23 Dekabr 2024, Bazar ertəsi

 Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi zəngin ekspozisiyası ilə seçilir

Mədəniyyət və incəsənətin beşiyi hesab olunan vətənimizin qədim və zəngin tarixini insanlara tanıtmaq üçün ölkəmizdə saysız-hesabsız muzeylər fəaliyyət göstərir. Onlardan biri də Ordubad şəhərindəki tarixi abidə olan Qeysəriyyə binasında yerləşən Tarix-Diyarşünaslıq Muzeyidir. 

Qeysəriyyə keçmiş zamanlarda şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü Şərq bazarı olub. Buranı I Şah Abbas XVII əsrdə həyat yoldaşının əziz xatirəsinə tikdirib. Belə tikililərə dünyanın 3 yerində – Təbriz, Səmərqənd və Ordubadda rast gəlmək olar. Müxtəlif illərdə Buzxana və Zorxana kimi tanınan bu tikili 1980-ci ildən 150 eksponatla Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyətə başlayıb. 4000-ə yaxın eksponatı olan muzeyin ümumi sahəsi 540 kvadratmetrdir. Mərkəzi 8 bucaqlı zaldan, onun üzərini bağlayan dairəvi günbəzdən, günbəzi künclərdə saxlayan mürəkkəb quruluşlu 4 dayaqlı divar taxçaları arasında yerləşən keçidlərdən ibarətdir. Böyük günbəzdən və ona bitişik 16 kiçik günbəzdən ibarət olan bina gözəl memarlıq üslubunda bişmiş kərpicdən inşa olunub. Qeysəriyyənin günbəzi də daxil olmaqla, ümumi hündürlüyü 8,5 metrdir. Binanın daxilində naxışlı kərpiclə bəzədilmiş 200 kvadratmetr sahədə şəbəkə sistemi mövcuddur. Ekspozisiya zalında müasir işıqlandırma sistemi yaradılıb. Bu abidə yenidən qurularaq 2010-cu ildə istifadəyə verilib.

Muzeyin mərkəzində 8 guşəli çərçivəli şüşənin altında saxlanılan Gəmiqayadan gətirilmiş qranit daşın 5 min ilə yaxın tarixi var. Bir qədər sağda XVII-XVIII əsr abidəsi olan Təkeşiyi məscidinin sütunları yerləşir.
“Ordubadın yetirmələri”, “Ordubadın görkəmli elm xadimləri” guşələrində 300 ordubadlı haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, 150 nəfərdən çox elmlər doktoru, professor yetirən bölgənin 19 elm adamı AMEA-nın həqiqi üzvüdür.
Budur, “Heç kim unudulmur, heç nə yaddan çıxmır” adlı guşənin qarşısındayıq. Guşə Azərbaycan Vətən və İkinci Cahan müharibələrində şücaət göstərən ordubadlılara həsr edilib.
“Toxuculuq” guşəsində qədim dövrlərdə işlənmiş yun əyirmək üçün cəhrə, pileyi, yun darağı, xalça-palaz toxumaq üçün maral buynuzundan olan kirgid nümayiş etdirilir.
“Numizmatika” guşəsində isə biz keçmişdə insanların istifadə etdikləri pul vahidləri, qədim sikkələr­lə rastlaşırıq.
“Ordubadın faydalı qazıntıları” guşəsində ziyarətçilər bölgənin yerüstü və yeraltı sərvətləri barədə məlumatlar əldə edə bilərlər.
İpəyi ilə dünyada məşhur olan Ordubadın baramaaçan fabrikində istehsal olunan xam tellər, baramadan hazırlanmış ipək tellər, ipək istehsal edən alətlər olan mancanaq, çaxçax, digər avadanlıq və məmulatlar növbəti guşədə sərgilənib.
Muzeydə həmçinin Ordubad dəmirçilərinin əl işlərindən, Ordubadın flora və faunasından, arxeoloji qazıntılar nəticəsində tapılmış qədim daş alətləri və sair nümunələrdən ibarət guşələr təşkil olunub.
Muzeyin direktoru Vilayət Bağırov buraya müxtəlif təşkilatların əməkdaşlarının, məktəb şagirdlərinin, həmçinin rayona gələn çoxsaylı turistlərin tez-tez müraciət etdiklərini bildirdi. O həmçinin “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçılarının da muzeyi ziyarətə gəldiklərini diqqətə çatdırdı. Vurğuladı ki, ölkəmizin digər bölgələrindən gəlmiş məktəblilər muzeyin eksponatlarına maraqla baxaraq Ordubad barədə xeyli məlumatlar alıblar.

Bələdçilərin köməyindən istifadə edən bir ailənin muzey barədə təəssüratlarını öyrənmək məqsədilə onlara yaxınlaşdım. Həmsöhbət olduğumuz ailənin başçısı Şərur rayon sakini İsmayıl Qasımov Ordubadın, doğrudan da, “Azərbaycan incisi” olduğunu və elə bu səbəbdən də ailəsi ilə birlikdə buraya tez-tez qonaq gəldiyini bildirdi:
– Tək Tarix-Diyarşünaslıq Muzeyini deyil, Məmməd Səid Ordubadinin, Məhəmməd Tağı Sidqinin, Yusif Məmmədəliyevin ev-muzeylərində də dəfələrlə olmuşam. Övladlarım da mənim kimi tarixə söykənən nə varsa, maraqlandıqları üçün qısa muzey səyahətlərində böyük həvəslə mənə yoldaşlıq edirlər. Tarixi daha qədim və eksponat baxımından xeyli zəngin olan bu muzey Ordubadda olan digər muzeylərdən fərqlənir.
Qasımovlar ailəsi nümunəvi bir hərəkətin iştirakçıları olaraq digər insanları da buna səsləyirlər.
Hər birimiz tarixi özündə əks etdirən məkanlarla maraqlanmalı, onları vaxt­aşırı ziyarət etməliyik. Bir xalqın kökü keçmişə nə qədər çox söykənərsə, onun tarixi də bir o qədər zəngin olar. Bu baxımdan qədim insanların ilk yaşayış məskənlərindən biri olan vətənimizin tarixini öyrənmək üçün yalnız bir muzeyi ziyarət etmək, oradan məlumatlanmaq kifayət etməz.

Hər muzeyi “Vətənimizin tarixi” adlı kitabın yalnız bircə səhifəsi adlandırsaq, heç də səhv etmərik. Bir vətəndaş olaraq suyunu içdiyimiz, havasını ciyərlərimizə çəkdiyimiz, hal-hazırda əmin-amanlıqla, firavan yaşadığımız torpağın tarixini bilmək hər birimizin borcudur. Çünki tarix vətənimizin tarixi, Vətən isə hamımızın vətənidir!

 Fatma Babayeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR