Sahib olduğumuz dəyərli incilərimizi qorumalı, onları öz məişətimizdə yaşatmalıyıq
Azərbaycanda ipəkdən hazırlanan məmulatların içərisində kəlağayı xüsusi yer tutur. Ölkəmizin qərb zonasında onu “çarqat” da adlandırırlar. Bu milli baş örtüyü müasir dövrdə yurdumuzun bəzi bölgələrində istehsal edilsə də, onun vətəni İsmayıllı rayonunun Basqal qəsəbəsidir.
Kəlağayıdan Şərq ölkələrində istifadə olunsa da, o, Azərbaycandan eksport edilmişdir. Ən vacib məqamlardan biri də məhz elə budur ki, kəlağayı yalnız bizə məxsus olub, bizim mənəvi dəyərlərimiz sırasında yer alıb.
Adına qədim dövrlərin rayihəsi hopmuş kəlağayı Azərbaycan qadınlarının ənənəvi geyimlərində artıq üç əsrdən çoxdur ki, yer alan unikal bir elementdir. Qaynar rənglər və mumla naxışların salınması üçün istifadə olunan forma və matrisaların isə ikiəsrlik tarixi var.
Xam ipəkdən hazırlanan kəlağayı əvvəlcə bişirilir, naxışlanır, sonra isə boyanır. Onun haşiyəsi basmanaxış üsulu ilə həndəsi və ya nəbati naxışlarla bəzədilir. Hər bölgənin kəlağayısı digərindən, əsasən, haşiyəsindəki ornamentlərə görə fərqlənir. Kəlağayıların boyanmasında süni boyalardan az, təbii boyalardan çox istifadə olunur.
Kəlağayılara xüsusi gözəllik qatan butanın isə öz mənası var. Belə ki, keçmişdə butadan möhür kimi istifadə olunurdu. Yüksək səviyyəli adamların hər birinin şəxsi möhürü olurmuş.
Ölçü və rənglərinə görə müxtəlif olan kəlağayıları keçmişdə yaşlı qadınlar çalma kimi bağlayar, cavan qızlar isə örpək kimi örtərmişlər. Milli geyim atributlarından olan papaq qədimdən namus, qeyrət, əzəmət, mərdlik simvolu olduğu kimi, kəlağayı da qadın baş örtüyü olmaqla yanaşı, gözəllik, zəriflik rəmzidir.
Kəlağayıya həkk olunmuş naxışların müxtəlif formaları yerli əhalinin gündəlik məişətinə də sirayət edib. Şirniyyat və çörək məmulatlarında, türbə və qəbirüstü abidələrdə həmin naxışlardan bu gün də istifadə olunmaqdadır. Naxışlar arasında ən çox butalardan istifadə edilir.
Sənətkarlar və mütəxəssislər kəlağayının altı əsas xüsusiyyətini vurğulayırlar: mütləq ipəkdən hazırlanmalıdır; kvadrat formada olmalıdır; konkret ölçüləri olmalıdır; bəzədilməlidir; basmanaxış üsulu ilə naxışlanmalıdır və nəhayət, rəngli olmalıdır. Bu altı şərtdən biri yoxdursa, deməli, həmin örtük kəlağayı deyil.
Kəlağayını Azərbaycanda vaxtilə yeni qurulan ailənin təməli hesab edirdilər. Belə ki, kəlağayını oğlana bağışlayan qız eşqinə ömürlük sadiq qalacağına and içərmiş. Yaxud da elçilik mərasimində oğlan tərəfdən olan qadınlardan biri qırmızı kəlağayıya bürünmüş nişan üzüyünü qız evinə təqdim edərdi. O həmçinin toya qonaq gələn qadınların da xonçasında ən dəyərli hədiyyə hesab olunardı.
Əziziyəm, hər aydan,
Hər fəsildən, hər aydan,
Kəlağayı örtən gəlin,
Gözəldi Gündən, Aydan.
Yuxarıda qeyd etdiyimiz bayatıdan da aydın olur ki, vaxtilə təzə gəlinlərin kəlağayı örtməsi adət halını almış, folklor nümunəmizdə, xüsusilə də dildən-dilə keçən bayatılarımızda bu baş örtüyünün onlara xüsusi gözəllik verdiyi vurğulanmışdır. Bu adət bu gün də bəzi bölgələrimizdə öz aktuallığını qoruyub saxlamaqdadır.
Qara rəngli kəlağayı ilə dünyasını dəyişən insanın üstü örtülərmiş. Həmçinin sülhsevər missiyanı da özündə yaşadan bu baş örtüyünü münaqişə zamanı hər hansı bir qadın başından açıb yerə atarsa, dava edən şəxs dərhal savaşı dayandırarmış. Göründüyü kimi, keçmişdə kəlağayıya hörmət qadına olan ehtiram qədər yüksəkdə olub. Hətta istifadə etməsələr də belə, insanlar onu evin ən əziz əşyası kimi qoruyub saxlayardılar.
Folklorumuzun dərinliklərində adına rastladığımız bu baş örtüyü YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına əlavə olunmuşdur.
Qeyd edək ki, neçə-neçə xalq sənətinin təşəkkül tapdığı, formalaşdığı Naxçıvan torpağında da kəlağayılara xüsusi hörmət, ehtiram bəslənmişdir. Nənə və babalarımızın söylədiklərinə görə, bir zamanlar burada kəlağayı toxuma sənəti mövcud olsa da, sonralar bu sənət sıradan çıxmış, unudulmuşdur. Lakin misilsiz Ordubad ipəyindən hazırlanan bu milli baş geyimimiz yaşlı insanların yaddaşlarında özünə əbədi bir iz qoymuşdur. Ordubadda kəlağayıdan, əsasən, XIX əsr və XX əsrin ortalarında istifadə olunmuşdur. Hazırda evlərdə nənələrin sandıqlarında bu qədim kəlağayılardan saxlayanlar da var.
Ordubad rayon sakini, 68 yaşlı Xanım nənə gənclik illərindən bu baş örtüyündən bu günə kimi istifadə etdiyini bildirdi. O, bu örpəyi ömrü çatdığı qədər də yaşadacağını vurğuladı. Xanım nənə qədim ənənələrimizin beşiyi hesab olunan bir bölgədə, həmçinin üzvü olduğu ailədə kəlağayıdan istifadə olunmamasından narazılıq etdi.
Bu da qeyd olunmalıdır ki, kəlağayılarımızdan bu gün, sadəcə, yaşlı təbəqənin nümayəndələri istifadə edirlər. Digər qadınlarımız isə müxtəlif ölkələrin istehsalı olan baş örtüklərini seçirlər. Bəs milli geyimlərimizdən uzaqlaşmaq, onları xarici məhsullarla əvəz etmək nə dərəcədə düzgündür? Naxışlarında mentalitetimizi əks etdirən ornamentlərin həkk olunduğu kəlağayılardan istifadə etməli, onu itib-batmağa qoymamalıyıq. Bir azərbaycanlı olaraq hər birimiz düşünməliyik ki, milliliyimizin rəmzi olan kəlağayını biz yaşatmasaq, kim yaşadacaq? Mahiyyətini dərindən dərk etdiyimiz milli və maddi dəyərimizin bir nümunəsini tanıtmaq missiyasını necə həyata keçirə bilərik? Unutmayaq, hər bir xalq öz mədəniyyəti, mənəvi dəyərləri ilə tanınır. Sahib olduğumuz tarix və dəyərli incilərimizi qorumalı, onları öz məişətimizdə yaşatmalıyıq.
Fatma BABAYEVA