Mayın 5-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Yaradıcı əllər” festivalının açılışı olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat, Mədəniyyət və Turizm nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festivala muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbə və müəllimləri, ümumtəhsil məktəblərinin şagirdləri, sahibkarlar, müxtəlif idarə və təşkilatların, ictimaiyyətin nümayəndələri böyük maraq göstəriblər. Belə festivalın keçirilməsində məqsəd milli dəyərlərimizi yaşatmaq və təbliğ etmək, istedadlı insanları üzə çıxarmaqdır.
Festivalda istedadlı şəxslər, sənətkarlar, muxtar respublikada fəaliyyət göstərən iaşə obyektləri tərəfindən hazırlanıb nümayiş etdirilən əl işlərinin – dekorativ-tətbiqi sənət, tikmə, toxuma nümunələrinin, rəsm əsərlərinin, xalçaların, milli yeməklərin, şirniyyatların, şərbətlərin sərgi-satışı təşkil edilib. Rayon (şəhər) Mədəniyyət və Turizm şöbələrinin folklor kollektivləri, Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblı və muğam studiyası, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs ansamblı və “Gənclik” Xalq Teatrının çıxışları böyük maraqla qarşılanıb.
Qeyd edək ki, festival çərçivəsində milli yeməklər, şirniyyatlar və əl işləri (o cümlədən toxuma, tikmə, dekorativ iş, rəsm əsərləri) nominasiyası üzrə müsabiqə keçiriləcək. Müsabiqə qaliblərinə (8 nəfər I yer, 8 nəfər II yer, 8 nəfər III yer) təşkilatçılar tərəfindən diplom və hədiyyələr veriləcəkdir.
Festival həmin gün saat 1200-dan 2000-dək davam edib. Bu gün isə saat 1000-dan 2000-dək keçiriləcək.
Xəbərlər şöbəsi