Sənətkar ömrü, onun yaratdığı sənət aləmi əlçatmaz bir ümmana bənzəyir. Azərbaycan bəstəkarlıq məktəbinin unudulmaz nümayəndəsi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin də adı belələri sırasındadır.
Bu il görkəmli sənətkarın anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 noyabr 2015-ci ildə “Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2 dekabr 2015-ci il tarixli Sərəncamla “Bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nı təsdiq etmişdir. Tədbirlər planında muxtar respublikamızda Qəmbər Hüseynlinin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin və bəstəkarın əsərlərindən ibarət konsertin təşkili, muxtar respublikanın musiqi məktəblərində bir dərs saatının bəstəkar Qəmbər Hüseynlinin yaradıcılığına həsr olunması, bəstəkarın həyat və yaradıcılığına həsr edilmiş tematik verilişlərin və qəzet materiallarının hazırlanması, keçirilən tədbirlərin işıqlandırılması öz əksini tapmışdır.
Qəmbər Hüseynli elə sənətkar idi ki, o, bütün yaradıcılığı boyu qələmə aldığı musiqi əsərlərinin qəlblərə, duyğulara qüvvətli təsir göstərməsinə ciddi fikir verirdi. Bəstəkar deyirdi ki, musiqi ürək və qəlb çırpıntısına səbəb olmursa, deməli, o əsər ürəklə yaradılmayıb. Bəstəkar həcmindən asılı olmayaraq, hər bir əsər üzərində müəllifin tam məsuliyyətlə çalışmasını ən vacib sənət prinsipi hesab edirdi. Janrından, formasından asılı olmayaraq, hər hansı əsərə çox böyük məsuliyyətlə yanaşmaq Qəmbər Hüseynli yaradıcılığının başlıca spesifik cəhətlərindən idi.
Qəmbər Hüseynlinin musiqi irsi çoxcəhətlidir. O, xalqın mənəvi zənginliyinin tərcümanı olan musiqinin müxtəlif janrlarında bir-birindən dəyərli əsərlər yaratmışdır. Lakin Azərbaycan musiqi tarixində o, daha çox mahnı və romans janrının mahir sənətkarı kimi tanınaraq özünəməxsus dəst-xətti, fitri istedadı ilə xüsusi olaraq diqqəti cəlb edir.
Onun mahnı və romansları lirizmi, milli musiqi və poeziya ilə üzvi əlaqəsi, yeni intonasiyaları ilə fərqlənir. “Ay işığında”, “İlk məhəbbət”, “Tellər oynadı”, “Tel nazik”, “Çeşmə başında” və sair əsərləri indi də müğənnilərimizin repertuarlarının bəzəyidir.
Bəstəkarın sənət inciləri dəstində, mahnı çələngində öz təravəti, xalq təranələri ilə könüllər oxşayan, bütün dünyanı diyar-diyar dolaşan bir sənət incisi də var: “Cücələrim”. Tanınmış şair Tofiq Mütəllibovun sözlərinə 1948-ci ildə bəstələdiyi “Cücələrim” o vaxtdan indiyə qədər dünyanın 100-dən çox xalqının dilinə tərcümə edilib, müntəzəm olaraq səslənir və ən böyük konsert – istirahət salonlarının bəzəyi kimi zövq oxşayır. Mahnı irqindən, milliyyətindən asılı olmayaraq, bütün insanların qəlbində mərhəmət çırağı yandırır, onları müqəddəs amallarla yaşayıb-yaratmağa səsləyir. Demək olar ki, dünyanın bütün xalqları – uşaqlar da, böyüklər də oxuyur “Cücələrim”i. Böyük iftixarla deməliyik ki, dünyada “Cücələrim” qədər geniş yayılan, yüz minlərlə uşağın və böyüyün, müxtəlif nəsillərdən olan adamların zövqünü oxşayan ikinci bir mahnı yoxdur. Sənətşünasların yekdil rəyinə görə, indiyə kimi “Cücələrim” qədər öz müəlliflərini bütün dünyada tanıtdıran ikinci uzunömürlü bir mahnı olmamışdır.
1955-ci ilin payızında sovet nümayəndə heyəti İsveçrədə qarşılanarkən qonaqları bir qrup İsveçrə məktəblisi “Cücələrim” mahnısının ifası ilə salamlayır. Bu, Azərbaycan musiqisinin sərhədləri aşması demək idi. Vaxtilə kino xadimlərimiz Fransada olarkən dünya şöhrətli Çarli Çaplin gələnlərin Azərbaycandan olduqlarını biləndə piano arxasına keçərək “Cücələrim”i ifa edir və qonaqlara üz tutaraq deyir: “Demək, siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!”
Qəmbər Hüseynli yalnız mahnı və romanslar deyil, həmçinin kamera instrumental janrda da əsərlər yazmışdır. Azərbaycan xalq professional musiqi yaradıcılığı ənənələrini gözəl bilməsi, dərindən mənimsəməsi, müxtəlif vaxtlarda respublika radiosunun və Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrlərindəki fəaliyyəti, filarmoniyanın nəzdində ilk dəfə olaraq “Sazçı qızlar” ansamblı yaratması və ona rəhbərlik etməsi, heç şübhəsiz, bəstəkara instrumental janrlarda da öz istedadını nümayiş etdirməyə qüvvətli təsir göstərmişdir.
Simli kvartet üçün “On bir respublika” pyesləri, xalq çalğı alətləri orkestri üçün “Lirik rəqs süitası”, fortepiano üçün variasiyalar, fleyta və fortepiano, qaboy və fortepiano üçün sözsüz mahnılar və digər əsərlərində bəstəkarın fərdi yaradıcılıq üslubu özünü aydın büruzə verir.
Onun sevimli müəllimi Üzeyir Hacıbəyovun vəfatı münasibətilə bəstələdiyi “Xatirə” xor əsəri çox böyük estetik-emosional təsiri ilə seçilir.
Bəstəkar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnə həllini tapan bir neçə pyesə də musiqi bəstələmişdir. Məmmədhüseyn Təhmasibin “Gülən gözlər” və Zeynal Xəlilin “Gənc sənətkarlar” pyesinə bəstələnən musiqilər həmin əsərlərin tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmasında mühüm rol oynamışdır.
Teatr-səhnə əsərlərinə böyük maraq göstərən bəstəkar opera janrında da qələmini sınamışdır. O, gözəl şairimiz Mirmehdi Seyidzadənin librettosu əsasında bəstələdiyi “Qızıl quş” uşaq operasını 1954-cü ildə tamamlayaraq balaca sənətsevərlərə töhfə etmişdir.
Azərbaycan xalq musiqi yaradıcılığına, musiqi folklorunun ayrı-ayrı sahələrinə göstərdiyi sonsuz maraq, bu istiqamətdə səmərəli fəaliyyəti bəstəkarın həm sağlığında, həm də dünyadan köçəndən sonra belə, təqdir olunmuş, musiqişünas alimlərin tədqiqat obyektinə çevrilmişdir.
Görkəmli bəstəkar Qəmbər Hüseynlinin nota köçürdüyü 55 aşıq havası Azərbaycan folklorşünaslığı və musiqişünaslığı üçün çox zəngin yaradıcılıq mənbəyidir.
Cəmi 45 il ömür sürən, bu dünyadan vaxtsız köçən Qəmbər Hüseynli sənəti minlərin, milyonların ürəkdən sevib pərəstiş etdiyi sənət obyektidir. Onun adı sənətsevərlərin qəlbində, hafizəsində özünə möhkəm yer tutmuşdur.
Günay Məmmədova
Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının məsul katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru