23 Dekabr 2024, Bazar ertəsi

Mədəniyyət, incəsənət deyəndə, etiraf edək ki, ilk dəfə göz önünə teatr, səhnə, möhtəşəm tamaşalar gəlir. Bu da səbəbsiz deyil. Çünki hələ 1873-cü ildə Bakıda və 1883-cü ildə Naxçıvanda baş verən mədəni inqilab məhz milli teatrın yaranması ilə başladı. Teatr incəsənətin bütün sahələrinə təsir edə bildi. Rəssamlıq, musiqi, dramaturgiya paralel olaraq inkişaf etməyə başladı. O da qürurvericidir ki, Şərqdə ikinci teatr məhz doğma Naxçıvanımızda yarandı. Bu gün də tamaşaçıların sevimlisinə çevrilən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının fəaliyyəti, repertuarı, yaradıcılıq emalatxanalarında gedən proses, yəqin ki, hamı üçün maraqlıdır. Elə ona görə də teatrın direktoru, Xalq artisti Rza Xudiyevlə bu barədə söhbətləşdik:  

– Rza müəllim, Naxçıvan teatrı 133 ildir ki, tamaşaçıların görüşünə gəlir. Ümumiyyətlə, qədim ənənələrə malik olan sənət ocağında bugünkü mənzərə necədir?
– Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı o mədəniyyət müəssisələrindəndir ki, onun işi həmişə göz qabağındadır. Yəni burada hazırlanan əsərlər tamaşaçılara təqdim etmək üçündür. Ələlxüsus da bu tamaşaçı Naxçıvan mühitində böyüyə və həddindən artıq tələbkar ola. Etiraf edim ki, buna görə bizim sahə nə qədər maraqlıdırsa, bir o qədər də çətindir. Düzdür, teatr haqda 133 ildir ki, danışılır, məqalələr yazılır, tele­viziya verilişləri hazır­lanır, sənədli filmlər çəkilir. Amma yenə də baxırsan ki, hər dəfə deməyə nəsə yeni bir mövzu, söz tapılır. Çünki teatr həyatın səhnədə bədii inikasını özündə əks etdirən komponentdir. Həyat davam etdikcə onun yenilikləri teatrda öz əksini tapır. Düz 133 ildir ki, teatrımız yaşayır, deməli, onun seçdiyi yol, məqsəd düzgündür və o, xalqa xidmət edir. Hər sahədə olduğu kimi, teatr da bu gün dövlət qayğısı ilə əhatə olunub. 2012-ci ildə binamız yenidən əsaslı şəkildə təmir edilərək istifadəyə verilib. Müasir avadanlıqlar quraşdırılıb. İşıq sistemi yenilənib. Yaradıcılıq sexlərində ildə bir neçə tamaşa hazırlanır. Repertuara, əsasən, tarixi əsərləri salırıq.

– Ancaq tarixi əsərlərimi? Teatrda dram, komediya, faciə janrları da var axı?
– Doğrudur, teatrın janrları müxtəlifdir. Amma biz ona görə tarixi əsərlərə üstünlük veririk ki, gənclər tarixin hansısa bir çağında baş verən hadisələri teatr səhnəsində görüb yadda saxlasınlar. Bu tarixi əsərlər, adətən, öz milli tariximizlə bağlı olur. Teatrda uğurla oynanılan Nəriman Həsənzadənin “Atabəylər”, Hüseyn Cavidin “Topal Teymur”, “Səyavuş”, Nəriman Nəriman­ovun “Nadir şah”, Əli Əmirlinin “Şah Qacar”, Həsənəli Eyvazlının muxtariyyət tariximizi özündə əks etdirən “Araz sahilində doğan günəş” tamaşaları hələ də tamaşaçıların yadından çıxmayıb. Ümummilli liderimiz Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən Adil Baba­yevin “Koroğlunun Çənlibelə qayıdışı”, İftixar Piriyevin “Qurtuluş dastanı” tamaşaları hələ də repertuarda qalır və bu gün gənc­lərin sevə-sevə baxdığı tamaşalardır. Amma teatrda, əlbəttə, komediya, dram da lazımdır. Tamaşaçı zövqünə uyğun, məişət mövzusunda əyləncəli oyunların təqdim olunması bir tərəfdən tamaşaçıların yaxşı istirahətinə xidmət edirsə, digər tərəfdən qəhrəmanların düşdüyü satirik vəziyyətlərdən ibrət almağa çağırışdır. Nəriman Nərimanovun “Nadanlıq”, Tuncər Cücənoğlunun “Rəngsaz”, Əli Əmirlinin “Varlı qadın” tamaşaları bu səpkidədir. Komediya digər tərəfdən aktyor oyununa da müsbət təsir edir. Etiraf edim ki, komediya bəzən kənardan asan gəlsə də, o digər janrlara nisbətən daha çətindir. Çünki tamaşaçıya süni, şit gülüş yox, təbii oyun və vəziyyət təqdim etmək xüsusi ustalıq tələb edir.
– Repertuarınızda istədiyiniz əsərlər varmı?
– Bu, deyim ki, bizim bir qədər çətinlik çəkdiyimiz məsələdir. Sovet vaxtı teatra konkret tapşırıqlar verilirdi. Bir əsər rus dramaturgiyası, bir əsər yerli, bir əsər o zaman deyildiyi kimi “qardaş xalqlar dramaturgiyası”, bir əsər isə mütləq dünya dramaturgiyasından olmalı idi. Amma indi vəziyyət başqadır. Seçimi müasir tamaşaçının tələbinə uyğun aparırıq. Aktual olan mövzulara müraciət edirik. Daha çox isə seçimi milli dramaturgiyaya üstünlük verməklə edirik. Müəlliflər özləri də teatra əsərlər təqdim edirlər. Amma o da var ki, son vaxtlar əsərlərin heç də hamısı qənaətbəxş olmur. Ya mövzu düzgün seçilmir, ya dramaturji material, vəziyyət düzgün təhlil olunmur, ya da dramaturqların ustalığı adamı qane eləmir. Nəticədə isə bəzən 30-35 əsər oxumaq məcburiyyətində qalırıq. Amma sonda 2-3 əsərin üzərində dayanırıq. Bəzi klassik əsərlər yaxşı yazılsa da, mövzusu müasir dövrün tələbinə uyğun gəlmir. Ona görə də repertuar seçimi ən çətin işimiz hesab olunur.
– Bəs kollektiv hansı əhval-ruhiyyədədir?
– Əlbəttə, kollektivdə ruh yüksəkliyi olmasa, teatrda iş getməz. Naxçıvan teatrı aktyor teatrıdır. Yəni buradakı tamaşaların 90 faizi aktyorların peşəkarlığı hesabına ortaya çıxır. Bunu Bakıdan dəvət etdiyimiz müxtəlif rejissorlar da təsdiq edirlər. Bu isə teatrda bu gün də yaşayan və davam edən klassik aktyor məktəbinin nəticəsidir.
– Bəs gənclər necə, bu ənənəni qoruyub saxlaya bilirmi?
– Açığını deyim ki, indi Azərbaycanda bu sahədə inkişaf gedir. Yəni aktyor, rejissor sənəti inkişaf edir. Tamaşaçılara müxtəlif səpkili, janrlı, orijinal formada tamaşalar təqdim olunur. Gənclər isə sanki klassik məktəblə müasir məktəbin arasında tərəddüd edirlər. Bəzən onlar aktyorluğu yalnız hansısa obrazın sözünü əzbərləyib tamaşaçıya deməklə, lap kobud şəkildə desək, “özünü göstərməklə” bitmiş hesab edirlər. Amma aktyorluğun əsasında istedadla yanaşı, mütaliə və savad dayanır. Sən dünya dramaturgiyasını, yerli dramaturgiyanı bilməsən, ədəbiyyat aləmində baş verənlərdən xəbərin olmasa, insan psixologiyasını müxtəlif ədəbi qəhrəmanların təqdimatında dərk etməsən səhnədə necə başqalaşa, obrazın daxili aləminə necə vara bilərsən? Məncə, gənclərin, daha dəqiqi aktyorların mütaliəsi bir az zəifdir. Ona görə də teatrda qoyulan tamaşalarda köhnə məktəbin aktyorları – biz onlara belə deyirik – özlərini daha tez göstərə bilirlər.
– Rza müəllim, bəs problemi necə həll edirsiniz?
– Bilirsiniz, son illər Naxçıvan Dövlət Universitetində Aktyor sənəti ixtisası açılıb. Düzü, bu ixtisas açılanda çox sevindik ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən son illər Naxçıvana gəlməyən aktyorların yerini yerli məzunlar dolduracaq. Amma hələ ki bu universitetdən bizə yalnız bir aktrisa gəlib. Ona görə fikirləşdik ki, özümüzdə həvəsi olan gənclər üçün studiya yaradaq. İndi teatrımızın nəzdində “Təməl” teatr studiyası fəaliyyət göstərir. İkiillik kursu qurtaran gənclərə sertifikatlar veririk və bu gün onlardan bir neçəsi artıq teatrda fəaliyyətə başlayıb. Kursa gələnləri isə kütləvi səhnələrə cəlb etməklə səhnəyə alışdırırıq. Müəllimləri də elə peşəkar ak­tyorlarımızdır.
– Bu mövsümdə tamaşaçılar Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində hansı tamaşalara baxacaqlar?
– Hazırda yerli yazıçı-dramaturq Həmid Arzulunun “Əlincə qalası” tamaşasının, demək olar ki, son məşqləri gedir. Yəqin ki, yaxın zamanlarda onu yekunlaşdıracağıq. Bu əsərdə 1387-1401-ci illərdə Əmir Teymurun Əlincə qalasına hücumu, onu 14 il mühasirədə saxlaması öz əksini tapıb. Sadə əlincəlilərin mübarizəsi, xalqın inadkarlıqla müqaviməti çox ustalıqla təsvir edilib. Rejissor isə təcrübəli sənətkarımız, Xalq artisti Kamran Quliyevdir. Növbəti əsərimiz isə Nəriman Nərimanovun “Nadir şah” tarixi dramıdır. Bu əsər 1997-ci ildə repertuara salınmışdı. Yerli tamaşaçılar onu çox yaxşı qarşıladılar. Bakıda, Sumqayıtda, hətta İran İslam Respublikasının Təbriz, Maku şəhərlərində də oynamışıq. Əsər Nadir şah Əfşarın həyatı, siyasi mübarizəsi və şəxsi faciəsindən bəhs edir. Bu əsər ilk tarixi dramı­mızdır və 18-ci əsr Azərbaycan dövlətçiliyinə Nərimanov tərəfindən ədəbi bir baxışdır. Yəqin ki, yenə də tamaşaçıların xoşuna gələcək.
– Müsahibə üçün sağ olun.
– Siz də sağ olun. Oxucularımızı tamaşaçı kimi teatrımızda gözləyirik. Çünki ən sevimli qonağımız tamaşaçıdır.

Səməd CANBAXŞIYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR