23 Dekabr 2024, Bazar ertəsi

 Teatr sənəti sintezi sevən bir sahədir. Burada tamaşa üçün təkcə aktyor oyunu kifayət etmir. Teatrı real həyata yaxınlaşdırmaq üçün, təbii ki, səhnədə məkanın, geyimin, musiqinin, rənglərin əhəmiyyəti çoxdur. Bu vacib məsələni  isə birmənalı şəkildə peşəkar teatr rəssamı həll edir.

Teatr rəssamı digər rəssamlardan tamamilə fərqlənir. Bu sahənin adamları teatr sənətinin incəliklərini də yaxşı bilməlidirlər. Bu baxımdan Azərbaycan teatr məktəbində Naxçıvanın teatr rəssamlarının xüsusi yeri var. Bu günə qədər Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ona qədər rəssamın quruluş verdiyi tamaşalar səhnəyə qoyulub. Etiraf edək ki, bunların hamısı da özünəməxsus uğurla, təkrarsız koloritlə yadda qalıb. Şərqin ikinci qocaman teatrının tarixində Bəhruz Kəngərli, Şamil Qazıyev, Məmməd Qasımov, Şəmil Mustafayev, Yuran Məmmədov, Hüseynqulu Əliyev, Səyyad Bayramov kimi rəssamlar tamaşalara öz bacarıqları ilə yaddaqalan bədii tərtibatlar veriblər. Son illər isə teatrın səhnəsində yeni bir rəssamın imzası tanınmağa başlayıb – Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundovun.

Yuxarıda saydığımız klassik və müasir rəssamların yaradıcılığından tamamilə fərqlənən Əbülfəz Axundovun tamaşaları öz möhtəşəmliyi və sadəliyi ilə seçilir. Hələ 21 yaşında ikən keçmiş SSRİ Rəssamlar İttifaqının ən gənc üzvü olan Əbülfəz Axundovun səhnə duyumu, müasir və klassik dramaturgiya haqda bildikləri onun quruluş verdiyi tamaşalarda özünü göstərir. Ömrünün 30 ilə yaxın bir dövrünü teatra həsr edən rəssam üçün səhnə görmək istədiyi, fikrində yaşatdığı əlçatmaz aləmin, dünyanın bir parçasıdır. Onun quruluş verdiyi əsərlərdə dekorasiyalar, hətta nəhəng qayalar belə, tamaşaçını özündən uzaqlaşdırmır, əksinə, onu aktyorlarla birlikdə birbaşa hadisələrin içərisinə nüfuz etməsinə kömək edir, tamaşaçını iştirakçıya çevirə bilir. Hər bir rejissor üçün onunla işləmək nəinki asan, hətta bir zövqdür. Çünki Əbülfəz Axundov Naxçıvan teatrının klassik ənənələrinə ciddi riayət etməklə müasir tamaşaçı duyumunu, dünyagörüşünü bir-birinə qarışdıra bilir.
Mən 1993-cü ildə Əbülfəz Axund­ovun teatr rəssamı kimi ilk işini Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərinə verdiyi quruluşda görmüşəm. Amma buna qədər o, Vaqif Səmədoğlunun “Bəxt üzüyü”, Cəfər Cabbarlının “Aydın”, “Solğun çiçəklər” tamaşalarına quruluş vermişdi. Şəhid həmyerlimiz Vaqif Əhmədovun rejissorluq etdiyi “Anamın kitabı” tamaşasında səhnədə bir-birindən aralıda qoyulan, bayrağımızı simvolizə edən göy, qırmızı və yaşıl rəngli masalar, tavandan asılan iri bir tor artıq ilk baxışdan tamaşaçıya milli varlığımızın hansı problemlərlə üzləşdiyini və onun başının üzərini alan qorxunu çatdıra bilirdi. Bu, Mirzə Cəlil dünyasının, narahatlığının rəssam təxəyyülündə inikası idi. Tamaşa Bakı şəhərində çox uğurla oynanıldı və təbii ki, rejissor işi, aktyor oyunu ilə bərabər, rəssam işi də sənət adamları tərəfindən yüksək qiymətləndirildi. Sonradan Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnələşdirilən tarixi əsərlərin əksəriyyəti Əbülfəz Axundov təxəyyülü ilə bədii şəkildə tərtib edildi. Nəriman Nərimanovun “Nadir şah”, Nəriman Həsənzadənin “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü”, Mir Cəlalın “Dirilən adam”, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”, Hüseyn Cavidin “Səyavuş”, “İblis” əsərləri onun rəssamlıq etdiyi tamaşalardandır. Yəqin ki, teatrla bağlı olan və bu tamaşalara baxan oxucular nəhəng qayaların necə asanlıqla düzənliyə döndüyünü, göydən yerə sallanan nizələrin, böyük qalxanların, sütunların bu tamaşalarda səhnədə necə hərəkət etdiyini, gah görünüb, gah da müəmmalı şəkildə yoxa çıxdığını yaxşı xatırlayırlar. Bütün bunlar isə rejissorlarla yanaşı, usta rəssamın işidir. Bəzən rəssamların qurduğu dekorasiyalar nə qədər gözəl olsa da, aktyor mizanına, hərəkətinə mane olur, ya da onu tamamlaya bilmir. Amma Əbülfəz Axundovun quruluş verdiyi tamaşalarda səhnədə heç nə artıq olmur. Əksinə, peşəkar aktyor üçün daha çox manevrlər etməyə şərait yaradır. Maraqlı burasıdır ki, nə qədər peşəkar olsa da, Əbülfəz Axundov üçün Naxçıvanda olub-keçən ən böyük teatr rəssamı Bəhruz Kəngərlidir.
“Biz müasir dövrdə hər cür texniki imkanlarla, geniş səhnə ilə təmin edilmişik. Mənim üçün çox maraqlıdır ki, o zaman, 20-ci əsrin əvvəllərində heç nə olmadığı bir vaxtda, kiçik səhnələrdə, maddi sıxıntı ilə yaşayan gənc Bəhruz ustalıqla necə tamaşalar hazırlayırdı? Bu tamaşalar isə Naxçıvan teatrının tarixidir”. Bu, indiki tamaşaçını öz səhnə tərtibatları ilə mat qoyan, Bakının tanınmış teatrlarından Naxçıvana gəlib onunla işləyəndən sonra Bakıya dəvət etdiyi rejissorları heyrətləndirən bir teatr rəssamının etirafıdır. Amma Əbülfəz Axundov üçün hələ ki “ən yaxşı tamaşam” anlayışı yoxdur. Çünki həyat, cəmiyyət inkişaf etdikcə tamaşaçı daha tələbkar olur, səhnə isə yeni əsər və yeni tərtibat istəyir...

Səməd Canbaxşıyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR