir”.
Türbənin üzərində yazılan kitabələrdən biri də baştağların dördünün də baş tərəfində yazılmış kitabələrdir. Hər dörd kitabənin mətni “Qurani-Kərim”in 40-cı surəsinin 16-cı ayəsinin son hissəsindən ibarətdir.
Türbənin yuxarısında – frizdə nəsx xətti ilə yazılmış kitabənin çox hissəsi zaman keçdikcə aşınaraq məhv olmuşdur. Ancaq kitabədə qalan bəzi sözlərin köməyi ilə onun mətnini bərpa etmək mümkün olmuşdur: orada “Qurani-Kərim”in 67-ci (əl-Mülk) surəsindən I-VI ayələr yazılmışdır.
Qeyd olunan bu kitabələrdən əlavə türbə üzərində başqa kitabələr də olmuşdur. Ancaq zaman keçdikcə güclü aşındıqları və ya qəsdən məhv edildikləri üçün onları oxumaq mümkün deyildir. Tarix üzrə fəlsəfə doktoru S.Kərimzadə türbənin cənub portalının baş tərəfində qalmış kitabənin izlərinə əsasən müəyyən etmişdir ki, abidə Bərdə türbəsinin memarı olan naxçıvanlı Əyyub əl-Hafiz oğlu Əhmədin işidir. Alim bu haqda yazır: “Cənub portalda yerləşən aşırımın üstündəki dördbucaqlı içərisində hazırda izi qalmış bir sıra yazılara təsadüf edilmişdir. Bu izlərdə “naxçıvanlı Əyyub əl-Hafiz oğlu Əhmədin işidir” sözlərini oxumuşuq. Kitabənin əvvəlində “Əhməd” və axırında isə “əl-Hafiz” sözlərinin izləri nisbətən aydın oxunduğundan yəqin etmişik ki, Qarabağlar türbəsinin ustası da Əyyub əl-Hafiz oğlu memar Əhməddir”. Alim həmçinin abidəni Azərbaycanın başqa memarlıq abidələri ilə müqayisə edərək onun Hülakü hökmdarı Əbu Səid Bahadır xanın zamanında (1316-1335-ci illər) 1332-1337-ci illər arasında inşa edildiyi nəticəsinə gəlmişdir. Azərbaycan Sovet Ensiklopediyasının 1980-ci ildə nəşr olunmuş IV cildində də bu fikir qeyd olunmuşdur.
Türbənin memarlıq xüsusiyyətləri, kitabələrinin yerinə yetirilməsi texnikası, oxşarlığı və sair əlamətləri göstərir ki, abidə həqiqətən Bərdə türbəsinin memarı Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani tərəfindən XIV əsrin I yarısında inşa edilmişdir. Daha möhtəşəm olması, yetkinliyi, əzəməti, bədii memarlıq cəhətdən gözəlliyi və digər xüsusiyyətlərinə əsasən ehtimal etmək olar ki, Qarabağlar türbəsi Bərdə türbəsinin inşasının başa çatdığı 1322-ci ildən sonrakı dövrdə, memarın yaşının və sənətinin kamillik çağlarında, ehtimal ki, XIV yüzilliyin 30-cu illərində yaradılmışdır.

Azərbaycan memarlığının Naxçıvan məktəbinə aid Qarabağlar Türbə Kompleksinin bərpa olunması haqqında Sərəncam imzalaması Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına çox böyük töhfəsi kimi diqqəti cəlb edir.

Fəxrəddin SƏFƏRLİ
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR