Aprel ayında mədəniyyət müəssisələrində qarşıya qoyulmuş vəzifələrin icrası diqqətdə saxlanılmış, əlamətdar və tarixi günlərlə bağlı 27 tədbir və sərgi təşkil olunmuşdur. “Muzey günləri” çərçivəsində ekskursiyalar davam etdirilmiş, muxtar respublikanın 40-dan çox nazirlik, komitə və baş idarələrinin kollektivlərinin, eləcə də ali təhsil müəssisələrinin tələbələrinin muzeylərlə tanışlığı təmin edilmişdir.
Ümumilikdə, ötən ay muzeyləri 3208-i əcnəbi vətəndaş olmaqla, 23 min 534 nəfər ziyarət etmişdir. Ötən ay keçirilmiş distant dərsə muxtar respublikanın 200-dən çox ümumtəhsil, orta-ixtisas və peşə məktəbi qoşulmuşdur. Həmçinin gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə 10 muzeydə 44 açıq dərs, kitabxanalarda yığıncaqlar keçirilmiş, mədəniyyət və turizm şöbələrinin musiqi kollektivləri tərəfindən dislokasiya olunmuş hərbi hissələrdə konsert proqramları təşkil edilmiş, Şərur rayonunun Aşağı Yaycı kəndində “Xalq yaradıcılığı günü” keçirilmişdir.
Əhaliyə göstərilən kitabxana-informasiya xidmətlərini müasir səviyyəyə çatdırmaq məqsədilə şəhər və rayon mərkəzi kitabxana sistemlərinin işçiləri üçün M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təcrübə məşğələsi keçirilmiş, yerlərə ezamiyyələr təşkil olunmuş və lazımi metodiki köməklik göstərilmişdir. Uşaqların dünyagörüşünün və mütaliəyə marağının artırılması da diqqətdə saxlanılmış, 34 “Nağıl günləri”, 11 “Mütaliə günü” keçirilmişdir. Həmçinin “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində rayonlarda müxtəlif filmlər nümayiş etdirilmiş, milli kinomuzun unudulmaz simalarından Nəsibə Zeynalovanın, Ramiz Mirişlinin və Əbülfəz Məmmədovun xatirə gecələri keçirilmişdir.
Gənc istedadların üzə çıxarılması da mədəniyyət müəssisələrinin qarşısında duran ən mühüm vəzifələrdəndir. Aprel ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar muxtar respublikanın uşaq incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsi, eləcə də uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin muxtar respublika müsabiqəsi keçirilmişdir. Müsabiqədə 22 şagird rəsm, 173 şagird isə musiqi ixtisasları üzrə iştirak etmişlər. Ötən ay Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi-2016”-nın birinci mərhələsi keçirilmiş və 15 ifaçı iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən Naxçıvan Dövlət Filarmoniyasında “Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsində Qəmbər Hüseynlinin rolu” mövzusunda konfrans və konsert proqramı təşkil olunmuşdur. Bundan başqa, muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində keçirilən 9 konsert və 9 dərs saatı bəstəkarın yaradıcılığına həsr olunmuşdur.
Muxtar respublikanın turizm potensialının öyrənilməsi və təbliği sahəsində də işlər davam etdirilir. Belə ki, Şərur rayonunun Xanlıqlar kəndindəki “İmamzadə” tarixi abidəsinin bukleti hazırlanmışdır. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Naxçıvan Turizm İnformasiya Mərkəzinin internet saytlarının təkmilləşdirilməsi, “Naxçıvan Muxtar Respublikasının abidələr xəritəsi”nin, “Naxçıvan memarlıq abidələri” kataloqunun hazırlanması işləri davam etdirilmiş, kənd yaşıl turizminin inkişafı ilə bağlı 7 kənddə sakinlərlə maarifləndirici görüşlər keçirilmişdir. Bundan başqa, əcnəbi vətəndaşların muxtar respublikanın mədəniyyəti, incəsənəti və turizm imkanları haqqında məlumatlandırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində “Azərbaycan mədəniyyətinin inkişaf tarixi” mövzusunda mühazirə keçirilmiş, Naxçıvan Dövlət Universitetinin Turizm və otelçilik ixtisası üzrə IV kurs tələbələrinin Mədəniyyət və Turizm Nazirliyində və turizm xidməti obyektlərində təcrübə keçmələri təmin edilmişdir.
Aprel ayında Bakı şəhərində keçirilən XV Yubiley Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində Naxçıvan Muxtar Respublikası uğurla təmsil olunmuş, sərgidə Naxçıvanın turizm imkanları, o cümlədən 6 yerləşdirmə obyekti haqqında materiallar nümayiş etdirilmiş, iştirakçılara reklam-informasiya materialları paylanılmış, turizm firmaları ilə görüşlər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin mətbuat xidməti