Naxçıvan şəhərindəki Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində görkəmli bəstəkar Qəmbər Hüseynlinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Bəstəkarın həyat və yaradıcılığını əks etdirən videoslaydın nümayişi ilə başlanan tədbirdə məktəbin direktoru Əbülfət Babayev çıxış edərək Qəmbər Hüseynlinin həyat və yaradıcılığı haqqında danışıb.
Bildirilib ki, Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə anadan olub. 1925-ci ildə Gəncədəki birinci dərəcəli məktəbdə təhsil almağa başlayıb. 1927-ci ildə Gəncə Orta İxtisas Musiqi Məktəbinin tar sinfinə qəbul edilib. 1929-cu ildə Gəncə Pedaqoji Texnikumuna daxil olub. 1934-cü ildə texnikumun tar sinfini fərqlənmə diplomu ilə bitirən Qəmbər Hüseynli pedaqoji təhsilini Bakıda davam etdirib. İki il müddətində Bakı Musiqi Texnikumunda, tanınmış musiqi pedaqoqu A.S.Şvartsın violonçel sinfində təhsil alıb. O, görkəmli dramaturq Cəfər Cabbarlının sözlərinə “Tellər oynadı” romans-mahnısını bəstələyib və bu gözəl vokal əsəri ilə istedadlı bəstəkar olacağı ümidini yaradıb. Gənc bəstəkar 1951-ci ildə A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinin Bəstəkarlıq şöbəsinə daxil olub və 1954-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib. Görkəmli bəstəkarın yaradıcılığında mahnı və romans janrları mühüm yer tutur. Unudulmaz sənətkarın romans lirikasının zirvəsi sayılan “Ay işığında”, “Gecələr uzanaydı”, “İlk məhəbbət”,“Düşür yadıma”, “Gülə-gülə” və sair əsərlərindəki zərifliyə heyran qalmamaq mümkün deyil. Bəstəkarın 1948-ci ildə bəstələdiyi “Cücələrim” mahnısı bütün dünyada geniş yayılaraq əsl sənət incisinə çevrilib.
Məktəbin müəllimi Aygün Əliyeva çıxış edərək bildirib ki, Qəmbər Hüseynli o qədər də uzun ömür yaşamasa da, öz əsərləri ilə gələcək nəsillərə Vətən sevgisi, təbiətimizə, el-obamıza məhəbbət hissləri ilə dolu zəngin musiqisini yadigar qoyub. Qısa həyat və yaradıcılıq yolunda öz istedadına inanan və güvənən, insanlara musiqisi ilə sevgi və məhəbbət bəxş edən görkəmli bəstəkarın əsərləri bundan sonra da musiqi zövqümüzün zənginləşdirilməsinə xidmət edəcək, xatirəsi qəlblərdə yaşayacaqdır.
Tədbir görkəmli bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam etdirilib.
Fatma Babayeva