Naxçıvan Dövlət Universitetində “Görkəmli yazıçı-publisist Ceyhun Hacıbəylinin Azərbaycan mühacirət mətbuatında yeri və rolu” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tanınmış ədəbi sima, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin anadan olmasının 125 illiyinin keçirilməsi ilə bağlı 2015-ci il 19 noyabr tarixli Sərəncamı bütövlükdə Azərbaycan ədəbiyyatına və elminə, milli ziyalılığa verilən yüksək qiymətdir. Rektor mühacirət ədəbiyyatı və mətbuatının əhatəli elmi tədqiqinin əhəmiyyətindən bəhs edib.
Universitetin Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəhla Şirəliyeva “Azərbaycan istiqlalının ən gənc mühaciri, vətən həsrətli Ceyhun Hacıbəyli” adlı məruzəsində görkəmli publisistin “Kaspi”, “Proqres”, “Bakı”, “Azərbaycan”, “İttihat” qəzetlərində, Fransada isə “La Revul du Mond Müsulman”, “La Fiqaro”, “La Revul des Deux Mende”, “Qafqaz” və Münhendə Azərbaycan dilində çıxan “Azərbaycan” jurnallarındakı jurnalistlik və redaktorluq fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, “Azadlıq” radiostansiyasının yaradıcılarından sayılan Ceyhun Hacıbəyli Münhendəki “SSRİ-ni öyrənən universitet”in müxbir üzvü seçilib. Ceyhun bəy 1919-cu ilin yanvarında Versal Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü kimi Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanıdılmasında da əhəmiyyətli rol oynayıb.
Konfransda Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müəllimləri Samir Tarverdiyev “Ceyhun Hacıbəylinin dini görüşləri”, Səadət Əliyeva “Ceyhun Hacıbəylinin publisistikasında mənəviyyat, maarif məsələləri” mövzularında məruzələr ediblər. Məruzələrdə görkəmli alim-publisistin İslam dininin fundamental, elmi şəkildə öyrənilməsi ilə bağlı fikirləri, Azərbaycan tarixi, etnoqrafiyası, ədəbiyyat və folkloru, dili, milli-mənəvi dəyərləri, milli istiqlal hərəkatı ilə bağlı yaradıcılığı təhlil olunub. Jurnalistika ixtisasının III kurs tələbələri Aygün Kürdovanın “Ceyhun Hacıbəyli Abbasqulu ağa Bakıxanov haqqında”, Şəhla Məmmədovanın “Ceyhun Hacıbəylinin əsərləri ana dilində” mövzularında məruzələri də maraqla dinlənilib.
Konfransda ömrünün 40 ildən artıq hissəsini mühacirətdə yaşayıb Azərbaycan tarixini, ədəbi-mədəni irsini dünyada təbliğ edən görkəmli ictimai xadim Ceyhun Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən slayd, “Paris kədəri” adlı sənədli film nümayiş etdirilib.
Mehriban Sultan