Azərbaycan milli teatr tarixinə parlaq səhifələr yazmış qədim Naxçıvan teatrının yaradılmasından 133 il ötür. Dünən bu münasibətlə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tədbir keçirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova açaraq bu sənət ocağının keçdiyi inkişaf yolundan danışıb. Bildirilib ki, Naxçıvan teatrı Azərbaycan səhnə sənətinə qüdrətli sənətkarlar bəxş edib. Milli-mənəvi dəyərlərin qorunmasında, mütərəqqi ideyaların yayılmasında, yeni tamaşaçı nəslinin formalaşmasında teatrımızın xidmətlərindən danışan nazir vurğulayıb ki, Naxçıvan teatrı həmişə Azərbaycan teatr hərəkatının önündə gedərək tamaşaçıların mənəvi və estetik tərbiyəsində mühüm rol oynayıb, insanlarımızı işıqlı amallar uğrunda səfərbər edə bilib, milli dirçəlişin və oyanışın carçısına çevrilib, həmişə sevilən sənət ocağı olub.
Nazir qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qayğısı nəticəsində Naxçıvan teatrı ötən əsrin 70-ci illərindən başlayaraq yeni inkişaf mərhələsi yaşayıb, teatrsevərlərə mədəniyyətimizi, milli dəyərlərimizi əks etdirən dolğun tamaşalar təqdim edib.
Ümummilli lider Heydər Əliyevin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev teatr sənətimizin inkişafını diqqət mərkəzində saxlayır. Dövlət başçısının 2008-ci il 31 yanvar tarixli Sərəncamı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.
Nazir müstəqillik illərində teatrın yaradıcılıq axtarışlarından və xarici ölkələrə qastrol səfərlərindən, yüksək səviyyəli teatr festivallarında və tədbirlərində iştirakından söhbət açıb. Qeyd olunub ki, teatrımıza dövlət qayğısı bu gün yüksək səviyyədədir. Bunun nəticəsidir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında yenidənqurma işləri aparılıb. 2012-ci ildə teatr binasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi muxtar respublikanın mədəni həyatında əlamətdar hadisə kimi hamımızın yadındadır.
Vurğulanıb ki, açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxış edərək yüksək vətənpərvərlik mövzusunda tamaşalar göstərilməsini tövsiyə edib. Bu gün də teatrımız muxtar respublikanın rayonlarında bu mövzuda tamaşalar göstərməkdə davam edir. Eyni zamanda teatr repertuar zənginliyini də diqqət mərkəzində saxlayır.
“Bu il teatr tarixi mövzulara daha geniş yer ayırıb. Tarixi mövzuların müasirlik kontekstində təqdimatı tamaşaçı zövqünün formalaşmasına xidmət edir”, – deyən nazir bildirib ki, Naxçıvan teatrı bundan sonra da milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə xidmət edən yüksək sənət əsərlərini tamaşaya qoymaqla mütərəqqi ideyaların keşiyində duracaq, vətənpərvərlik duyğuları ilə zəngin əsərlər səhnələşdirəcəkdir.
Tədbirin sonunda Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin “Qurtuluş dastanı” epik tarixi dramı əsasında hazırlanmış eyniadlı tamaşaya baxış olub.
Tamaşada ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətinin Moskva, Naxçıvan və Bakı dövrlərini əhatə edən hadisələr əks olunub. Ulu öndərin zəngin həyat yolunun müxtəlif məqamlarını, ümummilli liderimizin ayrı-ayrı hadisələrə münasibətini əks etdirən səhnələr maraqla qarşılanıb.
Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyevin quruluş verdiyi tamaşada teatrın tanınmış Xalq artistləri ilə yanaşı, gənc aktyorları da maraqlı obrazlar yaradıblar.
Əli RZAYEV