Şərqin ikinci qocaman teatrı sayılan Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı həmişə öz maraqlı repertuarı ilə tamaşaçıların diqqətini çəkib.
Ölkə səviyyəsində uzun illər öz mövqeyini qoruyub saxlayan teatrın səhnəsində oynanılan istənilən pyes tamaşaçı rəğbəti qazanmaqla yanaşı, həm də maraqlı sənət əsərinə çevrilib. Etiraf edək ki, bu teatrın səhnəsindən tamaşaçıya təqdim edilən dram əsərləri içərisində tarixi mövzularda olanlar daha yaddaqalan və unudulmazdır. Bu ənənə artıq uzun illərdir ki, davam edir. Bu günlərdə yenə də tamaşaçılar onlara doğma olan teatrın səhnəsində möhtəşəm bir tarixi hadisənin inikasını görəcəklər. Teatrda 2016-cı ilin repertuarına salınan yazıçı-dramaturq Həmid Arzulunun “Əlincə qalası” tarixi dramının son məşqləri gedir. Bu əsər ilk dəfə 1983-cü ildə tamaşaçılara təqdim edilib.
Əsər Azərbaycan tarixində özünəməxsus rol oynayan, 14-cü əsrin sonlarında dünyanın yarısını özünə tabe edən fateh Əmir Teymura qarşı 14 il mübarizə aparan Əlincə qalasının müdafiəsindən bəhs edir. Orta əsrlər tarixçiləri tərəfindən yazılan real tarixi hadisələr və xalq arasında yaşayan həqiqətlər səhnə əsərində çox ustalıqla qələmə alınıb. Əmir Teymura 14 il baş əyməyən Əlincə qalasının qəhrəman müdafiəçiləri, qalanı idarə edən tarixi şəxsiyyətlər, bu müdafiənin kökündə duran mərdlik, birlik və cəsarətin təcəssümü həmin mövzunu həmişə aktual edib. Ən güclü düşmənə belə, qalib gələn naxçıvanlıların qurub-yaratmaq istəyi, qədim ənənəyə söykənən istehkamqurma qabiliyyəti, sənətkarlığı, ən çətin anda belə, öz qürurunu, yüksək əhval-ruhiyyəsini itirməyən, məhz bu xüsusiyyətlərinə görə uzun müddət mühasirədə yaşayan xalqın həyat tərzi ilk baxışdan tamaşaçını ovsunlaya bilir. “Əlincə qalası” dramı, əslində, 14-cü əsrdə yaşanan tariximizin 14 illik zaman kəsiyinə bir səyahətdir.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Kamran Quliyev, rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundov, bəstəkarı isə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur. 2016-cı ilin ilk tamaşası sayılan “Əlincə qalası” tarixi dramında teatrın təcrübəli və gənc aktyorları müxtəlif rolları ifa edirlər. Xalq artistləri Rza Xudiyev – Topal Teymur, Rövşən Hüseynov – Omba Qulamhüseyn, Şirzad Abutalıbov – Təlxək obrazlarını, Azərbaycan Respublikasının Əməkdar artistləri Xəlil Hüseynov – Bəbir, Bəhruz Haxverdiyev – Yapalaq Murzo, Əbülfəz İmanov – Qasım rollarını, aktyorlardan Səyyad Məmmədov – Əmir Altun, Nəsimi Məmmədov – Məlik Tahir, Nazlı Hüseynquliyeva – Gilan ana, Nurbəniz Niftəliyeva –Nərgiz, Şölə Novruzbəyli – Məlikə, Elnur Rzayev – Əhəd, Cəbrayıl Nəbiyev – Teymurun cəlladını canlandırırlar. Kütləvi səhnələrdə isə teatrın bütün kollektivi iştirak edir. Tamaşanın premyerası (ilk tamaşası) yaxın günlərdə baş tutacaq.
Səməd CANBAXŞIYEV