Ana yurdumuz Naxçıvan qədim abidələrlə zəngin ilk insan məskənlərindən biridir. Burada xalqımızın tarixi keçmişini, mədəniyyətini, adət-ənənələrini özündə yaşadan abidələr vardır. Naxçıvanda ilk insanın yaşadığı mağaralara, qədim yaşayış yerlərinə, möhtəşəm qala divarlarına, qayaüstü rəsmlərə, ən mükəmməl memarlıq incilərinə rast gəlmək mümkündür. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarix dünya mədəniyyətinə böyük hədiyyələr vermişdir”. Qədim Naxçıvan torpağı orta əsr və müasir dövr maddi-mədəniyyət nümunələri ilə olduqca zəngindir. Aparılan elmi tədqiqatlar hələ eramızdan əvvəl Naxçıvan ərazisində ulu əcdadlarımızın yaşayıb-yaratdığını göstərir. Naxçıvanda olan tarixi abidələr və maddi-mədəniyyət nümunələri onu nəinki Azərbaycanın, hətta dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir. Hər qarışı bir zənginlik daşıyan muxtar respublikamızın bütün bölgələri qədim tarixin silinməyən izlərini daşıyır. Naxçıvan ərazisində olan dünya əhəmiyyətli abidələr, yüksək memarlıq üslubunda tikilən maddi-mədəniyyət nümunələri dünyanın bütün bölgələrindən turistləri özünə cəlb edə bilir.
Bu abidələrin bəzisi zamanla yox olmuş, bəziləri isə günümüzə qədər gəlib çıxmışdır. Qədim sərvətlərin qorunub saxlanması və mühafizə edilməsi bir ölkənin inkişafından, onun elmə, mədəniyyətə verdiyi qiymətdən xəbər verir. Bir ölkənin tarixi dəyərlərini qoruması, keçmişinə sahib çıxması onun öz qüdrətinin sübutu və varlığının silinməzliyidir. Muxtar respublikamızda da tarixi abidələrə böyük diqqət göstərilir, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 dekabr 2005-ci il tarixli “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncamı bu sahəyə göstərilən diqqətin bir nümunəsidir.
Naxçıvan hələ qədim zamanlardan strateji əhəmiyyətə malik bir region olmuşdur. Onun Şərqlə Qərbi birləşdirən Böyük İpək Yolu üzərində yerləşməsi ticarət, sənətkarlıq və mədəniyyət mərkəzi kimi formalaşmasına şərait yaratmışdır. Karvanların bu ərazidən gediş-gəlişi isə heç də təsadüfi olmamışdır. İnsanlar üçün getdiyi ölkənin təhlükəsizliyi, yolların rahatlığı və burada yaşayan əhalinin münasibəti olduqca vacib idi. Ticarətin inkişafı üçün karvanların keçdiyi yollarda körpülər salınır, karvansaralar tikilir və su quyuları qazılırdı.
Karvan yolları üzərində yerləşən maddi-mədəniyyət nümunələrindən biri də “Fərhad evi” adı ilə tanınan arxeoloji abidədir. Bu abidə ölkəmizin dilbər guşələrindən biri olan Şahbuz rayonunun Biçənək kəndindən şərqdə yerləşən, füsunkar təbiəti ilə bura gələnləri valeh edən Batabat yaylağındadır. Naxçıvan-Laçın-Yevlax avtomobil yolundan sağda, Zorbulaqdan, təqribən, 1 kilometr şərqdə olan Fərhad evi liparit tuf qayada külüng tipli metal alətlə qazılmışdır. Abidə dörd otaqdan ibarətdir. Tavanlar tağ şəkilli, döşəmələri oval planlıdır. Şam, yaxud çıraq qoymaq üçün kiçik taxçalar qazılmış divarların dibində səki düzəldilmişdir. Aparılan tədqiqatlar abidənin e.ə. I minilliyin sonlarına və eramızın əvvəllərinə aid olduğunu deməyə əsas verir. Batabat yaylağında “Fərhad evi” adı ilə tanınan dayanacaq da yaradılmışdır. Orta əsrlərdə Naxçıvan-Batabat yolunda gediş-gəliş artdığından Fərhad evindən bir qədər şimalda karvansara tikilmişdir ki, buranı yerli əhali “Şah Abbas karvansarası” adlandırır. Fərhad evinin olduğu qayanın üstündə Fərhad cəsarətli cəngavər bir kişi və Şirin incəliyi olan qadın rəsmi həkk olunmuşdur. Qayanın şimal-şərq yamacında uzunluğu 5 metr, eni 80 santimetr, dərinliyi 30 santimetr hündürlüyündə səki qazılmış, səki boyunca isə 3 sətirlik qədim yazı yazılmışdır (çox güman ki, mixi yazı). Ancaq yazı oxunmaz vəziyyətə düşmüşdür. Yəqin ki, yazıda bu abidənin nə zaman və hansı sənətkar tərəfindən yaradıldığı barədə məlumat olmuşdur. Yaxınlıqdakı kurqantipli abidənin üzərindəki vişap oğurlanmışdır. Eyni zamanda buranın daş qapısı olduğu və əvvəllər bura dərman bitkiləri yığmağa gələn mənfur ermənilər tərəfindən sökülüb aparıldığı deyilir. Yeri gəlmişkən, Naxçıvan televiziyasının hazırladığı “Fərhad evi” televiziya filmində mərhum ziyalı Qaşdar Əliyevin dediyinə görə, 1981-ci ildə Bakı-Yevlax-Gorus-Naxçıvan qaz xəttinin çəkilişi zamanı bu abidəni dağıtmaq arzusuna düşənlər olmuşdur. O zaman bu xəttin çəkilişində ermənilər çoxluq təşkil edirdi. Erməni mühəndislərinin verdiyi plana görə, qaz xətti Fərhad evinin olduğu yerdən keçməli və bunun üçün də abidə dağıdılmalı idi. Görəsən, o böyük ərazidə qaz xəttinin keçəcəyi başqa yer yox idimi ki, bu tarixi abidəni sökmək lazım gəlirdi? Özgəsinin malında həmişə gözü olan ermənilərin xain oyunları baş tutmamışdır. Ümummilli lider Heydər Əliyevin müdaxiləsi ilə bu iş dayandırılmış, Fərhad evi qorunub saxlanılmışdır. Bu gün yolu Şahbuza düşən hər kəs Fərhad evini də görməyə can atır. Qeyd edək ki, abidənin birinci otağında olan quyu və ocaq yeri buranın uzunmüddətli yaşayış məskəni olduğunu da deməyə imkan verir. Fərhad evindən buradan keçən karvan əhli yayın istisindən və qışın soyuğundan qorunmaq üçün istifadə etmişdir. Tarix üzrə fəlsəfə doktoru Elbrus İsayevin “Böyük İpək Yolu və Naxçıvan” adlı kitabında qeyd olunur ki, el arasında bura “Aman evi” adlandırılmışdır. Bu da onun karvansara kimi istifadə olunması fikrini gücləndirir. Fərhad evinin qədim zamanlarda fərqli adlarla adlandırıldığını tarixi qaynaqlarda da görmək olur. AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi mövqeyi və əlaqələri” adlı kitabında qeyd edildiyinə görə, Fərhad evi tarixdə “Ağ karvansara” adı ilə də tanınmışdır. Apardığımız araşdırma zamanı əldə etdiyimiz 1971-ci il 27 mart tarixli “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunan bir məqalədə oxuyuruq: “Fərhad evinin axırıncı otağının tavanında havanı tənzimləmək üçün baca açılmışdır. Abidənin yanından keçən qədim yolun kənarında müsafirlərə yol göstərən daş vardır. Daş iki metr hündürlüyündə olub, yuxarı hissəsi qolları yana açılmış heykələ oxşayır. Baş tərəfdə iki deşik açılmışdır. Arxeoloji tədqiqatlar göstərir ki, belə yol göstərən daşlar ilk orta əsrlər dövrü üçün səciyyəvidir”.
Son olaraq qeyd edək ki, abidənin “Fərhad evi” adlandırılması ilə bağlı olaraq el arasında rəvayət və əfsanələr dolaşır ki, onlardan biri böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasındakı “Fərhad” adlı qəhrəman ilə bağlılığıdır. Fərhad öz sevgisi üçün dağları yarıb yol açmışdı. Xalq belə böyük bacarıq və səbir hesabına başa gələn sənət əsəri yaradan sənətkara hörmət əlaməti olaraq bu abidəyə “Fərhad evi” adını vermişdir.
Bir vətəndaş olaraq hər birimiz tarixi dəyərlərimizi qorumalıyıq. Çünki şanlı tariximizlə yaşıd olan dəyərlərimiz bizim keçmişimiz, gələcəyə tutduğumuz işıqdır. Bir millət öz tarixinə və tarixi dəyərlərinə nə qədər sahib çıxsa, o qədər də varlığını davam etdirəcəkdir.
Hüseyn Əhmədov