23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan elmi-ədəbi, ictimai-siyasi, mədəni mühiti Azərbaycan tarixinə, ədəbiyyatına, elminə, mədəniyyətinə bir çox ilklər bəxş etmişdir.
Bu yazımızda 1883-cü ildə Naxçıvanda “Müsəlman incəsənəti və dram cəmiyyəti” adlı bir ədəbi cəmiyyət yaradan, ilk dəfə qadın rollarında çıxış etmiş azərbaycanlı qızı Göyərçin xanımı səhnəyə gətirən Eynəli bəy Sultanovun fəaliyyətinə dair bir çox maraqlı faktı diqqətinizə çatdıracağıq.
Dövrün tərəqqipərvər, açıqfikirli ziyalılarından olan Məhəmməd ağa Şahtaxtlı, Qurbanəli Şərifov, Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə, Eynəli bəy Sultanov, Mirzə Ələkbər Bəyalı oğlu Süleymanov, Mirzə Məmməd Zamanbəy­ov və başqalarının təşəbbüsü və səyi nəticəsində yaranan “Müsəlman incəsənəti və dram cəmiyyəti”nin fəaliyyətinə şəhərin tərəqqipərvər adamları kömək edirdilər.
Eynəli bəy Sultanov Naxçıvan teatrının yaranması və təşəkkülündə əhəmiyyətli rol oynamışdır. O, həmməsləklərini öz ətrafında toplamağı, gənclərin qəlbində incəsənətə məhəbbət alovu yandırmağı, xalqına vətənpərvərlik hissləri aşılamağı bacarırdı.

“Eynəli Sultanovla məni yaxınlaşdıran Naxçıvan teatrosu səhnəsi olmuşdur. O, olduqca tərəqqipərvər bir şəxs idi. Dövrün xüsusiyyətləri ilə əlaqədar olan səhnə aləmində mövcud çətinliklərə qarşı o, yorulmadan çalışır və əmələ gələn çətinlikləri nəyin bahasına olur-olsun, aradan qaldırırdı”. Bu sözləri məşhur tədqiqatçı Əli Sultanlı “Atam və Eynəli Sultanov haqqında xatirələrim” adlı məqaləsində yazmışdır. Xatirədə diqqətçəkən məqamlardan biri də o dövrdə qadına cəmiyyətin münasibəti idi. Məqalədə qadına qarşı fanatik, cahil mövqe və teatra din adamlarının kəskin, tənqidi münasibəti də aydın şəkildə şərh olunub.
Bir müddət Naxçıvanda yaşayan və ictimai həyatda fəal iştirak edən sənətkarın 1908-ci ildən etibarən həyat və fəaliyyətinin Tiflis dövrü başlanır. Ömrünün sonunadək Tiflisdə yaşayan ədib bu illərdə ədəbi-ictimai mühitin müxtəlif istiqamətlərində, xüsusilə də teatrın və mətbuatın inkişafında yaxından iştirak etmiş, pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Belə ki, Eynəli bəy Sultanov 1909-cu ildə Tiflisdə “Zubalov adına xalq evi” yanında Azərbaycan dram şöbəsinin əsas təsisçilərindən biri olmuş, 1911-ci ildə Gürcü Əyanlar Teatrında təşkil olunan Azərbaycan Teatr Cəmiyyətinin bürosuna üzv seçilmişdir.
Eynəli bəy Sultanovun Tiflisdə gördüyü işlər barəsində sənətkarın tədqiqatçısı, AMEA Naxçıvan Bölməsinin əməkdaşı Elxan Məmməd­ovun əldə etdiyi arxiv materiallarında bir çox maraqlı məqama rast gəldik. E.Məmmədovun bizə təqdim etdiyi həmin sənədlərin biri Xalq artisti İbrahim İsfahanlının xatirəsinin əlyazma mətnidir. Xatirədə Eynəli bəy Sultanov haqqında yazılan bu fikirləri oxuyuruq: “Mən Hüseyn Ərəblinskinin rəhbərliyi ilə təşkil olunmuş və onun rejissorluğu ilə tamaşaya qoyulmuş “Gaveyi ahəngər” əsərində çıxış etdiyim gündən Eynəli Sultanovu daha yaxşı tanımağa başladım. O zaman Bakıda, bir sözlə, Azərbaycanda olduğu kimi, Tiflisdə də cavan aktyorları çıxılmaz vəziyyətdə qoyan azərbaycanlı qızının səhnədə iştirak etməməsi idi. Buna görə də biz qadın iştirak etməyən əsərləri tamaşaya qoymağa məcbur idik. Səhnəmizdə azərbaycanlı qızının olmaması çox çətinlikdən sonra senzordan icazə alıb tamaşaya qoyduğumuz Azərbaycan həyatını əks etdirən əsərlərdə özünü daha çox hiss etdirirdi. Bu əsərlərdəki azərbaycanlı qadın rollarını rus ak­trisaları ifa edirdilər. Tiflis səhnəsini bir müddət bu çətinlikdən qurtaran Eynəli Sultanov oldu. O, “Tiflis müsəlman dram cəmiyyəti”nin yeganə üzvü idi ki, ilk dəfə qadın rollarında çıxış etmiş azərbaycanlı qızı Göyərçin xanımı da səhnəyə gətirmişdir. 1910-cu ilin 30 oktyabrında tamaşaya qoyulan “Dəmirçi Gavə” əsərində Xubçöhr rolunda Göyərçin xanım, Gavə rolunda isə Eynəli Sultanov məharətlə çıxış etmişdir. Sonralar Göyərçin xanım teatrdan ayrıldı. O, 1914-cü ildə Tiflisə qastrola gəlmiş Mirzəağa Əliyevlə evlənmiş və səhnəni tərk edərək tibb işçisi olaraq çalışmağa başlamışdır. Buna baxmayaraq, bir müddət qadın rollarını yenə Eynəli Sultanov ifa etdi. O, N.Vəzirovun “Müsibəti-Fəxrəddin” əsərində Hürü nənə, “Hacı Qənbər” əsərində Dilbər xanım, Ə.Haqverdiyevin “Pəri-cadu” əsərində Şamama-cadu və sair rollarda çıxış etmişdir. Eynəli Sultanovun qadın rollarında çıxış etməsi Şeytanbazarın fanatik müsəlmanları tərəfindən lağa qoyulurdu. Eynəli Sultanov isə bunlara fikir verməyərək deyirdi ki, zaman gələr, yazıq müsəlmanlar başa düşərlər ki, mənə yox, öz faciəli tarixlərinə gülürlərmiş, – deyərək teatrın inkişafında misilsiz xidmətlər göstərməyə davam edirdi”. (İbrahim İsfahanlı xatirəsi (əlyazması) – Gürcüstan SSR Dövlət Teatr Muzeyi –Azərbaycan teatr materialları – fond 13).
Göründüyü kimi, Eynəli bəy Sultanovun xidmətləri bir çox istiqamətdə olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 15 fevral tarixli Sərəncamı görkəmli mütəfəkkirin həyat və fəaliyyətinin öyrənilməsi və geniş oxucu auditoriyasına çatdırılması baxımından son dərəcə mühüm addımdır.

Nərgiz İsmayılova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR