“Hər bir yay fəsli küçələrdə arabalarda buz sallarını görəndə, bir tərəfdən o buzu şampanskilərə və ləzzətli marojnalara işlədən xoşbəxtlər gözümün qabağına gəlir...”. Yəqin ki, görkəmli dramaturq Cəlil Məmmədquluzadənin “Buz” hekayəsindəki bu fikirlər çoxlarına tanışdır. Böyük ədibin uşaqlıq dövrünün təəssüratları altında qələmə aldığı bu hekayədən bəlli olur ki, XIX əsrin sonları, XX əsrin əvvəllərində Naxçıvan şəhərinin küçə və meydanlarında, bazarlarda buz satışı təşkil olunarmış. Əhali bu cür buz parçalarından sərinləmək üçün soyuq içkilərin hazırlanmasında, müxtəlif ərzaqların saxlanılmasında, təbabətdə geniş istifadə edərmiş.
Naxçıvanın kəhriz və bulaqlarından gözyaşı kimi çağlayaraq axan sudan hazırlanan bu cür təbii buz parçaları yayın qızmar günlərində hər kəsə xoş gələrmiş. Belə təbii buzlar isə yerli buzxanalarda hazırlanarmış. Buzu hazırlamaq üçün qış aylarında binaya çəkilmiş kəhriz suyu zirzəmiyə yığılaraq buz halına salınar, əriməməsi üçün onların aralarına saman tökülərmiş. Bu işlə məşğul olan adamlar yay aylarında ayaqlarına keçə bağlayaraq buzu buradan çıxarar və satışını təşkil edərmişlər. Bəzi tədqiqatçılara görə isə axan su Buzxana yaxınlığında xüsusi hazırlanmış bir meydançaya yığılaraq dondurular, sonra kəsilən buz parçaları Buzxana binasına daşınaraq burada saxlanılarmış. Buna görə də orta əsrlərdən üzübəri Şərq aləmində məscid və hamamları, qala və saray kompleksləri ilə məşhur olan Naxçıvan həm də Buzxana binaları ilə tanınmışdır.
Hazırda belə buzxanalardan ən böyüyü Naxçıvan şəhərindəki “İmamzadə” kompleksinin yaxınlığında yerləşən Naxçıvan Buzxanası abidəsidir. “Naxçıvan Abidələri Ensiklopediyası”nda bildirilir ki, bu abidə öz profilinə görə ölkəmizdə qeydə alınan ən böyük tikilidir. Yüksək memarlıq həllinə görə binanın Naxçıvan memarlıq məktəbinin inkişaf etdiyi XII-XIV əsrlərdə tikildiyi ehtimal olunur. Uzunluğu 20 metr, eni isə 9 metr olan bu bina ilk baxışdan birmərtəbəli binanı xatırlatsa da, ümumi hündürlüyü 9,6 metrdir. Binanın dam örtüyünün üzərində 6 ədəd kiçik günbəz ucaldılıb. Yüksək texniki səviyyədə kərpicdən qurulmuş örtük konstruksiyasının mükəmməl həlli, naturada tikilməsi, bina örtüyünün uzununa, yüngül və dinamik konstruksiya sxemi tərzində yaradılması Naxçıvan Buzxanasının səciyyəvi cəhətlərindəndir. Təxminən hər 3 metrdən bir qurulan çatmavari tağlararası boşluq çatma tağbəndlə örtülüb. Kərpic hörgü cərgələri yükdaşıyan tağlara nisbətən şaquli vəziyyətdə yerləşdirilib. Binanın örtüyündəki kərpic hissələrindən bəlli olur ki, tağların yuxarısında tağbəndlərin konstruksiyası dəyişir və onlar balaca tağbəndlərlə tamamlanır. Balaca tağbəndlər isə binanın əsas oxu boyu yerləşdirilib.
Bu cür oxşar konstruksiyadan Ordubad şəhərindəki Buzxanada da istifadə olunub. Tədqiqatçılara görə, bu Buzxana binası XIV əsrdə tikilib, XVIII əsrdə isə yenidən bərpa edilib. Binanın ümumi sahəsi 166 kvadratmetr, zirzəmisinin daxili sahəsi isə 89,4 kvadratmetrdir. Bişmiş kərpic və əhəng məhlulu ilə tikilən binanın divarlarının qalınlığı 80 santimetrdir. Bina daxili girişdə böyük otaqdan, ikimarşlı 36 pillədən və buz saxlanılan zirzəmidən ibarətdir. Tikilinin ümumi hündürlüyü 11,32 metrdir. Otağın tavanı düz səthi olub, zirzəminin tavanı hər biri 2,9 metr məsafədə yerləşdirilməklə iki qonşu tağın arasında çatma tağ-tavan şəklində həll edilib. Bu halda hörgü cərgələri daşıyıcı tağa perpendikulyar vəziyyətdə düzülüb. Kərpic hörgüyə əsasən, tağın zirvəsinə yaxın tağ-tavanın konstruksiyası dəyişilir. Bütün binanın mərkəzi oxu, tağların baş xətti boyunca xırda tavanlarla tamamlanır.
Muxtar respublikamızda digər Buzxana abidəsi isə Şərur rayonundakı Cəlilkənddə yerləşir. XIX əsrə aid olan bu bina dördkünc formasındadır və divarlar yuxarıda tağabənzər formada tamamlanır. Buzxananın daxilində isə divarlar boyunca dördkünc formalı səkilər tikilib. Tikinti zamanı nəfis şəkildə yonulmuş qaya parçalarından istifadə olunması abidəyə xüsusi görkəm bəxş etməklə yanaşı, həm də xalqımızın qədim memarlıq ənənələrindən xəbər verir.
Qeyd edək ki, yuxarıda adıçəkilən Buzxana abidələrinin hər biri ölkə əhəmiyyətli abidələrdir. Alimlərə görə, bu abidələrin tikilişindəki oxşar konstruksiyadan o dövrdə Təbriz və Ərdəbildə inşa olunan bazar komplekslərinin örtülü keçidlərində istifadə edilib. Buzxana abidələri regionda ticarət məqsədilə tikilən obyektlərdir. Buzxanalardan, yuxarıda da qeyd etdiyimiz kimi, əsasən, ərzaq məhsullarının təbii üsulla saxlanılmasında, buz satışında istifadə olunub.
Ancaq ötən əsrin ortalarından sonra elmi-texniki tərəqqinin inkişafı bir çox sahələr kimi soyuducu sənayesinə də sirayət edib ki, bu da, öz növbəsində, tarixi Buzxana binalarından istifadəni arxa plana keçirib. Nə yaxşı ki, belə tarixi binalarımız xalqımız tərəfindən qorunub saxlanılıb. Müstəqilliyimizin bərpasından sonrakı dövrdə isə Naxçıvanda tarixi abidələrə göstərilən dövlət qayğısı Buzxana binalarını da əhatə edib. Belə ki, son illərdə hər üç Buzxana abidəsi əsaslı şəkildə bərpa olunub. Hazırda bu Buzxana binalarından milli mətbəximizin təbliği üçün istifadə olunur. Bu da muxtar respublikamıza gələn qonaqlara tariximizi və mədəniyyətimizi birlikdə tanıtmağa imkan verir.
Səbuhi Həsənov