Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən Eynəli bəy Sultanovun anadan olmasının 150 illiyinə həsr olunmuş elmi konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 15 fevral tarixli Sərəncamı ilə görkəmli yazıçının yubileyi muxtar respublikada geniş qeyd olunur. Bu konfrans Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi ilə əlaqədar tədbirlər planına uyğun olaraq keçirilir.
Diqqətə çatdırılıb ki, Eynəli bəy Sultanov 1866-cı il may ayının 5-də Naxçıvan şəhərində anadan olub. 1882-ci ildə öz evində “Ziyalılar cəmiyyəti” təşkil edərək şəhərin tərəqqipərvər, açıqfikirli adamlarından Paşa ağa Sultanov, Mirzə Cəlil Mirzəyev (Şürbi), Mirzə Ələkbər Xəlilov, Əsəd ağa Kəngərli, Qurbanəli Şərifov, Baxşəli ağa Şahtaxtlı, Nəsrulla Şeyxov və başqalarını həmin cəmiyyətə cəlb edib. Bu cəmiyyətdə dövrün ictimai-siyasi, qadın azadlığı məsələləri müzakirə edilir, yeni məktəblər, kitabxanalar açmaq qərara alınır, elmi-ədəbi mübahisələr aparılırdı. Burada Aleksandr Puşkin, Lev Tolstoy, Belinski, Dobrolyubov kimi görkəmli rus yazıçı və şairlərinin də əsərləri oxunur, tərcümə edilir, xalqı qəflət yuxusundan oyatmaq üçün hər cür səy göstərilirdi.
Vurğulanıb ki, Eynəli bəy Sultanov bədii yaradıcılıq sahəsində də öz istedadını sınayıb. XIX əsrin 80-ci illərindən ədəbi fəaliyyətə başlayan ədibin “Azərbaycan qızı” (“Tatarka”) pyesi Naxçıvanda tamaşaya qoyulub, 1904-cü ildə İrəvanda kitab halında nəşr edilib. Qadın azadlığı məsələsinə həsr edilən bu pyes dövrün ziddiyyətli məqamlarını, qadına olan ögey münasibəti və bu vəziyyətdən çıxış yolunu göstərən dəyərli əsərdir. Eynəli bəy Sultanovun pyes, hekayə və şeirlərində köhnəliyin tənqidi, maarifçi ideyaların təbliği, milli dəyərlərimizin və qədim adət-ənənələrimizin təsviri öz əksini tapıb. O, Naxçıvan folkloru materiallarını da toplayıb, müasiri olduğu yazıçı və şairlərin əsərlərinə məqalə və resenziyalar yazıb.
Bildirilib ki, yazıçı-publisist müxtəlif vaxtlarda ədəbi tərcümə ilə məşğul olub, Mirzə Fətəli Axundzadənin “Molla İbrahimxəlil kimyagər” və “Hacı Qara” komediyalarını, Sədinin “Gülüstan” kitabından nümunələri rus dilinə, Maksim Qorkinin “Həyatdan lövhələr”, Vladimir Mayakovskinin “Bakı” şeirini, Krılovun “Tülkü və üzüm” təmsilini Azərbaycan dilinə tərcümə edib.
Konfransda AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işçisi Elxan Yurdoğlu “Eynəli bəy Sultanovun həyatı və yaradıcılıq yolu”, Naxçıvan Dövlət Universitetinin dosenti İman Cəfərov “Eynəli bəy Sultanov və “Molla Nəsrəddin” ədəbi məktəbi”, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, dosent Əkrəm Hüseynov “Eynəli bəy Sultanov və folklor”, “Naxçıvan” Universitetinin dosenti Nurlana Əliyeva “Eynəli bəy Sultanov Məhəmməd Tağı Sidqinin müasiri kimi” mövzularında məruzələrlə çıxış ediblər.
Nərgiz İsmayılova