Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında keçirilən aksiyalar davam etdirilir.
Dünən Kəngərli, Şərur və Sədərək rayonlarında məktəblilərin iştirakı ilə maarifləndirici tədbir və güləkmə aksiyası keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Yeni Azərbaycan Partiyasının adıçəkilən rayon təşkilatlarının Heydər Əliyev adına Gənclər birlikləri tərəfindən keçirilən tədbirə Kəngərli rayonundan start verilib.
Rayonun Qıvraq qəsəbəsindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında təşkil edilən tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Vüsal Hüseynov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, təbiətin mühafizəsində və zənginləşdirilməsində uşaq və yeniyetmələrin, eləcə də gənclərin rolundan bəhs edib.
Sonra güləkmə aksiyasına başlanılıb. Aksiya iştirakçıları müxtəlif gül və çiçək, eləcə də dekorativ bitki şitillərini parkın ərazisinə əkib, gülkarlıqlara qulluq ediblər.
Şərur rayonunda bu qəbildən aksiya Şərur şəhərindəki Heydər Parkında, Sədərək rayonunda isə rayon mərkəzi Heydərabad qəsəbəsindəki Heydər Parkında keçirilib. Tədbirlərdə uşaqların təbiətə sevgisi elə aksiyanın başlandığı ilk dəqiqələrdən müşahidə olunurdu. Şərur şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Fatma Mehdiyeva, Sədərək rayon məktəblisi Şəhla Rzalı ilə söhbətimizdə dedilər ki, bu tədbirdə muxtar respublikanın, eləcə də yaşadıqları bölgənin təbiəti, bitki örtüyü haqda məlumat alıblar, müxtəlif güllərin əkilməsi və onlara qulluq qaydalarını öyrəniblər.
Məlumat üçün bildirək ki, bu gün Uzunoba Su Anbarı ətrafında gənclərin iştirakı ilə “Hərəmiz bir ağac əkək” aksiyası keçiriləcək.
Səbuhi HÜSEYNOV