Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası ilə bağlı müvafiq nazirliklərdə, komitələrdə və təşkilatlarda tədbirlər planı hazırlanıb.
Həmin tədbirlər planları çərçivəsində ali təhsil ocaqlarında, o cümlədən Naxçıvan Musiqi Kollecində tələbələrlə görüşlər keçirilir. Bu çərçivədə Naxçıvan Aşıqlar Birliyi üzvlərinin kollecin Aşıq sənəti ixtisası üzrə təhsil alan tələbələri ilə görüşü keçirilib.
Görüşdə Naxçıvan Musiqi Kollecinin direktoru Həsən Seyidov çıxış edərək adıçəkilən sərəncamın əhəmiyyətindən danışıb.
Tədbirdə Naxçıvan Aşıqlar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Tural Bağırov, birliyin sədr müavini Fətəli Axundzadə çıxış ediblər. Bildirilib ki, muxtar respublikamızda xalqımızın tarixini və milli-mənəvi dəyərlərini özündə əks etdirən xalq yaradıcılığına göstərilən yüksək diqqət və qayğı nəticəsində onun əsas qollarından biri olan aşıq sənəti də inkişafa qovuşub. Bu mənada, Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamını xüsusilə qeyd etmək lazımdır. Sərəncama əsasən, muxtar respublikada Naxçıvan Aşıqlar Birliyi fəaliyyətə başlayıb. Qısa müddət ərzində Aşıqlar Birliyinin üzvləri qardaş Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasında olub, Bakı şəhərində keçirilən “Telli sazın meydanı” məclisində muxtar respublikanı uğurla təmsil ediblər. Bundan başqa, minilliklərdən üzübəri gələn mənəvi zənginlik, xalqın istək və arzularının təcəssümü olan saz havaları Novruz bayramı şənliklərində geniş yer tutur.
Aşıqlar Birliyinin üzvləri kollecin tələbələrinə ustad dərsi keçiblər. Birliyin üzvlərindən Aydın Cəfərov və Şirin Şirinzadə tələbələrə səs diapazonuna uyğun repertuar seçimi, düzgün tələffüz və vurğu, ifa zamanı tənəffüs orqanlarının fəaliyyətinin düzgün tənzimlənməsi, səhnə mədəniyyəti, sazın düzgün köklənməsi ilə bağlı tövsiyələr veriblər.
Sara Əzimova