23 Dekabr 2024, Bazar ertəsi

Beş aydır ki, mən Azərbaycanın paytaxtı Bakı şəhərində yaşayıram. İndi yaz fəsli ilə əlaqədar olaraq havalar mülayimləşib və mən bu gözəl və valehedici ölkəni kəşf etməyə başlamışam.
İlk gəzintimi Azərbaycan Respublikasından ayrı düşmüş Naxçıvan Muxtar Respublikasına səfərlə başladım. Bu ərazi şimal-şərqdən Ermənistan, cənub-qərbdən İran, şimal-qərbdən isə Türkiyə ilə həmsərhəddir.
Naxçıvana səfər etməyin ən yaxşı yolu təyyarədir. Azərbaycan Hava Yolları paytaxt Bakıdan Naxçıvan Muxtar Respublikasına gündə 4, yaxud 6 təyyarə reysi həyata keçirir. Naxçıvanın çoxlu tarixi-mədəni abidələri vardır. Belə ki, XII əsrdə tikilmiş Möminə xatın türbəsi Naxçıvanın orta əsr tarixinin memarlıq ənənələrini özündə əks etdirir.

Bu abidənin arxa tərəfində siz 1747-ci ildə tikilmiş Xan Sarayını görə bilərsiniz. Bu gün bu muzeyin səkkiz otağında 900 ədəd eksponat nümayiş olunur.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi isə arxeoloji materiallar, xüsusən saxsıdan hazırlanmış qablar və daş alətlərlə zəngindir. Bu gün bu abidə tarix və memarlıq muzey kompleksi kimi fəaliyyət göstərir.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində yeraltı şaxta vardır ki, oradan sığınacaq kimi istifadə olunmuşdur. Bu şaxtanın üst hissəsində havalandırma və işıqlandırma üçün baca, içəri hissəsində isə quyu vardır. Qala tamamilə dağıdılmışdır. Lakin divar qalıqları unikal görünüşünə görə diqqəti cəlb edir.

Əlincə qalası Culfa şəhərinin yaxınlığında dağın üst hissəsində yerləşən və qeyri-adi görünüşə malik tarixi abidədir. Qədim tarixi olan bu qalada bərpa işləri aparılmışdır. Qalanın daxilində və dağın aşağı yamaclarında bulaq və su hovuzları vardır.

Biz Naxçıvan şəhərindən 10 kilometr məsafədə yerləşən “Duzdağ” mehmanxanasında qalırdıq. Bu mehmanxanada türk hamamı, sauna, tennis kortu, gimnastika, oyun zalı və hovuzlar vardır. Həmçinin mehmanxanadan avtomobillə 5 dəqiqəlik məsafədə Duzdağ Fizioterapiya Mərkəzi fəaliyyət göstərir. Buradakı duz mağarasında tənəffüs yolları xəstəliyi olan insanlar müalicə olunur.

Biz həmçinin Naxçıvanda olan uca dağlara səfər etdik və dağların ətəklərində qarı görməkdən zövq aldıq. Naxçıvanda ən yüksək zirvə Qapıcıq dağıdır.

Mənim burada diqqətimi çəkən digər məqam isə üzərində iki zəngi olan qədim qapılardır. Qapıların sağ tərəfində olan zəng kişi, sol tərəfində olan zəng isə qadınlara aiddir. Əgər qapını kişi döyürsə kişi, qadın döyürsə qadın açır.

Səfərimizin sonunda biz Əshabi-Kəhf ziyarətgahına getdik. Bu ziyarətgah Naxçıvan şəhərindən 12 kilometr məsafədə Nəhəcir dağının yaxınlığında yerləşən təbii mağaradır. Ərəb dilində bu yerin tərcüməsi “mağara sakinləri” mənasını ifadə edir. Azərbaycanın digər regionları və xarici ölkələrdən bura zəvvarlar, turistlər və qonaqlar müntəzəm olaraq səfər edirlər.

Montse Baughan
İspaniya, www.montsebaughan.com internet saytı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR