23 Dekabr 2024, Bazar ertəsi

Bu yaxınlarda Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyulmuş tanınmış yazıçı-dramaturq Əli Əmirlinin “Varlı qadın” tamaşasında baş rolun ifaçısı öz istedadını ortaya qoya bildi. Əsər komediya janrında yazılsa da, əslində, hadisələrin mərkəzində sosial problemlərdən doğan mənəviyyatsızlıq təqdim olunur. Əsərdə rol almış aktyorlar təbii gülüş yaradır və həm də tamaşaçını düşündürürlər. Onu qeyd etməyi xüsusi vurğulayım ki, Həvva Zərlinskaya rolunu ifa edən gənc aktrisa Nurbəniz Niftəliyevanın bu əsərdəki oyunu ona böyük uğur gətirdi. 

Bu, Nurbənizin səhnədə qazandığı ilk uğur deyil. O, gənc olmasına baxmayaraq, indiyədək yaratdığı yaddaqalan obrazlarla tamaşaçı məhəbbəti qazanıb. Nurbəniz həyatını teatrsız təsəvvür edə bilmir. Çünki özünün də dediyi kimi teatr onun üçün müqəddəs bir yerdir. Əlavə edir ki, dünyanın heç bir iş otağı səhnə qədər sehrli və cazibədar ola bilməz. Çünki səhnə sevgisi Nurbənizin lap uşaqlıqdan ürəyinə hopub. O, məktəbdə keçirilən bütün mədəni tədbirlərdə fəal iştirakı ilə bu yolda ilk uğurlarını qazanıb. Qarşısına bir çox maneələr çıxsa da o, yolundan dönməyib. Bakı Mədəni-Maarif Texnikumunda bədii yaradıcılıq ixtisası üzrə təhsil alıb. Təhsilini başa vurduqdan sonra 2007-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib.
Sonra Nurbəniz fəaliyyətini Şərur Xalq Teatrında davam etdirib. İndi isə böyük səhnədə – Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ona tapşırılan rolları sevə-sevə ifa edir. İndiyə kimi bu səhnədə Çexovun “Russayağı evlənmə” əsərində Natalya, İslam Səfərlinin “Göz həkimi” əsərində Gülər, Hüseyn Cavidin “Şeyx Sənan” faciəsində Nina, Müzəffər Nəsirlinin “Qonçabəyim nəğməsi” əsərində Pəri, Nazim Hikmətin “Kəllə” pyesində Dalbanezonun qızı, Əli Əmirlinin “Varlı qadın” əsərində Həvva, Nəriman Nərimanovun “Nadanlıq” əsərində Gülpəri və başqa obrazları canlandırıb.

Nurbəniz müxtəlifsəpkili tədbirlərin aparıcısı kimi də diqqəti çəkir. Deyir ki, aparıcı olmağın həyəcanı tamam başqadır. Hətta mən deyərdim ki, aparıcı olmaq səhnədə hər hansı bir rolu ifa etməkdən qat-qat çətindir. Çünki burada tək olursan, birbaşa auditoriya ilə təmas yaradırsan. Tədbirin məqsədinin tamaşaçılara çatdırılması vəzifəsi aparıcının üzərinə düşür. Hər hansı bir tədbirin aparıcısı olmaq vəzifəsi tapşırılanda üzərimdə çox çalışıram.
Qeyd edim ki, Nurbəniz Naxçıvan Dövlət Universitetinin ikinci kurs tələbəsidir. O deyir:
– Ən böyük arzularımdan biri ali təhsil almaq idi. Aktrisalıq fəaliyyətimi davam etdirməklə yanaşı, qəbul imtahanlarına da hazırlaşırdım. 2014-cü ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin solo oxuma ixtisasına qəbul olundum. Bildiyiniz kimi, fəaliyyət göstərdiyim teatr musiqili dram teatrdır. Bu teatrda musiqili tamaşalar daha çox səhnəyə qoyulduğu üçün mən professional şəkildə səhnədə iştirak etmək istəyirəm. Onu da deyim ki, özümü rejissorluq sahəsində də sınayıram. Əli Əmirlinin “Varlı qadın” tamaşasının ikinci rejissoru olmuşam. Naxçıvan Dövlət Uşaq Teatrının səhnəsində göstərilən Abdulla Şaiqin “Danışan kukla” tamaşasının isə rejissoruyam.
Qeyd edək ki, Nurbəniz 2015-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, “ASSİTEJ – Azərbaycan”ın birgə təşkilatçı­lığı ilə keçirilən Gənclərin III Ümumrespublika Teatr Festivalının “Ən yaxşı aktrisa” nominasiyasının qalibi olub. O, gənclərə göstərilən qayğını daim öz üzərində hiss edir:
– Bu gün muxtar respublikamızda gənclərə xüsusi diqqət və qayğı göstərilir. Doğma diyarımızda hər bir gəncə özünü təsdiq etməsi, yüksək bilik qazanması üçün geniş imkanlar var. Bu imkanlardan səmərəli istifadə etmək lazımdır. Belə imkanlardan səmərəli istifadə edən hər bir gənc həyatda öz yerini tutacaqdır. Mən aktrisası olduğum teatrda həmişə gənc­lərə göstərilən qayğını öz şəxsimdə hiss etmişəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 30 aprel tarixli Sərəncamı ilə bir qrup aparıcı incəsənət adamlarına Azərbaycan Respublikası Prezidentinin mükafatları verildi. Bu sərəncamda mənim də adım var idi. Bu yaşda Prezident mükafatına layiq görülməyim mənim timsalımda gənclərə göstərilən qayğının bir nümunəsidir. Belə qayğı məsuliyyətimi xeyli artırıb. Bu qayğıya əməli işlə cavab vermək üçün yaradıcılıq axtarışları aparır, qazandıqlarımla kifayətlənmir, daha böyük uğurlara nail olmaq üçün səhnənin imkanlarından istifadə etməyə çalışıram. Bu həm də mənim qədim sənət ocağına və həmişə səhnədən alqışlarla yola salan tamaşaçılara ən böyük töhfəm olar.
Deyirlər teatr sənətçisinin zirvəsi yoxdur. Aktyor ucaldıqca ucalmalıdır. Nurbənizin də qarşısında uzun yollar var. Bu yolda ona uğurlar arzulayırıq.

Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR