YUNESKO 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında aprelin 23-nü Ümumdünya Kitab və Müəllif Hüquqları Günü elan etmişdir.
Kitab yarandığı gündən uzun bir tarixi yol keçməklə bəşəriyyətin inkişafında mühüm rol oynamışdır. Kitabın yaranması həm də müəlliflik hüququ ilə bağlı mühüm anlayışın meydana çıxmasına səbəb olmuşdur. Azərbaycanda müəllif hüququnun dəyərli səhifələri olan qədim əlyazmalar həm də tarixin dərinliklərindən gələn yazı mədəniyyətimizin göstəricisidir. Xalqımızın yaratdığı qədim şifahi xalq ədəbiyyatı nümunələri ilkin dövrlərdə ağızdan-ağıza keçərək yaşadılmış, sonralar isə daş, ağac, gil, dəri, kağız üzərinə köçürülərək zəmanəmizə qədər gəlib çatmışdır. Orta əsrlərdən başlayaraq şairlərimiz öz yaradıcılıqlarında poetik təxəllüslərini qeyd etməklə müəlliflik hüququnun əsasını qoymuşlar. O dövrün böyük ədəbiyyat və elm ustadları olan Xətib Təbrizi, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Nəcməddin Naxçıvani, Hinduşah Naxçıvani, Nəsirəddin Tusi, Qətran Təbrizi, Bəhmənyar və digərlərinin əlyazmaları ölkəmizdən kənarda da böyük şöhrət qazanmışdır. Bu əlyazmalar dünyanın bir sıra ölkələrində bəşəriyyətin nadir sənət incisi kimi qorunub saxlanılır.
Ötən əsrin 70-ci illərindən başlayaraq ümummilli liderimizin rəhbərliyi ilə Azərbaycanda mətbəə və nəşriyyat sahələri yenidən qurulmuş, kitab nəşrinin kütləviliyinin təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, yaradıcı insanlara hərtərəfli qayğı göstərilmişdir. “Azərbaycan xalqının milli sərvəti onun intellektual potensialıdır, mədəniyyəti, ədəbiyyatıdır”, – deyən ulu öndərimiz müstəqillik illərində kitab nəşri və müəlliflik hüququ sahəsində daha geniş və ardıcıl tədbirlər həyata keçirmişdir. 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, 1998-ci ildə “Kitabxana işi haqqında”, 2000-ci ildə “Nəşriyyat işi haqqında”, 2002-ci ildə ‘‘İnteqral sxem topologiyalarının qorunması haqqında”, 2003-cü ildə “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası qanunlarının qəbul olunması bu sahədə zəngin qanunvericilik bazasının yaradılmasına səbəb olmuşdur. Bu işlərin davamı olaraq ölkəmizdə Müəllif Hüquqları Agentliyi yaradılmış, Azərbaycan Respublikası ‘‘Ədəbi-bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyası və “Müəllif hüquqları haqqında” Ümumdünya Konvensiyasına qoşularaq geniş beynəlxalq əməkdaşlığa başlamışdır.
Ulu öndərimiz demişdir: “Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi-ictimai həyatında çox görkəmli yer tutur. Ona görə də hər birimiz kitablara borcluyuq”. Bu gün Azərbaycanda kitab nəşri və kitabxanaların fəaliyyətinin gücləndirilməsi, o cümlədən müəllif hüquqlarının qorunması sahəsində ardıcıl işlər görülür. Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamlar bu işlərin miqyasını daha da genişləndirmişdir. Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi, xalçaları, muğamları, xalq yaradıcılığı, ədəbiyyatı, memarlığı, mədəni irsi haqqında nəşr olunan kitablar, elektron daşıyıcılar zəngin elmi və mədəni potensialımızın dünyada tanıdılması, xalqımızın müəlliflik hüququnun beynəlxalq aləmdə qorunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdir. Görülən işlərin bəhrəsi olaraq xalqımızın zəngin mədəniyyətinin və tarixinin ən gözəl inciləri YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
Xalqımıza Əcəmi Naxçıvani, Bəhruz Kəngərli, Mirzə Cəlil, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Yusif Məmmədəliyev, Əziz Şərif, Məmməd Araz, İslam Səfərli və digər görkəmli yaradıcı şəxsiyyətlər bəxş edən Naxçıvan torpağında əqli mülkiyyət və müəllif hüquqlarının qorunması sahəsindəki zəngin ənənələr bu gün də davam və inkişaf etdirilir. Muxtar respublikada kitab nəşri və müəllif hüquqlarının qorunması cəmiyyətin inkişafı və demokratik dəyərlərin tərkib hissəsi kimi diqqət mərkəzində saxlanılır. Son illər Naxçıvan şəhərində Kitab evinin fəaliyyətə başlaması, Naxçıvan Muxtar Respublika Kitabxanası binasının əsaslı şəkildə yenidən qurulması, elektron kitabxana sistemlərinin yaradılması bu istiqamətdə həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsidir.
Naxçıvan Muxtar Respublikasında təhsil və elm müəssisələrində də kitabxanaların müasir tələblərlə qurulması və maddi-texniki bazasının zənginləşdirilməsi diqqət mərkəzində saxlanılır. 2013-cü ildə Naxçıvan Dövlət Universitetində və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində elektron kitabxanalar istifadəyə verilmiş, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audio və elektron kitabxana sistemi yaradılmışdır. Həmçinin muxtar respublikanın bütün yaşayış məntəqələrində, o cümlədən ucqar dağ kəndlərində zəngin fonda malik kitabxanalar istifadəyə verilmişdir. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün istər Naxçıvan şəhərində, istərsə də ucqar dağ kəndlərində kitabxana işi müasir tələblər səviyyəsində qurulmuşdur. Bu da insanların kitaba olan marağını artırmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğı və himayəsi sayəsində nəşr olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, “Naxçıvan xanlığı”, “Naxçıvan tarixi atlası”, “Naxçıvan folkloru”, “Naxçıvan teatrının salnaməsi”, “Naxçıvan milli geyimləri”, “Gəncliyimiz – gələcəyimiz”, “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Nuh Peyğəmbər, Dünya tufanı və Naxçıvan”, “Naxçıvan tikmələri”, “Uşaqlar və Günəş”, “Naxçıvan mətbəxi”, “Naxçıvan-Şərur el yallıları”, “Naxçıvan tarixi” çoxcildliyi və başqa kitablar tariximizi və milli dəyərlərimizi öyrənmək üçün dəyərli elmi mənbələrdir.
Müasir çap avadanlıqları ilə təchiz edilən nəşriyyatların istifadəyə verilməsi muxtar respublikada kitab nəşrinin sürətləndirilməsinə, yaradıcı insanların azad və maneəsiz fəaliyyətinə hərtərəfli imkanlar açmışdır. Naxçıvanda yaşayan yaradıcı şəxslər bu gün kitab nəşri sarıdan heç bir çətinlik çəkmirlər. Son 10 il ərzində muxtar respublika şair və yazıçılarının 500-ə yaxın kitabı işıq üzü görmüşdür.
Müdriklər əbəs yerə deməyiblər ki, hər bir insanın cəmiyyətdə dəyəri onun oxuduğu kitablarla ölçülür. Kitablar gənc nəslin vətənpərvərlik, torpağa bağlılıq, ləyaqət, mərhəmət, xeyirxahlıq ruhunda tərbiyəsində əvəzsiz xəzinədir. Buna görə də muxtar respublikada yaradıcı insanlara qayğı göstərilir, onların əməyi qiymətləndirilir, müəllif hüquqları qorunur, kitab işi diqqət mərkəzində saxlanılır və mütaliə mədəniyyətinin inkişafı məqsədilə ardıcıl tədbirlər görülür.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti